Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 10:43:41
HƏBSDƏ OLAN MƏKTƏBLİLƏR: Onlar arasında qızlar varmı?

Cəzaçəkmə müəssisələrindəki məktəblilər təhsillərini necə davam etdirirlər?

Hər valideyn övladının gələcəyi ilə bağlı planlar qurur. Bu zaman o, daha çox övladının təhsil almasını arzulayır. Təəssüf ki, bəzən, bu proses əksinə gedir. Ailə övladına dəstək olmur və ailədaxili münaqişələr yeniyetmənin depresiyaya düşməsinə, müəyyən müddətdən sonra isə cinayət törətməsinə səbəb olur.

Azərbaycan qanunvericiliyinə görə uşaqlar azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdirlər. Müstəsna hal kimi uşağın həbs edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda yol verilə bilər. Həbs edildikdə isə bu barədə onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat verilməlidir. Uşaqların hüquq və mənafeləri pozulduqda isə o, müvafiq icra hakimiyyəti orqanlarına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Orta məktəb dövründə olan yeniyetmələrin hansısa cinayəti törətməsi əslində, ailə və ya məktəb sistemində müəyyən boşluqların yarandığından xəbər verir. Hansısa cinayəti törədən və ya çətin tərbiyə olunan yeniyetmələr üçün isə islah əmək düşərgələri fəaliyyət göstərir. Qafqazda ən böyük uşaq həbsxanası Çar Rusiyasının inşa etdirdiyi Zaqatala qalasıdır. Müəssisə 30 il uşaq həbs düşərgəsi kimi fəaliyyət göstərib. Düşərgədə vaxtilə Sovet İttifaqının ayrı-ayrı respublikalarından müxtəlif cinayətlər törədən 1500-dən çox yeniyetmə saxlanılıb. Burada 18 yaşınadək saxlanılan çətin tərbiyə olunan uşaqlar islah əmək işlərinə cəlb olunub. 18 yaşları tamam olduqdan sonra buradan digər həbsxanalara göndəriliblər. Hətta deyilənə görə, bu islah-əmək düşərgəsində məhbəs həyatı keçirənlər arasında hazırda ziyalılar, hətta bir neçə elmlər namizədləri də var. Azərbaycanda da belə yeniyetmələr üçün nəzərdə tutulmuş müəssisələr fəaliyyət göstərir.

Mövzu ilə bağlı AzEDU-ya danışan beynəlxalq hüquq müdafiəçisi Əliməmməd Nuriyev Azərbaycanda 38 məktəblinin islah əmək düşərgəsində olduğunu bildirib:

elimemmed.jpg

“Azərbaycanda məktəbli dedikdə yetkinlik yaşına çatmayan şəxslər nəzərdə tutulur. Hazırda 38 nəfər məktəbli cəzaçəkmə müəssisələrində cəza çəkir. Onlar bu müəssisələrin daxilindəki məktəblərdə təhsil alırlar. Burada həm peşə təhsili, həm də orta təhsil müəssisələri fəaliyyət göstərir. Həmin uşaqların hər biri yazılıb bu məktəblərdə təhsilini davam etdirə bilərlər. Bu, əlbəttə ki, Təhsil Nazirliyinin müəyyənləşdirdiyi proqram əsasında həyata keçirilir. Onların arasında oxuma və yazma bilməyən böyüklər də var. Onlar orta təhsil almayıb, icbari təhsillərini tam başa vurmayıblar”.

O, həm də maraqlı fakt kimi Azərbaycandakı cəzaçəkmə müəssisələrində yetkinlik yaşına çatmayan qızların olmadığını qeyd edib:

“Mən bildiyim qədəri ilə Azərbaycan ümumiyyətlə, cəzaçəkmə müəssisəsində yetkinlik yaşına çatmayan qız yoxdur. 4 saylı cəzaçəkmə müəssisəsi qarışıq rejimlidir. Ola bilər ki cəzalananlar var, amma azadlıqdan məhrum etmə cəzası alan azyaşlı qız yoxdur”.

Ə.Nuriyev cəzaçəkmə müəssisələrindəki yeniyetmələrin əslində, ali təhsil almaq hüququnun olduğunu, amma bununla bağlı heç bir yeniyetmənin müraciət etmədiyini vurğulayıb:

“Qanunvericilik cəzaçəkmə müəssisələrində olan yeniyetmələrin ali təhsil almasını qadağan etmir. Onlar distant təhsil üsullarından istifadə edə bilərlər. Ali məktəbə qəbul ola bilərlər. Amma əlbəttə ki, mexanizmlər yetərincə işləmir. Müəyyən mexanizmlərə ehtiyac var. Biz mütəmadi olaraq cəzaçəkmə müəssisələrində monitorinqlər keçiririk. Onlardan ali məktəbə qəbul olmaqla bağlı hansısa müraciət də olmayıb. Əgər bir insident olsa, əlbəttə ki, buna uyğun olaraq qərarlar qəbul edilib, tədbirlər görülə bilər. Onlar çəzaçəkmə müəssisəsində təhsillə tam təmin olunur. Bütün fənlərdən təhsil ala bilirlər. Əgər özlərini yaxşı aparsalar, onlara müəssisənin əməkdaşlarının nəzarəti altında qısamüddətli məzuniyyət də verilir. Şənbə və bazar günləri çıxıb gəzib yenidən qayıdırlar. Görüşlərin sayı ilə bağlı məsələdə isə məhdudiyyət demək olar ki, yoxdur. Ətraf mühitlə əlaqəsi telefon zəngləri vasitəsilə olur. Yeməklərinə diqqət yetirilir, psixoloqla təmin olunurlar. Yəni onların hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mümkün olan işləri həyata keçirməyə çalışırlar. Müxtəlif teatr və incəsənət xadimlərinin onlarla görüşləri keçirilir. Çalışırıq ki, ətraf mühitlə maksimum əlaqəsi olsun ki, təcrid olunmasınlar və gələcək həyatlarını normal qursunlar. Yeniyetmələr cəzaçəkmə müəssisəsində özlərini yaxşı apararlarsa, hüquqları xeyli genişdir. Əvvəla onlar məhkum adlandırılmır. Bu çox vacib məsələdir. Cəza çəkdikləri yerin adı isə tərbiyə müəssisəsi kimi nəzərdə tutulub. Azərbaycan qanunvericiliyinə görə hətta ən ağır cinayəti törətmiş yeniyetmələrə belə 10 ildən artıq cəza verilmir. Yeniyetmə dedikdə isə 20 yaşa qədər olan şəxslər nəzərdə tutulur. Bu, təbii ki, onlara cəzanın tətbiq edilməsi məsələsində humanist bir yanaşmadır. Cinayətin ağırlıq dərəcəsindən asılı olaraq çalışırıq ki, daha çox azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalar tətbiq edilsin”. Hüquqşünas yeniyetmələrin, təəssüf ki, kriminal aləmə meylli olduqlarını qeyd edib:

“Belə yeniyetmələri cəzaçəkmə müəsssisələrinə göndərmirlər. Onlar tərbiyə müəssisələrində qalırlar. Amma bəzən yetkinlik yaşına çatmayan şəxslər cəzanı tərbiyə müəssisəsində yox, oradan çıxıb cəzaçəkmə müəssisəsində çəkmək istəyirlər. Düzdür, onların sayı çox olmur, 1-2 nəfər olur. Çünki, çox təəssüf ki, yeniyetmələrin bəziləri kriminal aləmə meyilli olur, orada olan qaydalarla yaşamaq istəyirlər. Ola bilsin ki, bu, film və ya kitabların təsiri altındabaş verir. Çalışırıq ki, ümumiyyətlə bu meyl aradan qalxsın”. O, çətin tərbiyə olunan yeniyetmələrin sayının artdığını deyib:

728xauto.jpg

“Belə yeniyetmələrin cəzaçəkmə müəssisələrinə düşməsinin səbəbləri tərbiyə ilə bağlıdır. Bunlar əksəriyyəti ailədaxili münaqişələrin nəticəsidir. Yeniyetmələr ailədəki münaqişələr səbəbindən cinayət törədirlər. Digər səbəb isə əlbəttə ki, narkotik maddələrdir. Amma daha çox məhz şəxsiyyət əleyhinə olan cinayətlərlə bağlı müraciətlər olur. Oğurluq, xəsarət yetirmə və s. Azərbaycanda belə uşaqlar əcnəbi ölkələrlə müqayisədə çox azdır. Hətta deyərdim ki, əvvəllər onların sayı daha az idi. 25 və 26 idi. İndi bir qədər artıb, 38-ə çatıb. Bütün islahatlar ailə və məktəbdən başlanmalıdır. Ailənin məktəblə qarşılıqlı əlaqəsi olmalıdır. Uşaq bilməlidir ki, onun cəzaçəkmə müəssisəsinə düşməsi, gələcək fəaliyyəti üçün bir sıra problemlər yaradacaq. Şagirdlərlə cinayətin nəticələri barədə geniş maarifləndirmə işi aparılmalıdır. Bu vətəndaş cəmiyyətinin əsas vəzifələrindən biri kimi qəbul olunur. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dövlət dəstəyi şurası bu istiqamətdə layihələrə dəstək verib və buna davam edir. Eyni zamanda Ədliyyə Nazirliyi yanında İctimai komisiya var. Biz cəzaçəkmə müəssisələrində görüşlər keçiririk. Onlara hüquq və azadlıqlarını izah edir, çalışırıq ki, cinayətə bir daha yol verməsinlər. Yəni onlarla çox işlər görülür. Yeni üsullar metodlar var ki, onlara diqqət daha da artırılmalıdır”.

Məsələni psixoloji aspektdən izah edən psixoloq Elnur Rüstəmov yeniyetmələrin cinayət törətməsinin səbəbləri barədə danışıb:

“İlk növbədə onların hansı səbəbdən cəza müəssisəinə düşməsi, ailə tərkibi, əvvəllər hansısa probleminin olub-olmaması araşdırılmalı, kimlərlə birgə yaşaması öyrənilməlidir. Bu cür problemlər əsasən yeniyetməlik dövründə başlayır. Daha konkret desək, orta məktəbin 5-6-cı siniflərində, 10-11 yaşlarında baş verir. Əvvəlcə yeniyetmənin davranışında, ünsiyyətində problem çıxır. Bir qismi özünə qapanır, digər qismi isə həddən artıq ünsiyyətli olur. Evdə özünü çox pis, çöldə isə yaxşı aparır, və ya əksinə. Elə yeniyetmə də olur ki, həm evdə, həm çöldə pis davranır. Artıq buna “ictimailəşmiş davranış pozuntusu” deyilir. Əgər valideyn övladında olan bu dəyişikliyi görürsə birinci növbədə onun nədən qaynaqlandığını bilməlidir. Statistika göstərir ki, problemli ailələrdə böyüyən uşaqlar belə halları daha çox yaşayırlar. Çünki onların uşaqlıqdan başlayaraq qəribə etiraz etmə hisləri olur. Bu, problemli ailələrin övladlarında özünü daha çox büruzə verir. Avtoritet ailələrdə ataların təzyiqi var. Ata düşünür ki, uşaqlar hər şeyi mənim kimi etməlidirlər. Beləcə valideynlə övlad arasında problem yaranır. Təsadüfi deyil ki, ata-ananın əsas şikayəti uşağının cavab qaytaraması ilə bağlı olur. Hətta elə yeniyetmə var ki, valideyninə əl də qaldırır. Evdən pul götürən, oğurluq edən, zərərli vərdişləri olan yeniyetmələr də az deyil. Bu, hamıya şamil olunmur, amma belə hallar var. Çox vaxt yeniyetmə ailəsini eşitmir, kənarı eşidir. Valideyn şikayət edir ki, bizə yox, qonşudakı filan yoldaşına qulaq asır. Bu yeniyetmənin etiraz formasıdır. Ona görə də valideyn tədbir görməlidir. Artıq görsə ki, öz səyləri yetərsizdir, mütəxəssis dəstəyi almalıdır”.

fft99_mf7881527.Jpeg

Psixoloq bu halların şagirdləri təhsildən uzaqlaşdırdığını bildirib:

“Bütün hallarda bütün hallarda bunlar yeniyetmənin təhsildən uzaqlaşması ilə nəticələnir. Hər şey də ondan sonra başlayır. Şübhəsiz ki, təhsildən uzaqlaşan yeniyetmənin öz çevrəsi olur. Nəticədə gününün çox hissəsi dostları ilə, və ya öz ailəsi ilə problem yaşamaqla keçir. Beləcə o bir müddət sonra cəmiyyətə tam hazırlıqsız vəziyyətdə çıxır. Buna görə də təhsili, heç nəyi olmur. Beləcə onlar özləri uğurlu yaşamamaqla bərabər, digərlərinin yaşayışına da problem yaradırlar. Bunun üçün vaxtında valideyn problem görürsə, yubanmadan mütəxəssis dəstəyi almalıdır. İslah əmək düşərgəsində olanlar azadlıq istəyərlər. Ola bilər ki, azadlıqda olan yeniyetmələr kriminal aləmə meylli olsun. Amma orada olan bilir ki, nizamnamə, qayda-qanun var. İslah əmək düşərgəsində olan yeniyetmələr yenidən cəmiyyətə qayıtmaq, adaptasiya olmaq, gələcək həyatını nə formada davam etdirmək barədə düşünürlər”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları