Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-05 16:20:00
Baba mirasını satıb, Almaniyada şirkət quran Orxan : “Diplomumu alıb, atama verdim”-MÜSAHİBƏ

Orxan Əhmədov: “Universitetdən qovulmaqla üz-üzə qaldığım halların sayı hesabı yoxdur”

Hazırda dünyada məşhur iş adamlarından bir çoxunun təhsil həyatına nəzər saldıqda onların dərslərində o qədər də uğur qazanmadıqlarının şahidi oluruq.

Dünya brendinə çevrilən “Apple” şirkətinin yaradıcısı Stiv Jobs və “Microsoft”  şirkətinin qurucusu Bill Qeyts bu biznesmenlərdən sadəcə bir neçəsidir.

Müsahibimiz Orxan Əhmədov da təhsil həyatında uğursuzluğa düçar olsa da, şəxsi biznesini qurmaq və kofe brendi yarada bilmək baxımından son günlərdə mediada adından bəhs etdirməyi bacarıb.

ARAYIŞ: Orxan Əhmədov 1990-cı ildə Bakıda anadan olub. 27 nömrəli məktəbi bitirdikdən sonra, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Almaniyada magistr dərəcəsi üzrə isə təhsil alıb.

İxtisasını sevmədiyindən bu sahədə fəaliyyətini davam etdirmir və babasından ona miras qalan evini sataraq, şəxsi biznesini qurur.

“Ormado” Kaffeehaus adlanan şirkət hazırda həm Berlində, həm də Bakıda fəaliyyət göstərir.

AzEdu.az gənc sahibkar Orxan Əhmədovla müsahibəni təqdim edir:

-Bakıda 27 nömrəli məktəbi bitirmisiniz. Bir az uşaqlığınızdan, məktəb xatirələrinizdən bəhs edərdiniz...

-Məktəblə bağlı o qədər də çox xatirəm yoxdur. Fənləri elə də yaxşı oxumamışam. Riyaziyyat və  xarici dillərə həddindən artıq maraq göstərmişəm. Amma digər fənlərə, ümumiyyətlə, həvəsim olmayıb.

-Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə neçə balla qəbul olmusunuz? Buradakı təhsil sizi qane edibmi?

-Hüquq fakültəsinə ən minimal balla daxil olmuşdum. Səhv etmirəmsə, 420 bal toplamışdım və bəxtim gətirmişdi. Universitetdə də yaxşı oxumamışam. Məktəbdə oxuyanda sistemdə işləmək kimi fikirlərim olsa da, ali məktəbə daxil olandan sonra  həvəsim tamamilə itdi. Universitetin bitməsini və bizneslə məşğul olmağı səbirsizliklə gözləyirdim.

Səmimi ETİRAF: “Əksər fənlərdən “3” qiyməti almışam”

- Biznes qurmaq üçün evinizi satdığınızı qeyd etmisiniz. Amma hər insanın satmağa evi olmaya bilər. Bu mənada, sıfırdan başlayan şəxsin biznes qurması nə dərəcədə realdır?

-Babamdan mənə miras qalan evi satmışam. Yalnız pullu adamın bizneslə məşğul ola bilməsi kimi fikirlər yanlışdır. Evi “x” qiymətinə satıb, həmin pulu 6-7 dəfə artırmışam. Kasıb da özünə uyğun illər ərzində pulunu  6-7 dəfə artıra bilər. Uğur budur. Uğur konkret summa deyil ki, onun dəqiq rəqəmi olsun. Əlindəki 1 manatı 7 manata, 10 min manatı 70 min manata  çevirə bilirsənsə, deməli, nailiyyət qazanmısan. Kasıb ailənin uşağı olaraq mini market açsaydım və 5 mini 35 minə çevirsəydim, yenə də uğurlu biznesmen hesab olunardım. Ona görə də biznesdə kasıb-varlı deyə ayrıseçkilik yoxdur. Mən də kiməsə görə kasıb, kiməsə görə isə çox varlıyam. İnsana sadəcə, istək lazımdır.

-Valideynlərinizin sizi hüquqa yönəltdiyini qeyd etdiniz. Onların sizi bu istiqamətə yönləndirməkdə əsas məqsədləri nə olub?

-Valideynlərim hüquqşünas olmağımı digər Azərbaycan valideynləri kimi “old mined” (köhnə fikirli)düşüncədə olduqlarına görə istəyiblər. Onlara görə ən yaxşısı stabil, yəni risksiz işinin olmağıdır. Bu da insanların yaxşı mənada qorxaqlığından irəli gəlir. Pul qazanılan yerdə həmişə risk olur. Onlar məni sevdiklərindən riskə getməyimə razı olmayıblar.

-Qeyd etdiniz ki, təhsil həyatınız o qədər də parlaq olmayıb. Hansısa fəndən “2” aldığınız, məktəb və universitetdən qovulmaqla üz-üzə qaldığınız hallar yaşanıbmı?

-Universitetdən qovulmaqla üz-üzə qaldığım halların sayı-hesabı yoxdur. Hər semestrın sonunda bunu yaşayırdım və kəsirlərim üst-üstə yığılırdı. Bizdə maksimum 50 qaib limiti  var idi. Necə olurdusa, ya 49 qaiblə şansım gətirirdi, ya 51qaiblə əhf olunurdum. Bir sözlə, universitet həyatım biabırçılıq olub. Əksər fənlərdən “3” almışam. İstəsəydim, təhsil həyatımda uğur qazana bilərdim. Qarşıma məqsəd qoyaraq, imtahandan yüksək nəticə göstərdiyim də olub. Sadəcə, sistemdən narazı idim və bütün dərsləri əzbərləməyim tələb olunurdu. Dərslər mənə məntiqli gəlmədiyinə görə də oxumurdum.

DİQQƏT!: Almaniya və Azərbaycan bir planetdə olan 2 ölkəyə bənzəmir”

-Berlin və təhsil - Bu  tezisdən yararlanaraq burada təhsil almaq istəyən gənclərə nələri məsləhət görərdiniz?

-Gənclərə məsləhətim odur ki, istədikləri fakültəyə daxil olmayana kimi oxumasınlar. Çünki qarşılarına çətinlik çıxan kimi usanacaqlar. Çətinlik də hər işdə var. İşinə marağın varsa, bütün problemləri həll edə bilirsən.

Berlin təhlükəli şəhərdir. Burada azərbaycanlı düşüncələri ilə böyük səhvlər etmək olar. Mühit tamamilə başqadır, insanların zövqləri müxtəlifdir. Şəhərdə hansısa işlə məşğul olmaq istəyirsənsə, bir müddət monitorinq etmək və o sahədə çalışmaq faydalıdır. Orada hüquq oxuyub Bakıda hüquqşünas ola bilməzsiniz. Almaniya və Azərbaycan bir planetdə olan 2 ölkəyə bənzəmirlər. Ona görə də ehtiyatlı olsunlar. Dünyanın Berlindən başqa bir çox şəhərlərində olmuşam, amma Berlin çox fərqli yerdir.

“Diqqətimi işə o qədər yönəltmişəm ki, sosial şəbəkələrdə izləyicilərimin arasında qızların artıb-artmadığının fərqinə varmıram”

-Niyə məhz kofe brendi yaratmaq fikrinə düşdünüz?

-Kofe işinə çox pul olduğuna və ya asan başa gəldiyinə görə başlamamışam. Sadəcə, bu sahəyə özümün hədsiz  marağım var idi.

-Bəlli məsələdir ki, sahibkarlıqla məşğul olmaq istəyib, maddi cəhətdən sıxıntı yaşayan istedadlı gənclərimiz çoxdur. Sizcə, onların ən böyük səhvi nədir?

-Gənclərin səhvləri istəmədikləri işlə məşğul olmalarıdır.  Eyni zamanda hansısa işdə bunu eləyə bilmərəm, bunu eləmək üçün mənə pul və  ya “day-day” lazımdır deyə düşünmələridir. İnsan hər şeyi edə biləcəyini dərk etsə, mümkün deyil ki, o işdə uğur qazanmasın. Uğur 1 milyon avro qazanmaq deyil. Uğur əlində olan pulu daha yüksək pula çevirə bilməkdir. O iş səni xoşbəxt edirsə, vaxtını saymırsansa, bu uğurdur. Onların səhvi məhz budur.

-Gənc biznesmensiniz. Səmimi olaq, sahibkar olduqdan sonra ətrafınızdakı qızların sayında artım var?

-İnstagram və Feysbukda izləyicilərimin sayı çoxalır. Sözün düzü, çox da fikir vermirəm. Diqqətimi işimə o qədər yönəltmişəm ki, artımın  fərqinə varmıram. Həyatımda ən vacib şey işimdir. Başqa məsələlər hələki məni maraqlandırmır. İstirahətimə belə az vaxt ayırıram. Dostlarım onlarla vaxt keçirmədiyimə görə məndən inciyirlər.

Ritorik sual: “Müdir olaraq, işçidən nəsə xahiş edəndə  özünüzü onun yerinə qoyub, düşünmək lazımdır ki, mənlə belə davranılsaydı, necə olardı?”

-Nəhəng şirkətlərin uğur qazanmasında əsas səbəb kimi rəhbərliyin işçiyə həddindən artıq dəyər verməsi göstərilir. Bəs siz, işçilərinizlə necə davranırsınız?

-İşçilərimlə davranarkən yeganə qanuna riayət etməyə çalışıram. Onlarda nəsə artıq bir şey istəyəndə əvəzində hökmən bonus verirəm. Heç vaxt unutmuram ki, mən filan işçimdən artıq hər hansı işi görməyini istədim. Hər gələn işçimə sualım işin ürəyincə olub-olmadığı olur. Şəxsin işini sevmədiyini hiss edəndə çalışıram, onu işə götürməyim. Heç kimin istəmədiyi işlə məşğul olmasını istəmirəm. Bu zaman işin heç bir keyfiyyəti olmur.

-Berlindəki işçiləriniz azərbaycanlılardır, yoxsa almanlar?

-İşçilərimin demək olar ki, hamısı almandır. Azərbaycanlı bir işçimlə başqa səbəblərə görə 10 gün sonra yollarımızı ayırmışıq.

- Kollektivin motivasiyasını artırmaq üçün xüsusi nələrsə edirsiniz? Ən əsası işçiləriniz sizi sevirmi?

-İşçilərim məni həddindən artıq çox sevir. Hamıyla ədalətli davranmağa çalışıram.

Yaxşı müdir olmaq üçün birinci özün işçi olmalısan ki, qarşındakını başa düşəsən. Müdir olaraq hər insandan nəsə xahiş edəndə düşünmək lazımdır ki, mənlə belə davranılsaydı, necə olardı? İşçilərimə həddindən artıq bonuslar verirəm. Ayın sonunda nəticələr yaxşıdırsa, bunun da bonusu ayrıca olur. Kameranı yoxlayıram. Çalışıram onlara hər şeyi gördüyünü göstərim. Əlavə xidmət göstərdinsə, hansısa  müştərini gülərüz yola saldınsa, elə bilmə ki, bunlar dəyərləndirilmir.

-4 il BDU-da Hüquq fakültəsində təhsil almısınız. Maraqlıdır, həmin 4 ildə əldə etdiyiniz bilgilərdən, müəllimlərin sizə öyrətdiklərindən indi hər hansı sahədə yararlanırsınızmı?

-BDU-da 4 ildə öyrəndiyim heç bir şeyi bu gün istifadə etmirəm. Bəlkə də dünya standartları ilə bağlı hüquqi biliklərim mənə müəyyən mənada kömək edə bilərdi. Amma Almaniyada qaydalar tamam başqa olduğundan, bu biliklər də mənə kömək etmir.

-Valideynlərinin israrına baxmayaraq xəyallarını gərçəkləşdirmək istəyən gənclərə nələri tövsiyə edərdiniz?

 -Valideynlərin sözünə həmişə qulaq asmaq lazımdır. Onlar bizim yaxşılığımızı istəyirlər. Sadəcə, reallığı nəzərə almaq lazımdır ki, valideyn mənə dediyini hissləriyləmi, yoxsa düşüncələriyləmi deyib. Valideynin hissləriylə verdiyi məsləhətləri həmişə tətbiq etməyə bilərsən. Onlar sizi çox istədiklərindən səhv istiqamətə yönləndirə bilərlər. Valideynlərimə heç vaxt “sizin dediyinizi etməyəcəyəm” deməmişəm. Məndən kimsə nümunə götürüb evini satarsa, bu səhv addım olar.

-Sahibkar kimi ilk pulunuzu qazanmağa başlayanda hansı hissləri keçirdiniz?

-İlk pulumu qazanmaq çox xoş hiss idi. Düşünmüşdüm ki, birinci ayımın maaşını atamla xalama verim. Xalam məni məcburən Berlinə yollamışdı. Atam da maddi dəstəkçim idi. Lakin hər ikisi bunu qəbul etmədilər.

Bu günə kimi dəqiqliklə hər ay nə qədər qazandığımı hesablayıram. Bəzən 2-3 saat artıq vaxtım getsə də, düzgün hesablama aparıram. Pul həmin vaxta dəymir, amma özümə maraqlı olur. Halbuki mənə istirahət etməyin lazım olduğunu deyirlər. Bir sözlə, işimdən ləzzət alıram. Restorana belə uşaqlarla gedəndə vərəq, qələm həmişə maşında olur.

-Kofe sevməyənlərə bu içkini necə sevdirirsiniz?

-Kafeni tikəndə mümkün qədər geniş müştəri kütləsini əhatə etməyi düşünmüşdüm. Kofeinsiz, spirtli, viskili, eyni zamanda hamilə qadınlar üçün kofelərimiz var. Elə menyu qurmuşam ki, hər kəsin damaq dadına uyğun gəlsin və zövq oxşasın.

-Kafe Bakıda “Tarqovu” adlanan ərazidə - Nizami küçəsində- yerləşir. Məlum məsələdir ki, burda yerləşən restoranlarda qiymətlər bir qədər yüksək olur. “Ormado” Kaffeehausda qiymətlər necə dəyişir?

-Qiymətlər Berlindəkindən daha ucuzdur. Azərbaycanın iqtisadiyyatı, Berlindən fərqlənir. Lakin tələbə üçün də kofelərimiz var. Çalışmışam ki, cəmiyyətin bütün nümayəndələri buraya gələ bilsin.

Təhsilimi qətiyyən davam etdirmək istəmirəm”

-Təhsilinizi davam etdirmək fikriniz varmı? Biznes sahəsi üzrə təhsil almağı düşünmüsünüz?

-Təhsilimi qətiyyən davam etdirmək istəmirəm. Diplomu alandan sonra atama vermişəm.

Hazırda isə biznes təhsili alıram. Təlimçilərin məşqlərinə gedirəm və seminarlara külli miqdarda  pullar verirəm. O pulları beynimə investisiya etdiyimi düşünürəm. Biznes təlimçilərinin çıxışları olanda bütün işlərimi atıb neçəyə başa gəlməsindən asılı olmayaraq seminarlara qatılıram. Onların bahalı disklərini alıb, maşında dinləyirəm. Bu da gənclərə məsləhətim olardı ki, işlərində təkmilləşmiş insanların məsləhətlərinə qulaq assınlar. Təəssüf ki, kitaba marağım olmayıb deyə ancaq dinləməyi seçirəm.

-Yəqin ki,  bir neçə dili mükəmməl bilirsiniz...

-Alman, ingilis və rus dillərini yaxşı bilirəm. Çalışıram, əlimdən gəldiyi qədər dilimizi unutmayım. Valideynlərimlə tez-tez danışıram. Əvvəl azərbaycanlı əhatə toplamağım çətin idi. Bakıda kafe açıldığına və burayla tez-tez danışdığıma görə dilimin yadımdan çıxmayacağına sevinirəm. Ən böyük arzularımdan biri doğma vətənimdə kafemin açılmağı idi. Çünki xaricdə yaşayan azərbaycanlıların çoxundan vətənlə əlaqələrinin kəsildiyi eşidirəm.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları