Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-06 09:06:00
Deputat: “Lerikdən hansı gənc 700 bal toplasa, ona xarici maşın hədiyyə edəcəyik” - MÜSAHİBƏ

Iqbal Məmmədov “Atam bilsə ki, donuz fermam var, heç məni evə də buraxmaz”

  “Rövnəq Abdullayevlə Qorxmaz Hüseynov həmişə qabları mənə yuduzdururdu”

 AzEdu.az xəbər verir ki, 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov Modern.az saytınageniş müsahibə verib.

 Qeyd edək ki, bu, İqbal Məmmədovun mətbuata ilk belə geniş müsahibəsidir. İqbal Məmmədov müsahibədən öncə bizə deyirdi ki, çox çətinliklər çəkib, bunları dilə gətirərkən isə bəzən xəyallara daldığını görürdük. Elə müsahibəyə də keçmişi ilə bağlı sual verərək giriş edirik.

- İqbal müəllim, müsahibədən öncəki söhbətlərinizdən hiss etdik ki, keçmişi tez-tez yada salırsınız. Bunun xüsusi bir səbəbimi var?

 - Keçmişi unudan insan qarşıdakı hədəflərə heç zaman nail ola bilməz. Çox şükürlər olsun ki, hər bir dövrü gördük. Sovet dövrünü də, müstəqillik dövrünü də. Mən Azərbaycanın ən ucqar rayonlarından birində - Lerikdə anadan olmuşam. Məktəbi orada bitirmişəm.

Məktəbi qurtardıqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşam. Tələbə vaxtlarımda maddi imkan o qədər də yaxşı olmadığı üçün gecələr də işləyirdim. Mənim ilk biznesim də oradan başlayıb. Gecələr çörək dükanında gözətçi kimi çalışırdım.

O zamanlar çörək fabriklərindən gələn çörəkləri boşaldırdıq. İnstitutu oxuyarkən kirayədə qalmağa imkan olmadığı üçün Binədə xalamgildə qalırdım. Orada istixanalar var idi. Sovet dövründə orada məhsullar yetişdirilirdi, amma onların satışına məhdudiyyətlər var idi.

Qadağalara baxmayaraq, yetişdirilən güllərdən götürüb satırdım. Bacımgil Xarkovda yaşayırdı, mən dayı olmuşdum. Anamı da götürüb Xarkova getdim. Özümüzlə bir çamadan da gül apardıq. Mən bilmədim, həmin gülləri bir vanna dolu suyun içinə atdım. Gülün birini 30 qəpikdən almışdıq, onu 80 qəpikdən yerindəcə məndən aldılar. Çox sevindim, gördüm ki, yaxşı bir şeydir.

İkinci dəfə iki qutu da gül apardım. Tələbə olduğum üçün altıncı günlər gedirdim, səhərisi də qayıdırdım.

Bu minvalla davam etdim. Mən institutu bitirəndən sonra Neft Daşlarına təyinat aldım. Neft Daşlarında 15 gün işləyirdim. Digər 15 günü isə bekar olurdum. Sonra SSRİ dağıldı, insanlar kommersiya ilə məşğul olmağa başladılar. Kiçik kooperativlər yaradıldı, mən də dövlət işində işləyə-işləyə qardaşım tərəfindən kommersiya şirkəti yaradıldı.

Biz də əl-ələ verib işləməyə başladıq. 1995-ci ildə dövlət işindən çıxdım. O vaxt neft müqavilələri bağlananda düşündük ki, neftin ən qorxduğu şey yanğındır. Azərbaycanda da yanğınsöndürən avadanlıqlar yox idi. İlk istehsalımız yanğınsöndürən avadanlıqları oldu.

Türkiyədən özümüzə həmkar tapdıq. Onlar bizə borc kimi bir maşın yanğınsöndürən avadanlıq  göndərdilər. Biz də onları satdıq, bundan sonra türklərin etimadını qazandıq. Mən onlara sübut edə bildim ki, burada da müəssisə yaratmaq olar. Beləliklə, Türkiyə-Azərbaycan müştərək müəssisəsi yaratdıq.

Axırda bu gün “Kaspi Yıldız” adlı şirkəti ərsəyə gətirdik. Təsisçisi mən olmuşam. Bu gün o zavodda 120 insan çalışır. 2010-cu ildə deputat seçildikdən sonra zavodu bütövlükdə qardaşıma dövr etdim.

2004-cü ildə cənab Prezident tərəfindən regionların inkişaf proqramı hazırlandı. Regionların inkişafı ilə bağlı ilk dəfə olaraq 5 nəfərə “Tərəqqi” medalı verildi. Onlardan biri də mən idim.

2002-ci ildə Prezident yanında Sahibkarlar Şurası yaradılmışdı, onun 25 üzvündən biri də mən olmuşam. Regionların inkişaf proqramlarına görə, qarşımıza tələb qoyulmuşdu ki, bölgələrdə iş yerləri açaq.

O zaman Lənkəran-Lerik yolunun çəkilməsi üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Qum, çınqıl İmişlidən, Siyəzəndən daşınırdı. Biz ilk sərmayəmizi bu sahəyə qoyduq. 40-a yaxın iş yeri oldu. Sonra kərpic sexi yaratdıq. Gördük ki, Lənkəran-Lerik yolunun üstündə normal səviyyəli yeməkxana, kafe yoxdur.

Cənab Prezident mənə “Tərəqqi” medalı verdikdən sonra, rayonla ilgilənməyə başladıq. İşıq, qaz, su problemləri həll olunurdu. Azərbaycanın ən gözəl yerlərindən biri olan Lerikə sərmayə qoyduq, “Relax” istirahət mərkəzini tikməklə turist cəlb etdik.

- Səmimi danışaq, bu gün necə, biznesiniz varmı? 

Bunu inkar etsəm, düz olmaz. Mən bayaq dediyim şirkətin təsisçisiyəm. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik. Bu gün də təsisçi kimi qalıram. Amma onun işlətməsi ilə məşğul olmuram.

- Qanunvericiliyə görə, deputat biznes fəaliyyəti ilə məşğul ola bilməz. İndi dediyinizdən belə nəticə çıxarmaq olarmı ki, İqbal Məmmədov biznesindən imtina etməyib?

- Bizneslə məşğul deyiləm. 2010-cu ildə işlətməciliyi başqasına dövr etmişəm. Amma inkar etmirəm ki, mənim bu gün də həmin şirkətdə məsləhətlərim var. İqtisadiyyat üzrə fəlsəfə doktoruyam. Dünyagörüşüm iqtisadiyyata əsaslanır. Qardaşıma hər gün məsləhətlər verirəm.

Çox sevinirəm ki, o da iqtisadçı olduğu üçün yaxşı işləyir. Ona tövsiyəm bu olub ki, istehsalatla məşğul olsun! Deputat olduğuma görə isə bütün əmlakımdan keçəsi deyiləm. O şirkətdən illik mənfəət çıxarılırsa, ondan gəlir mənə çata bilər. Bundan kim imtina edə bilər ki?!

 

- Biznesdə uğurlu olmanızdan danışdınız. Bəs deputat fəaliyyətində də özünüzü uğurlu hesab edirsiniz? 

Gözəl sualdır. Siyasətlə iqtisadiyyat bir-birinə bağlıdır. Siyasətin özü iqtisadiyyatdan asılıdır. İqtisadiyyatı güclü olan ölkənin siyasəti də güclü olur. Bu, reallıqdır. Vaxtı ilə, 1990-cı illərdə xarici ölkələrə gedəndə bizi o qədər də saymırdılar. Bizimlə müqavilə bağlamağa belə çəkinirdilər. Amma 2008-2009-cu ildə xaricə gedəndə hamı bizimlə iş görmək istəyirdi.

Özümü biznesmen yox, iqtisadçı sayıram. Çünki uğurlarım iqtisadi savadıma görədir. Amma şans da böyük rol oynayır. Allaha çox şükür edirəm ki, mənə bu şansı verib.

Ola bilər ki, bir çox deputat həmkarımdan fərqli olaraq natiq deyiləm. Ancaq özümü deputat kimi də uğurlu hesab edirəm. Lerikdə sorğu aparsanız, görərsiniz ki, məni deputat kimi necə qiymətləndirirlər. Mən seçicilərimə hansı sözlər vermişəmsə, ona cənab Prezidentin apardığı siyasət nəticəsində əməl etmişəm.

- Ancaq sizin Lerikdə seçicilərlə görüşmədiyiniz haqda mətbuatda yazılır. Qeyd olunur ki, siz Lerikə gedəndə ancaq “Relax”da olursunuz, seçicilərinizi qəbul etmirsiniz. Yaxşı, bəs bu məlumatların yayılma səbəbi nədir və qaynağı kimlərdir?

- Mənim 2010-cu ildən Fecebook-da səhifəm açılıb. Ora baxsanız görərsiniz ki, mənim nə qədər səyyar görüşlərim var. O deputatlardan deyiləm ki, icra hakimiyyətlərinə gedib, iclas keçirib geri qayıdım.

Mən Lerikin girişindən düşüb insanlarla görüşürəm, çünki çoxu elə qohumlarım, sinif yoldaşlarımdır. Vəzifə dövlət tərəfindən verilir, deputatları seçicilər seçir. Şəxsiyyət isə insanın özündə formalaşır. Dövlət verdiyini pis işləyərsən, əlindən alar. Seçicin səni seçər, pis olarsan, ikinci dəfə sənə “yox” deyər. Allah var-dövlət verib, ona nəsə olanda infarkt olub ölərsən.

Amma şəxsiyyət həmişə olmalıdır, hər zaman şəxsiyyətin üzərində dayanmışam. Fikirləşmişəm ki, sabah deputat olmayacağam, amma doğum yerim Lerikdir. Lerik sakinlərinin xeyrində, şərində onlarla bir yerdə oluram. İnsan ən azından digərlərini dinləməyi bacarmalıdır. Çünki insanlar sənə ümid edir. Əgər onlara qulaq asmasan, onları qəbul etməsən, bu, ikiqat zərbə olur.

Lerikin icra başçısı Rövşən Bağırovla mənim dostluq münasibətlərim var. Bir dəfə icra başçısı məndən incidi. Seçicilərlə görüşə gedirdik, rayonun vəzifəli şəxsləri də orada idi.

Yığılışdıq, seçicilərlə görüşdük. Mən rayonun vəzifəli şəxslərinin oturduğu cərgədə yox, stulumu götürüb seçicilərin yanında əyləşdim.

Seçicilərimə dedim: “Baxın, bu şəxslər dövlət tərəfindən təyin olunublar, məni isə sizlər seçmişiniz. İndi nə şikayətlər etmisinizsə və həll olunmayıbsa, onları yenidən deyin”.

İcra başçısı mənə dedi ki, bizimlə getdin, amma seçicilərlə əyləşdin. İnsan hər zaman hamı üçün yaxşı ola bilməz.

Bu gün ölkədə İqbal Məmmədovla əlaqəli olmayan məsələləri də mənim adıma bağlayırlar. Haqqımda əsassız yazılar yazılır. Yazılanların isə heç biri leriklilərin yazısı ya da onlardan gələn şikayətlər deyil.

Keçən dəfə Lerikdə xəstə bir adamın adından durub mənim haqda yazıblar. Heç belə şeydən incimirəm də! Əminliklə deyirəm ki, seçicilərimlə çox yüksək səviyyədə əlaqəsi olan deputatlardan biriyəm.

İqbal müəllim, Lerikdə təhsil səviyyəsi qənaətbəxş deyil. İnsanları təhsilə təşviq etmək və daha yüksək nəticələr əldə olunması üçün hansısa stimulverici addımlar atırsınız? 

2010-cu ildə deputat seçiləndə qeyd etdim ki, Lerikdə işıq da, su da, qaz da olacaq. Bununla yanaşı bildirdim ki, təhsil səviyyəsi sıfırdır. Mən dərhal Məleykə Abbaszadəyə məktub yazdım. O zaman Lerikdə ali məktəbə ən yüksək qəbul balı 400 baldan yuxarı olmamışdı. 2010-cu ildə 510 bal toplayan bir gənci çağırdıq. Mənlə icra başçısı bir tədbir təşkil etdik. Biz müəllimlər günündə 510 bal yığan oğlana hədiyyələr, məzunu olduğu məktəbə kompüterlər verdik.

Rusiyada, Bakıda olan iş adamları ilə görüşlər keçirmişdim. Onların hamısından xahiş etmişdim ki, Lerikdən 700 bal toplayan abituriyentə maşın hədiyyə edilsin. Bu gün də o sözümün üstündəyəm ki, Lerik rayonundan kim 700 bal toplasa, ona xarici maşın hədiyyə edəcəyik.

- Avtomobil hədiyyəsinin məsuliyyətini öz üzərinizə götürürsünüz? 

- Bu maşın iş adamları tərəfindən hədiyyə ediləcək. Bu iş adamlarının içərisinə mənim qardaşım da daxildir. Bu, söz verilib. mənim deputat olduğumun ikinci ilində 3 tələbə 600 bal topladı. Bir nəfər 660 balla Tibb Universitetinə daxil oldu.

İş adamları ilə razılaşdıq ki, 650 bala qədər yığanlara kartlar açılsın. Onlara 6 ay müddətində hər ay 50 manat verilirdi. 650-dən 680 bal yığanlara isə 100 manat verilirdi.

Semestrdə 4 dənə 4-ü var idisə, qalanları 5 idisə, bu pulların verilməsi yenə davam edirdi. Bunlar stimuldur ki, uşaqlarda təhsilə meyl artsın. Bu gün 510 balı artıq stimul saymırıq. 2010-cu ildə isə bu, ən böyük stimul hesab olunurdu.

- Son zamanlar bəzi deputatlarla jurnalistlər arasında narazılıqlar artır. Həmin deputatların iddiasına görə, jurnalistlər onların dediklərini təhrif edirlər. 

- Mən də o fikirdə idim. Müəyyən saytlar var ki, mənim haqda araşdırmadan ağıllarına gələni yazırlar. Bəzi jurnalistlər tənqidlə təhqiri səhv salırlar. Tənqid inkişaf, rəqabət, güc deməkdir. Siz jurnalistlər bu gün dövlət məmurunu tənqid edirsinizsə, biz buna sevinirik. Qoy məmurlar səhvlərini düzəltsinlər, bu, inkişaf deməkdir. Təhqir isə mentalitetimizə ziddir. 

Sosial şəbəkələrdən məkrli niyyətlərlə istifadə edən insanlar var. Belələri biz deputatları jurnalistlərdən uzaqlaşdırırlar. Bu yaxınlarda durub guya mənim əmlakımdan yazıblar. Hələ az yazılmışdı. Mən əmlakımı açıqlamaqdan qorxmuram, çünki məmur deyiləm. Nazir oğluyamsa, dədəmdən qalmadırsa, onu yazın, sual edin ki, bu villa haradandır? Villaların var, canın çıxsın birini də kasıb, imkansızlara ver də! Ya da birini oxut!


Mən bir daha vurğulayıram ki, əmlaklarımdan imtina etməmişəm. Amma görün nə yazırlar. Durub yazıblar ki, İqbal Məmmədovun donuz ferması var. Daha bu qədər də olmaz da! Atam bilsə ki, mənim donuz fermam var, heç məni evə də buraxmaz. Durub yazırlar ki, İqbal Məmmədovun İngiltərədə evi var. Bu da tamamilə yalandır.

Xocalı soyqırımı günü yazırlar ki, İqbal Məmmədovun əmlakının siyahısı açıqlanacaq. Ayıbdır vallah, ayıb! Mən nə qazanıramsa, Lerikə sərmayə qoyuram. Gedin baxın ki, Lerikdə nələr etmişəm!

 

- Deputatlar xalqla hakimiyyət arasında körpü rolunu oynayırlar, elə biz jurnalistlər də. Siz qeyd etdiniz ki, jurnalistlər hansısa nazirin, məmurun qanunsuz pullarla tikdirdiyi villalardan yazsınlar, ictimai qınaq olsun. Bəs siz deputat kimi, niyə Milli Məclisdə hər hansı məmurun villasının olması barədə məsələ qaldırmırsınız? 

- Mən onu görməmişəm axı! Durub kiminsə əmlakını saymıram. Bəlkə kiminsə 2 otaqlı evi var – mən onu da görmürəm.

- Ümumiyyətlə, məmurlarla münasibətiniz necədir? 

- Mən vaxtı ilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla bir yataqxanada qalmışam. Təyinatla Neft Daşlarına düşmüşdük. Çox yaxın dostlarıq. Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirənlərdən imkanlılar çox idi, onları yaxşı yerlərə təyin edirdilər.

Bizim kimi adamı olmayanlar isə Neft Daşlarına göndərilirdi. Bu gün hərəsi dövlətdə yüksək vəzifədədir. Mən Lerikdə olan problemləri onlara rahatlıqla danışa bilmişəm.

- Rövnəq Abdullayevlə maraqlı xatirələrinizi danışmağınızı istərdik. 

- Çox sadə adamdır. Uşaqla uşaq, böyüklə böyük kimidir. Rövnəq müəllim SOCAR-ın prezidenti təyin ediləndə Lerikə gəlmişdi. Biz gənclik zamanlarımızda da Lerikə çox gedərdik. Mən də Naxçıvana, onun yaşadığı yerə getmişdim. Rövnəq müəllim gəlib öz sözünü rəhbərliyə çatdırdı. Lerik 2006-cı ildən sonra tamamilə dəyişdi.

Rövnəq müəllimlə çox rayonlara getmişik. O, bəzi məmurlardan fərqli olaraq heç zaman tək yemək yeməz. Rövnəq müəllim, hamını stolun başına yığır.

- Yataqxanada hansı maraqlı anlar yadınızda qalıb? 

- Çilov adasında idik. Bir dəfə güclü külək əsirdi. Rövnəq Abdullayev də estakadada idi, oradan çıxa bilmirdi. Gəmi də ora yaxınlaşa bilmirdi, vertolyot da otura bilmirdi. Onlar da ac idi. Vertolyot uçarkən çörəyi kisə ilə estakadaya atmışdılar. Çox qorxulu idi.

Rövnəq Abdullayevin çox gözəl yoldaşlığı var. Yaxşı yeməklər bişirə bilirdi. Mən həmişə bir şeyə görə Rövnəq Abdullayev və Qorxmaz Hüseynovdan inciyərdim. Mənə qabları yuduzdururdular. Çünki yemək bişirməyi bacarmırdım.

Rövnəq müəllim, kartofu qazana lay-lay qoyurdu, üstünə balıq, üstünə pomidor, onun da üstünə soğan qoyub bişirirdi. O qədər dadlı olurdu ki! Hər kəsə Rövnəq Abdullayev kimi dostun qismət olmasını arzulayıram.

İndi neftçilər, onların sosial durumu üçün əla şərait yaradılıb. Rövnəq müəllim özü də neftçi işləyib deyə, fəhlələrin qeydinə qalır. Çox kövrək adamdır.

- Rövnəq Abdullayevlə hər gün görüşürsünüz? 

- Azərbaycanda olanda hər gün görüşürük. Hər gün səhər tezdən 7-nin yarısında onunla fitnes salonunda idman edirik. Digər dostlarımız da ora gəlir.

- İqbal müəllim, son zamanlar ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. İqtisadçı kimi bu artımın real səbəbini nə ilə izah edərsiniz? 

- Qiymətin süni şəkildə artırılması müvəqqəti bir şeydir. Qiymətə iki şey təsir edir – biri dövlət, bir də bazar. Qiymət qalxırsa, bunu bazar tənzimləyir. Süni qiymət artımının qarşısını almaq üçünsə dövlət tərəfindən tədbirlər görülür. Elə məhsullar var ki, onun qiyməti qalxa bilər. Fərz edək ki, toyuq əti bahalaşır. Bu nə ilə əlaqədardır?

Hesablanır, görülür ki, bunun maya dəyərinin 60-70 faizi yemə gedir. Ancaq Ukraynadan gələn toyuğun qiyməsi ucuzdur. Burada dövlət gömrükdə elə bir qiymət qoyur ki, yerli istehsalçılar rəqabət apara bilsinlər. Bu, həmişə dövlət orqanlarının nəzarətindədir.

Mən də arada ölkədə süni qiymət artımının olduğunu eşidirəm. Bizim evdə yoldaşım bazarlıq edir, mən o qədər də bu məsələ ilə maraqlanmıram. Mən ondan qiymət artımının olduğunu eşitməmişəm. Amma ola da bilər ki, hansısa mağazalar qiymətləri artırırlar.

Qiymət artımının bir səbəbi də rəqabətin olmaması ilə əlaqədardır.

- Hansı anlarda daha çox aqressiv olursunuz və ya hansı məqamda kiməsə əl qaldıra bilərsiniz? 

Əl qaldırmağı deyə bilmərəm. Aqressivliyim isə ədalətsizliklə bağlıdır, ədalətsizliklə barışa bilmirəm.

- Bu sualı ona görə verdik ki, sizin mühafizəçini vurmağınız haqda yazılmışdı. Bu haqda ətraflı danışmağınızı istərdik. 

- Olmuş hadisə idi, amma orada əl qaldırmamışdım. Deməli, 2007-ci ildə bir MTK var idi. Həmin şirkətin şəriklərindən biri özünü asıb, digəri isə türmədədir.

Bu insanlar mənim kimi bəlkə də 500-600 insanı aldatdılar. Mənim orada evim var idi. 2012-ci ildə dedilər ki, bu şəriklər arasında dava düşüb, onlar ayrılırlar. Mənim aldığım evi isə bir neçə nəfərə də satıblarmış. Bir neçə il sonra eşitdim ki, mənim evimdə təmir gedir.

Deməli, özünü asan şərik vaxtı ilə sənədi mənə verib. Özünü asandan sonra o biri şəriki başqa birinə sənəd verir, mənim sənədimi isə cırır. Mən gəldim, dedilər ki, gözlə, şirkətdə korrupsiya faktları yoxlanılır.

Mən yuxarı qalxanda mühafizəçi bizi buraxmadı. Cəlilabaddan bir hacı yoldaş var idi, zəng etdilər o gəldi. Məni yüksək səviyyədə qarşıladı, söhbət etdik. Çıxanda gördük ki, polislər qapının ağzında dayanıb. Çox yaxşı hazırlanmış ssenari idi. Hacı isə mənə “yıxılana balta çalmazlar, söz verirəm ki, o evi mən sənə qaytaracağam” demişdi.

Polislər mənə dedi ki, onlara burada dava düşdüyü barədə məlumat daxil olub. Sən demə bura kim gəlirmişsə, dava düşürmüş. Xətai rayonunun polisləri idi, mənimlə danışıb çıxıb getdilər. Mənim də avtomobilim orada idi. Onun da fotosu çəkilmişdi, sən demə orada jurnalist də olubmuş. Görün necə hazırlanıb!

Mühafizəçi demişdi ki, guya mən ona sillə vurmuşam. Amma elə şey olmamışdı. Mən bir dəfə həmin oğlanın atası ilə görüşdüm. Mənə dedi ki, vurmamışam, guya itələmişəm.

- Həmin evi geri ala bildiniz? 

- Xeyr. Bir arvad var idi, ağlayırdı ki, qəpik-qəpik yığıb ev alıb, indi isə həmin mənzili başqasına satıblar. Mən istədim ki, evi ona bağışlayım, amma bilmirəm ki, daha məsələ nə yerdə qaldı.

- İctimai nəqliyyatdan istifadə edirsiniz? 

- Deputat olmayan vaxtlarım idi. Türkiyədən bir qonağım gəlmişdi, Bakı metrosuna minmək istəyirdi. Biz “Koroğlu” metrostansiyasına gəldik, metroya girdik. Metroya girən kimi bizi polislər saxladı, otağa apardı və yoxlamağa başladılar.

Mən sual etdim ki, niyə məhz bizi saxlayıblar. Dedilər ki, özümüzü şübhəli aparmışıq.

Bir dəfə də, deputat olarkən belə hal yaşamışam. “Neftçilər”dən minmək istədik. Onda da saxladılar. Həmin vaxt da dedilər ki, İqbal müəllim, kameraya baxın, hərəkətlərinizə diqqət edin! (Gülür). İndi də arada metrodan istifadə edirəm. Amma avtobusa minmirəm. 

- İqbal müəllim, neçə qardaşsınız?- Sənədlə 2 qardaş, əslində isə 3 qardaş. Mənim böyük qardaşım Məmmədov Asif Salman oğludur. Mən isə Məmmədov İqbal Nəriman oğlu gedirəm.

Məsələ belə olub. Mənim əmimin 12 uşağı olub, hamısı rəhmət gedib. Məktəb direktoru idi, ziyalı şəxs idi, Allah ona rəhmət eləsin! Əmim həmişə bizə gəlirdi. Böyük qardaşım da buna “yapışır”. Əmim onu özü ilə aparır, övladlığa götürür. İnanırsınız, 10-cu sinfə qədər bilməmişəm ki, Asif mənim qardaşımdır.

Ona o qədər yüksək səviyyədə baxılırdı ki! Məni həmişə göndərərdilər, eşşəklə ot daşıyardım. Onu isə Krıma göndərərdilər. Lerik hara, Krım hara! Özü də mənim bunlara görə böyük qardaşımdan xoşum gəlməzdi. Qardaşım gələndə məhəllə uşaqlarını yığırdım, onu döyürdük. Bizdə də qalmazdı. 

- Gələcəkdə xaricdə yaşamaq istəyərsiniz?- Xeyr, Azərbaycan çox gözəldir. Burada yaşamışam, burada da ölmək istəyirəm.