Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-23 14:27:25
700 bal toplayan tələbə: “Bütün həyatımı elmə sərf etmək, dahi kimi dolaşmaq istəmərəm”- MÜSAHİBƏ

700 bal toplayan tələbə: “Bütün həyatımı elmə sərf etmək, dahi kimi dolaşmaq istəmərəm”- MÜSAHİBƏ

2017-ci ildə keçirilən ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olan Səbinə İsmayılovanın AzEdu.az-a müsahibəsi:

 - Səbinə, ali məktəbə qəbul imtahanında maksimum nəticə göstərməyinizdə oxuduğunuz məktəbin nə kimi rolu olub?

 - 9-cu sinifə qədər Bakı şəhər Yasamal rayonu 286 nömrəli orta məktəbdə təhsil almışam. 9-cu sinifdən Zərifə Əliyeva adına liseyə daxil olmuşam. Lisey mənim üçün əvəzedilməz yerə sahibdir. Liseyin və müəllimlərimin üzərimdə olan zəhməti nəticəsində uğurlu nəticə qazandım.

- Qəbul imtahanına hazırlaşmaq üçün repetitora ehtiyacınız olub? 

- Repetitor yanına 11-ci sinifdə oxuyanda getmişəm. Bu da zərurət hiss etdiyimə görə olmayıb. 11-ci sinifə qədər repetitora ümumiyyətlə, ehtiyac duymamışam. 11-ci sinifdə də sadəcə, əlavə təkan almaq məqsədilə getdim. Bizim liseydə yuxarı siniflərdə dərslər yüksək səviyyədə keçirilir. Şagirdlər imtahana repetitordan da yaxşı hazırlaşdırılır.

 - Niyə məhz Bakı Dövlət Universitetini seçdiniz?

 - Hüquq fakültəsində oxumaq mənim uşaqlıq arzum olub. Bu fakültəyə görə bir neçə universitet seçmə şansım var idi. 11-ci sinifdə oxuya-oxuya Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dərslərində iştirak edirdim. Müəllimlərin sərişdəsinə, peşəkarlığına hədsiz qane oldum. Mənə biliyimi doğru qiymətləndirəcək yer lazım idi. Buna görə də məhz Bakı Dövlət Universitetini seçdim.

 - Amma humanitar istiqamətdə bir çox 700 bal toplayan abituriyent Azərbaycan Diplomatik Akademiyasını seçir...

 - ADA-da Hüquq fakültəsi yoxdur, Dövlət və İctimai münasibətlər fakültəsi var. Eyni zamanda təhsil haqqı kifayət qədər yüksəkdir. - Bir çox müəllim 700 bal toplamaqda şansın böyük rol oynadığını vurğulayır.

 -Bəziləri hesab edir ki, əzbərçiliklə də bu balı toplamaq olar. Bu fikirlərə münasibətiniz necədir?

 - Özümlə 680-670 bal toplayan arasında bir fərq görmürəm. Bu məsələdə şans böyük rol oynayır. Bəzi dostlarımın ballarını şanssızlıq üzündən itirdiklərinin şahidi olmuşam. Bəxt bu dəfə mənim üzümə güldü. Ona görə də 700 bal toplamaqda şans məsələsini danmaq olmaz. Heç kəs deyə bilməz ki, balı toplamışamsa, super istedadlı biriyəm. Amma əzbərçilik məsələsiylə razı deyiləm. Əzbərçinin bildikləri bir müddətə qədərdir. İmtahanda güclü stress yaranır. Bu zaman əgər əzbərçisənsə, bildiklərin yadından çıxacaq. Məncə, bu balı toplamaq üçün əzbərçilik heç də yaxşı üsul deyil. Əzbərləyib getsəydik, bildiklərimizi imtahan həyəcanı səbəbindən unudardıq. Dərin bilikli abituriyent sualın hansı formada düşməsindən asılı olmayaraq, məntiqini işlədərək vəziyyətdən çıxa bilir. Bu əzbərçiliklə mümkün deyil.

- Müşahidələr göstərir ki, I və IV qrup üzrə 700 bal toplayan abituriyentlərin bəzilərinin nitqlərində müəyyən qüsurlar olur. Fikirlərini ifadə etməkdə çətinlik çəkirlər...

 - Qəbul imtahanına hazırlaşdıqları fənlər onları buna vadar edir. Məsələn, mən ədəbiyyatı sevirəm. Amma başqa III qrupa gedən şəxs ola bilsin ki, bu fənni məcburiyyətdən oxuyur. Texniki istiqamətə yönələnlərin isə belə bir məcburiyyəti yoxdur. 80 faizi bu zərurəti özündə hiss etmir. Amma bunu hamıya aid etmək düzgün deyil. Mən öz liseyimdə I qrupa hazırlaşıb bədii ədəbiyyat bilikləri ilə hamını mat qoyan şagirdlər görmüşəm. Hazırda da onların dünyagörüşünə həsəd aparıram. Yəni, yalnızca birtərəfli formalaşmaq istəməyən insanlar da var. Bu gün III qrupa hazırlaşanlar da fizika və kimyadan heç nə oxumurlar və ya oxumaq istəmirlər. Bunlar gələcəkdə hansısa işdə, hansısa tədbirdə fəsadlarını göstərəcək. Ancaq itirilən vaxt geri qayıtmır. - Ədəbiyyatı sevdiyini qeyd etdiniz. Ən çox hansı janrda əsərlərə üstünlük verirsiniz? - Həyatımı bədii kitablarsız təsəvvür edə bilmirəm. Ədəbiyyata hədsiz bağlı insanam. Daha çox dünya ədəbiyyatı oxuyuram. Dedektiv, insan taleyi və elmlə bağlı əsərləri daha çox bəyənirəm. Den Braun, Aqata Kristi, Cek London, bir sözlə dünya ölkələrinin nümayəndələrini oxumağa çalışıram. İmtahanlara hazırlaşan müddətdə də bədii kitablar oxumuşam. Poeziyanı, şeiri də hədsiz çox sevirəm. Özüm də şeirlər yazıram. Esselerim də var.

 - Çox gözəl! Bəs abituriyentlərə hansı müəllifləri oxumağı tövsiyə edirsiniz?

 - Den Braun mütləq oxunmalıdır. Əsərləri insanın dünyagörüşünü formalaşdırır. Onun bir kitabını oxumaq kifayətdir ki, dünya incəsənəti, memarlığı barəsində bir çox əlavə bilik əldə edəsən. İkincisi, dedektiv janrda Aqata Kristinin əsərlərini oxumalarını məsləhət görərdim. Aqata Kristini oxumaq insanda analitik düşüncə yaradır. Müəllifin 2-3 əsərini oxuduqdan sonra insan heç gözləmədiyi anda heç gözləmədiyi insandan zərbə ala biləcəyini öyrənir. Bu insanı gələcək həyata hazırlayır. Hər bir azərbaycanlı gənc mili ədəbiyyata önəm verməlidir. “Mən milli ədəbiyyat oxumuram”, “dilini sevmirəm” deyə bir şey yoxdur. Kimliyindən asılı olmayaraq hər kəs milli ədəbiyyat oxumalıdır. Elmi araşdırmalar, elmi kəşflər barədə kitablar da oxunmalıdır. Herbert Uellsin “Zaman maşını”, “Görünməz adam” əsərləri mükəmməldir. 

 -Bu sualın cavabı bir çox abituriyentə maraqlıdır. 700 bal toplamağın sirri nədir?

  - 700 bal toplamağın sirri zəhmət, əzmdir. Abituriyentlərə məsləhətim budur ki, hər şeyi 9-10-11-ci siniflərə saxlamasınlar. Uşaqlar 1-ci sinifdən etibarən qarşısına məqsəd qoymalıdır ki, məni qarşıda maneələrlə dolu 11 illik yol gözləyir. 11-ci sinifdə isə daha böyük məsuliyyət hiss etmək lazımdır. Qəbul imtahanına hazırlaşmaq robot olmaq, özünü ətraf aləmdən, dostlarınla vaxt keçirməkdən, hobbilərindən təcrid etmək demək deyil. Çünki insan birtərəfli formalaşa bilməz. Yalnız savadlı yox, dünyagörüşlü də olmaq lazımdır. Mən qəbul imtahanına hazırlaşıramsa, evdən çölə çıxmamalıyam, gecə-gündüz oxumalıyam fikri yanlışdır.

 - Gələcəkdə hüququn hansı sahəsi üzrə çalışmağı düşünürsünüz? 

 -Cinayət hüququ üzrə çalışmayacam. Cinayət, məhkəmə xarakterimə uyğun deyil. Mən daha çox kommersiya, bank hüququ və insanların bilmədiyi yeni hüquq sahələri üzrə mütəxəssis kimi yetişmək istəyirəm. Bəzi hüquq sahələrinə daha çox tələbat var, amma insanlar bunu bilmir. Məsələn, dəniz hüququ. Bəlkə də gələcəkdə cinayət hüququna dair fənlər keçəndə fikirlərim dəyişəcək. Amma yaxın gələcəkdə cinayət hüququ sahəsinə yönəlmək fikrim yoxdur.

 - Qeyd etdiniz ki, yeni hüquq sahələrindən biri də dəniz hüququdur. Sizcə, Azərbaycanda bu sahədə keyfiyyətli təhsil verə biləcək mütəxəssislər varmı?

 - Elə hüquq sahələri var ki, onlar, yalnız Bakı Dövlət Universitetinin magistr pilləsində keçirilir. İnsan hüquqları haqda UNESCO kafedrası da Azərbaycanda, yalnız Bakı Dövlət Universitetindədir. İnsanların maraqlarını təmin edə biləcək sahələr çoxdur. Məsələn, dəniz hüququna tələbat, bu sahədə təcrübəli hüquqşünaslara ehtiyac hiss olundu. Bakı Dövlət Universiteti magistr pilləsində həmin fənnin tədrisi ilə bağlı uğurlu addım atdı. Azərbaycanda, artıq bu sahədə mütəxəssislər mövcuddur.

 

- Maksimum nəticə göstərdiyinizə görə təhsil aldığınız ali təhsil ocağında sizin üçün hansı üstünlüklər yaradılıb?

 - 700 bal topladığıma görə imtiyaz əldə etmək istəmərəm. Düzü, indi də auditoriyada müəllimlərə nəticəmi demirəm. Təsadüfi hallarda öyrənirlər. Çünki istəyirəm ki, nəyə cavab vermişəmsə, ona uyğun da qiymət alım. Burada təhsil alan hər kəs savadlıdır. Hər kəs mübarizə aparır. Gələcəyin hüquqşünası kimi heç kimin haqqını tapdalaya bilməzsən. Mən 700 bal toplamışam deyə, 605 bal toplayan tələbənin haqqına girə bilmərəm. Ədalətli mübarizə, sağlam rəqabət olmalıdır. 

 -Orta məktəb mühiti ilə, ali məktəb mühiti arasında kəskin fərqlər var. Bu baxımdan universitet həyatınızda nələri dəyişdi?

 - Təbii ki, orta məktəblə universitet eyni deyil. Çünki biz də böyüyürük və böyüdükcə məsuliyyətimiz daha da artır. Ali məktəbin müəllimləri də orta məktəb müəllimlərinə bənzəmir. Orta məktəb müəllimləri daha nəvazişlidir. Böyüdükcə məqsədimiz də dəyişir. Məsələn, indi daxil olacağımız bir universitet yoxdur. Hazırda həyata addımlarımızı atırıq. Mühit olaraq orta məktəb uşaq şıltaqlığı dövrü idi. İndi isə yetkinlik çağı başlayıb. Şəxsən öz adıma deyirəm ki, ali məktəbdə də uşaqlığımdan heç nə əskiltməmişəm. Bu şıltaqlığı həmişə bir tərəfdə saxlamaq lazımdır. 

 -Səbinə, ali məktəbdə dərslərini necə oxuyursunuz? Qış imtahan sessiyasını hansı qiymətlərlə başa vurdunuz?

 - Əlaçı və prezident təqaüdçüsüyəm. Təqaüdümü birinci semestr qorumuşam. Düşünürəm ki, 2-ci semestr də qoruya biləcəm. Sözün əsl mənasında gecə-gündüz oxuyuruq. Müəllimlərimiz də biliyimizi lazımınca qiymətləndirirlər. Növbəti ildən təhsilimi SABAH qruplarında davam etdirməyi düşünürəm.

 - Orta məktəbdə oxuyanda gələcəkdə 700 bal toplamaq barədə düşünürdünüzmü?

 - Bəli, qarşıma məqsəd qoymuşdum. 700 bal toplayanlara baxırdım və niyə də yox deyirdim. Qəbul imtahanında iki dəfə iştirak hüququ veriləndə materialı tam bitirməmişdik. İlk imtahanda istədiyim balı toplaya bilməyəcəyimi düşündüm. Amma elə ilk imtahandan bu nəticəni əldə etdim.

 - Bir çox xarici ölkələrdə qeyri-adi istedada, intellektə malik gənclər uşaqlıqdan xüsusi mütəxəssislər kimi yetişdirilir. Siz bu cür metodika ilə formaşmaq istərdinizmi?

 - Gələcəkdə kim olması insanın özündən asılıdır. Dahi olmaq doğuşdan gələn bir şeydir. Biri var istedadlı şəxs, biri var bacarıqlı şəxs. İstedadlı olmaq doğuşdan gəlir. Bacarıq isə sonradan qazanılır. Mən bütün həyatımı elmə sərf etmək, dahi kimi dolaşmaq istəmərəm. Həyatda birtərəfli savad əldə etməkdən başqa şeylər də var. Ola bilər ki, qəbul imtahanına hazırlaşanda dərslərə gecə-gündüz oxuyanlardan daha az vaxt sərf etmişəm. Bütün gün robot kimi dərs oxumaq istəmərəm. 125 sualı öyrənməyim mənə kifayət deyil. Gələcəkdə məndən universitetə neçə balla daxil olduğumu soruşmayacaqlar. Daha dünyagörüşlü biriylə oturub söhbət edəndə o mənim balımı bilməyəcək. Ancaq mənim danışıq tərzimdən, mənim fikirlərimdən necə bir insan olduğumu anlayacaq.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları