Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 08:01:45
Tələbələr üçün yeni rüşvət tələsi: Ərizə yaza bilməyən şəxs referatı necə yazsın?

 Azərbaycan universitetlərində təhsil bir sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Tələbələr əksəriyyəti buradakı bəzi tədris qanunları ilə razılaşmır.

Belələrindən biri də fərdi işlərdir. Fərdi iş, tələbənin yaradıcı potensialını hərəkətə gətirmək, onun bilik səviyyəsini müəyyənləşdirmək məqsədilə götürülsə də, çox vaxt formal xarakter daşıyır. Hətta əksər tələbələr fərdi işləri özü yazmır, müəyyən məbləğin qarşılığında kurslarda və ya internet klublarda yazdırırlar. Bəs onların internet klublara yönəlməsinin qarşısını necə almaq olar? Bunun əsas səbəbi nədir? Onların təlimatı yoxdur, ya yaradıcı potensialı?

Mövzu ilə bağlı AzEDU-ya danışan təhsil eksperti Allahverdi Eminov bəzi tələbələrin nəinki fərdi iş, heç ərizə yaza bilmədiklərini deyib: “Tələbələrin əksəriyyəti fərdi işləri müəyyən qədər pul müqabilində yazdırır. Bunun səbəbləri çoxdur. Hazırda ənənə halını alıb ki, mühazirəni başqa, seminarı isə başqa müəllim aparsın. Bu, düzgün deyil. Nəticədə, tələbələr hər hansı mövzu üzərində işləməyin metodikasını bilmirlər. Bunu isə təbii ki, müəllim öyrətməlidir. Burada tələbənin heç bir günahı yoxdur. Referat yazmaq özü də yaradıcılıq tələb edir. Tələbələrdə isə hazırda yaradıcılıq məfhumu yox dərəcəsindədir. Ali təhsil müəssisələrində onlara yalnız nəzəri, əzbər bilik verirlər. Buna görə də tələbələr yaradıcılıqdan məhrum olur, heç nə yaza bilmirlər. Mən müşahidə aparmışam. Tələbələr adi kiçik informasiyanı belə yaza bilmirlər. Bunun üçün onların jurnalist olmaları vacib deyil. Xarici inteqrasiya adı ilə edilən müdaxilə tələbələrin yaradıcılığı ilə heç cür uyuşmur. Mən 3-4 il Müəllimlər İnstitutunun Salyan filialının direktoru olmuşam. Təsəvvür edin ki, tələbə icazə almaq üçün adi ərizə belə yaza bilmir. 3 cümlə ilə fikrini izah edə bilmir ki, filan səbəbdən mənə icazə verin. Bunu bacarmayan tələbə iyirmi səhifəlik fərdi işi necə yazsın?”

Ekspert bunun səbəblərini müəllimlərin tələbələri yaradıcılığa aparmaması ilə izah edib:

“Bunun kökü təhsil sisteminin düzgün qurulmamasına gedib çıxır. Hamısı kafedra ilə bağıdır. Mən 30 il ali məktəbdə işləmişəm. Müəllim avqust ayında məzuniyyətə çıxanda öz dərs yükünü bilməlidir. Bunu isə nadir hallarda edirlər. Çox vaxt sentyabrda biri zəng vurur k, filankəsi yerləşdirin. Kafedra müdiri də məcbur qalıb yerləşdirir. Bu kurikulumda da var. Bir fənni bir müəllim aparmalıdır. Mən də mühazirə oxumuşam. Bəzən mənim seminarımı başqasına veriblər. İmtahan vaxtı müəllim bilmir ki, tələbə bu dərsi necə mənimsəyib, biliyi nədən ibarətdir. Amma seminar məşğələsini aparan artıq tələbəsinin savadına bələd olur. Uzun illər Azərbaycan Universitetində işləmişəm. Özüm pedaqogikanı tədris etsəm də, yaradıcı uşaqları seçirdim. Elə tələbələrim var ki, vaxtilə onları yaradıcılığa aparmışam, indi 3-4 kitabları çıxıb. Məsələn İntiqam Yaşar, Allahşükür Ağanı misal göstərə bilərəm. Bu gün də əlaqəmiz var. Hətta mən onların kitabları haqqında resenziyalar yazıram”.

O, bildirib ki, universitetdə oyun, əyləncə pedoqogikası keçirlər:

“Tələbələrdə günah yoxdur. Onlarla yaradıcı işləmək lazımdır. Artıq bir çox universitetlərdə imtahanların test üsuluna keçdiyini nəzərə alsaq, indi onların şifahi yaradıcılıqdan qəti uzaqlaşdığını deyə bilərik. Tədrisi kökündən dəyişmək lazımdır. Klassik pedoqogikanı sıradan çıxarırlar. Oyun, əyləncə pedoqogikası keçirlər. Axı bu nə deməkdir? Öncə institutlara professional pedoqoqlar rəhbərlik etməlidirlər. Texniklər, bioloqlar yox. Tələbələrdən referat götürəcək müəllim əvvəlcə onlara ədəbiyyat yazdırır. Fərdi iş mövzuları sentyabrın 15-dən, yəni dərsin ilk günündən elan olunmalıdır ki, tələbə işləsin. Müəllimlər isə mövzuları yalnız son, kritik vəziyyətdə verirlər. Tələbə nə etməlidir? O, təbii ki, şəxsi mənafe üçün başqa yollara əl atacaq. Əvvəllər orta məktəblərdə əməli yazılar vardı. Ərizə, arayış və s. yazmaq öyrədilirdi. İndi isə onların hamısı yığışdırılıb, yoxdur. Buna görə də onlar ali məktəbə qəbul olandan sonra pis vəziyyətdə qalırlar. Yəni bu sistem düzgün qurulmayıb. Heç maraqlanan da yoxdur. Müəllim tələbəyə dost olar, kömək edər, səhvini düzəldər. Gedin tələbələrdən soruşun ki, “öz müəllimin haqda bir səhifəlik yazı yaza bilərsən?” Yaza bilməyəcək. Çünki müəllimi haqda heç bir xatirəsi yoxdur. İndi tələbələri dəmir-dümür, texnologiya idarə edir, yaradıcılıq hardan olsun? Mən tələbələrin tərəfdarıyam. Onlarda heç bir günah görmürəm. Əlbəttə, istisna olaraq bacarığı olmayan tələbələr də var. Amma bunu tələbələri bünövrədən yaradıcılığa alışdırmaqla aradan qaldırmaq mümkündür. Məsələn mənim embriologiya, yaradıcılıq nəzəriyyəsi haqda kitabım var. Hətta bir akademik məndən soruşub ki, bu embriologiya nədir? Siz təsəvvür edin ki, akademikin onun nə olmasından xəbəri yoxdur. Embriologiya yaradıcılıq haqda elmdir. Akademik bu elmdən xəbərsizdirsə, tələbə necə bilsin?”

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları