Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-15 12:06:23
“4 yaşlı bacımı görmək üçün bu dəqiqə nələr etməzdim ki?!” – İtaliyada oxuyan gənclə müsahibə  

“Fikrimcə,Azərbaycanda  dəqiq və texniki elmlərdə vəziyyət elə də ürəkaçan deyil. Ölkədə texniki peşə məktəblərin fəaliyyəti, ali təhsildə də texniki elmlərin durumu  yaxşı deyil. Praktiki hazırlıq demək olar, yoxdur”.

Bunu AzEdu.az-a müsahibəsində  İtaliyada oxuyan gənc  soydaşımız Abdulla Həsənli deyir.

Gənc həmyerlimizlə  müsahibəni təqdim etməzdən əvvəl, barəsində məlumat verək:

Öz dilindən dosye:  Mən Həsənli Abdulla Rauf oğlu 1997-ci ildə Şirvan şəhərindədoğulmuşam. 2014-cü ildə Məftun Osmanov adına 20 nömrəli tam orta məktəbi bitirib,  Bakı Dövlət Universitetinin  Beynəlxalq Münasibətlər ixtisasına qəbul olmuşam. 2015-ci ildə tədris göstəriciləri, nizam - intizam, tələbə və müəllim heyətinin rəğbətini qazandığıma görə, BDU-nun İlin Ən Yaxşı Tələbəsi mükafatına layiq görülmüşəm. 2018-ci ildə BDU-dan məzun olub bakalavr dərəcəsi almışam. Hazırda İtaliyanın paytaxtı Roma şəhərində Avropanın ən qədim universiteti sayılan LaSapienza Universitetində Beynəlxalq Əməkdaşlıq və İnkişaf ixtisasında magistr pilləsi üzrə təhsil alıram.

-Abdulla, əvvəlcə mümkünsə, İtaliya təhsil sistemi barədə ətraflı məlumat verərdin... Ümumiyyətlə, bəyənib-bəyənmədiyin tərəfləri hansılardır?

-İtaliya yəni,  Avropa təhsil sistemi  deyərdim ki, sırf tələbənin rahatlığına hesablanıb. Tələbə üçün bütün mümkün şərtlər təklif olunur. Burada dərslərdə məcburi iştirak tələb olunmur.

Yəni, İtaliya universitetlərində alt qrup mövzusu, kəsrlər üçün pul ödənişləri yoxdur. Bəyənmədiyim tərəfi isə, budur: müəllimlər ləisti münasibətlər qurmaq mümkün deyil. Hətta tənəffüsdə belə söz soruşduqda, fasilə olduğunu deyib, dərsdə soruşmağımızı istəyirlər. Amma hamısı belə olmasa da, əksəriyyəti o cürdür.

-Yəni, müəllimlər tələbələrlə kifayət qədər səmimi, mehriban deyillər?

-Eynən, səmimi deyillər.... İtaliya müəllimləri tələbələrə sırf işi kimi baxır. Bəlkə də əslində belə olmalıdır. Amma tələbə olaraq belə ünsiyyəti sevmirəm. Çünki, ən azından BDU-da belə görməmişdim…(gülür)

-Abdulla bu standart sualıda verək: necə oldu ki,xaricdə təhsil almaq qərarına gəldin?

-Uşaqlıqda hamının xəyalında müəyyən ölkə olur ki, orada yaşamağın xəyalını qurur. Məhz mənim də bu arzularım İtaliya ilə bağlı idi. Müəyyən müddət olsa da, orada yaşamaq üçün qarşıma məqsəd qoymuşdum. Daha sonra  vaxt keçdikcə bu yaşamaq istəyi  İtaliyada təhsil almaq həvəsinə çevrildi.

-Bəs, İtaliyaya  yeni gedəndə  "cultureshock" (mədəniyyət şoku) yaşadın?

-Avropaya əvvəl  də səfərim olub. Məhz ona görə də  böyük “cultureshock”lar yaşamadım. Amma əsasən, ictimai yerlərdə yüksək səslə burunlarını təmizləyən, dərs zamanı yemək yeyən və istədiyi kimi oturan tələbələri  görəndə qəribə olmuşdum. Çünki, bizdə hətta su içmək belə dərsdən qovulmağa səbəblərdən idi.

-Tələbə gözü ilə İtaliya və Azərbaycanı necə müqayisə edərsən? Oradakı insanların yaşam və düşüncə tərzi ilə azərbaycanlıların hansı fərqlərini müşahidə etdin?

-Tələbə gözü ilə yaşam tərzi sözsüz ki, tamamilə fərqlidir. İtaliyada əlaçı olub-olmamağından asılı olaraq, tələbələrə təqaüd verilir. Göstəricilər çox olsa təqaüdün miqdarı artır. Yəni tələbədə oxumağa stimul yaradırlar. Halbuki, BDU-da əlaçı olmağıma baxmayaraq, ödənişli təhsil aldığıma görə təqaüd ala bilmirdim. İtaliyada düşüncə tərzi də fərqlidir, tələbələr istənilən mövzuda müəllimlə mübahisə edib, tənqid edə bilirlər. Təbii ki, bu da bizdə mövcud deyildi. Burada müəllimlərin əksəriyyətinin yaşının az olması, tələbələrin onlara fikrini daha aydın çatdırmasının əsas səbəblərindən biridir.

-Ümumiyyətlə, hər  ölkə,adətən, müvafiq ixtisas və ya ixtisaslar üzrə peşəkarlaşır və məşhurlaşırlar... Bəs, İtaliyada hansı sahələrin tədrisində bu peşəkarlıq hiss olunur?

-Fikrimcə, İtaliyada dəqiq elmlər  bizdəki kimi bir o qədər də inkişaf etməyib. Burada da hüquq, siyasət, fəlsəfə, sosiologiya və tarix kimi ixtisaslar daha məşhurdur. Təbii, ki Fashion (Moda) ixtisasını da unutmamaq lazımdır.

-Qeyd etdin ki, " Beynəlxalq  Əməkdaşlıq və inkişaf" ixtisası üzrə magistr təhsili alırsan. Bu ixtisasın özəlliyi və perspektivi haqqında nə deyə bilərsən?

-İstəyim, gələcəkdə hər hansı beynəlxalq təşkilatların birində çalışmaqdır. İlk öncə qeyd edim ki, ixtisasım da həmin kriteriyaya uyğundur. Dünya siyasətinə maraqlı  adama bu ixtisas da maraqlı olacaq. Özəlliyi barədə dəqiq bir şey deyə bilmərəm. Fikrimcə, hər ixtisasın müəyyən şərtlər daxilində öz gözəlliyi var. Perspektivi isə, günümüzün qloballaşan dünyasında dövlətlərin beynəlxalq əlaqələrsiz münasibətləri mümkünsüzdür. Ona görə düşünürəm ki, uzunömürlü ixtisasdır və hələ bizlərə çox lazım olacaq.

-Təhsil aldığın müddətdə “oradakı hansı yeniliklər, müsbətlər ölkəmizdə də tətbiq olunsa, təhsilimiz inkişaf edər" deyə düşünmüsən?

-Əlbəttə, ən istədiyim xüsusiyyətlərdən biri şifahi imtahana keçidin olmasıdır. Azərbaycanda uşaqlara müəyyən suallar təqdim olunur ki, o suallardan  kənara çıxa bilmirlər.  Amma İtaliyada şifahi imtahanlarda, suala cavab verməyəndə müəllim mümkün qədər əlavə suallar verir. Müəllimlər  bildiyiniz mövzuları daha rahat danışacağınızı düşünərək, hətta onları söyləməyinizi istəyir. Bir də təqaüd məsələsi... Ölkəmizdə tələbənin dərsə marağı, stimulu yoxdur. Əgər bizdə də hər tələbəyə təqaüd tətbiq olunsa, onlara  müəyyən stimul olacaq. 

-Bir az orta məktəb boşluqlarından danışaq... Oradakı müəllim-şagird  münasibətlərini necə qiymətləndirirsən?

-Açıq danışacağam, bizdəki müəllimlərimdən dərslərdən əlavə  də çox şey öyrənmişəm. Əksəriyyəti ilə  dost münasibətlərim hələ də davam edir. Ölkəmizdəki  müəllimlərinşagirdlərə səmimi münasibəti böyük  çoxdur.  Məsələn: həyatımda Məftunə, Eldar, Səbinəkimi müəllimlərim olmasaydı, indi İtaliyada  təhsil almırdım.

-Xaricdə təhsil alan tələbələrin çoxu sonradan oxuduğu ölkələrdə qalıb Azərbaycana gəlmək istəmirlər. Səncə, bu nə ilə əlaqəlidir?

-Təqaüd məsələsinə çox toxunduğumu bilirəm.  Amma İtaliyada təqaüdün olması  həqiqətən, oxumaq istəyən tələbələrə stimul  yaradır. Ölkədə tələbələrə qrant, təqaüd, yardımlar çox edilir və şərtləri də yüngül olur. Xaricdə təhsil alanların  öz ölkəsinə gəlmək istəməməsinin ən böyük səbəbi budur. Təbiiki, bu bir tərəfdən də seçim məsələsidir.

-Abdulla, maraqlıdır, yad ölkədə əsas çətinliklərin nələrdir?

-Yeni həyata başlamağın da öz şərtləri var.  Burada şəxsən məni  ev məsələsi çox yordu.  Amma xaricdə tez - tez olduğumdan, böyük çətinliklərim olmadı. İtaliyada nəqliyyatdan istifadə  hədsiz dərəcədə rahatdır.  Burada boş vaxtın səmərəli keçməsi üçün imkan qat-qat çoxdur.  Amma ən böyük çətinliyim sözsüz ki, yeməkləridir. Onu da qeyd edim ki,  mətbəximiz üçün burnumun ucu göynəyir.

-İtalyan və azərbaycanlı xarakterlərinin oxşarlığını hər zaman səsləndirirlər. Bu necə olur, xarakter eyni, amma həyata baxış fərqli...?

-İtalyan və azərbaycanlı xarakterlərinin oxşarlığı fikrinə müəyyən qədər razıyam. Ölkələr arasında  həqiqətən dəbənzərliklər çoxdur. Məsələn: qonaqpərvərlikləri, ictimai nəqliyyatda yaşlılara-qadınlara hörmət edilməsi (hansı ki, digər Avropa ölkələrində belə deyil), yeməyə və məclislərə maraqlı olmaları eynən azərbaycanlıları xatırladır. Həyat baxışına gəldikdə isə  sözsüz ki, müəyyən fərqlər  olmalıdır. Fikrimcə, bu dövlətin keçdiyi tarix, siyasi vəziyyət, sosial-iqtisadi vəziyyətindən çox asılıdır. İtalyanlar tarixi məqamı vurğulayaraq hər an Qədim Roma fenomenini qeyd etməkdən, qürur duyurlar.

-Yəqin,ürəyindən əcnəbi vətəndaşla evlilik xəyalı keçib... Ümumiyyətlə, italyan qızla evliliyə necə baxırsan? Seçim qarşısında qalsaydın, nə edərdin?

-Nə yalan deyim, ürəyimdən əcnəbi vətəndaşla evlilik keçməyib və belə bir fikrim yoxdur... (gülür) Ümumiyyətlə, millətlərin evliliklərlə qarışmasına münasibətim bir o qədər yaxşı deyil. Amma ingiliscə məşhur bir söz var “Never say never” (Heç vaxt, heç vaxt demə). Allahın işini bilmək olmaz…

-İtaliyada Azərbaycanı necə tanıyırlar? Ölkəmiz haqqında nə kimi təsəvvürləri var?

-İtaliyaya oxumağa gələn azərbaycanlılar, ilbəil artır. Ölkədə olan vətəndaşların əksəriyyəti Azərbaycanı tanıyırlar. Hətta dərslərimizdən birinin bir hissəsi Azərbaycan haqqındadır.  Burada ədəbiyyat kimiSvante E. Cornellin “AzerbaijansinceIndependence” kitabını istifadə edirik. İtalyanların Azərbaycan haqqında təsəvvürləri çox yaxşıdır.

-Təhsildən başqa beynəlxalq sərgilərdə, konfranslarda iştirak edirsən? Bir azərbaycanlı tələbə kimi ölkəni xaricdə necə təmsil edirsən?

-Təhsil əlavə digər işlərə hələ ki,başlamamışam. Amma Azərbaycanın xüsusi günlərində qrupumuzda olan əcnəbilərə məlumatlar yayırıq. Hətta  “Bayraq günü”ndə braziliyalı qrup yoldaşımın “həqiqətən, çox gözəl bayrağınız var” deməsi,  mənim üçün böyük xoşbəxtlik idi.

-Abdullanın ilk   beşliyinə ən yaxşı və ən zəif təhsil verən hansı Azərbaycan universitetləri daxildir?

-Ən yaxşılar təhsil verən Azərbaycan universitetləri:  ADA Universiteti,  BANM, (Bakı Ali Neft Məktəbi), BDU (Bakı Dövlət Universiteti),  UNEC,  ADNSU-dur. Ən zəiflər isə  Kooperasiya Universiteti, Turizm və Menecment Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Biznes Universiteti və Avrasiya Universitetidir.

-Abdulla, bəs hansı siyasətçiləri bəyənirsən?

-Qadın siyasətçilərə həmişəxüsusi simpatiyam olur. Bu qəbildən MarqaretTetçer (Birləşmiş Krallıq), GoldaMeir (İsrail), MeralAkşener (Türkiyə) adını çəkə bilərəm. Amma ümumi götürsək ən böyük ideallarım Martin LutherKing və NelsonMandeladır.

-Abdulla İtaliyada magistr təhsili almaq üçün əsas göstəricilər necə olmalıdır? Ümumiyyətlə, hansı proseduralardan keçmək lazımdır?

-İtaliyada magistr təhsili almaq üçün, əvvəl istənilən universitetdən bakalavr dərəcəsini bildirən diplom, ortalama +70 və dil sertifikatı (IELTS) tələb olunur. Universitetdən qəbul aldıqdan sonra isə viza proseduraları başlayır (müraciət, intervyu, gözləmə və nəticə).

-Bəs, hara  xidmət etmək fikrindəsən: oxuduğun ölkəyə, yoxsa, Azərbaycana?

-Təbii ki, Azərbaycana qayıtmaq istəyirəm. Xəyalım gerçəkləşsə,hansısa beynəlxalq təşkilatda çalışmaq şansım olsa, yalnız  Azərbaycan adına xidmət etmək istəyirəm.

-Fərz edək ki, vətənə qayıtdın, amma təhsilin və istedadın müqabilində yüksək gəlirli iş tapmadın. Onda necə?

-Bu günə kimi istədiyim hər şeyə nail olmuşam. Bundan sonra da olmayacağına şübhə etmirəm. Fikrimcə, əsas istəmək və qarşıya məqsəd qoymaqdır. Məqsədyönlü birisənsə istəklərinin hamısı reallaşacaq.

-Səncə, sosial və texniki elmlər Azərbaycanda hansı vəziyyətdədir?

-Fikrimcə,Azərbaycanda  dəqiq və texniki elmlərdə vəziyyət elə də ürəkaçan deyil. Ölkədə texniki peşə məktəblərin fəaliyyəti düzgün işləmir, ali təhsildə də texniki elmlərin vəziyyəti yaxşı deyil. Praktiki hazırlıq demək olar ki, yoxdur. Humanitar fənlərə bizdə maraq böyükdür, bu qəbildən sosial elmlərin vəziyyətini yaxşı saymaq olar.

-Abdulla, bəs dəqiq texniki elmlərdə vəziyyətin ürəkaçan olması üçün təkliflərin nədir?

- Dəqiq texniki elmlərdə vəziyyətin ürəkaçan olması üçün praktiki dərs saatlarının sayı artırılmalıdır.  İtaliyada mühəndislik ixtisasında təhsil alanların  dərsləri əksərən workshoplarda keçir.

-Gənclər xaricdə təhsil üçün təqaüd proqramlarına üstünlük verirlər. Bəs, İtaliyada hansı təqaüd proqramları mövcuddur?

-İtaliyada müxtəlif təqaüd proqramları var (təhsil, sosial vəziyyətə görə və s.). Təqaüd proqramlarından ən məşhuru  “Laziodisu” dir. Bu proqramda həm sosial vəziyyət, həm də təhsil göstəriciləri nəzərə alınır.

-Bəs doktorantura təhsilini hansı ölkədə oxumağı düşünürsən?

-Doktorantura təhsilimi Avropa ölkələrində oxumağımı düşünürəm. Oxumaq istədiyim ölkələr isə  Almaniya və ya İspaniyadır. Amma işlər istədiyim kimi getməsə, Rusiya və Türkiyədə də təhsil almağı düşünərəm.

-Fərqli sistemdə təhsil alırsan. Bəs, burada müəllim kimi çalışsan, tədris metodun necə olar?

-Azərbaycanda dərs  desəm, Avropa təhsilinin müsbət tərəflərini tətbiq edərəm. Dərslərdə seminarları ləğv edərək   yalnız diskussiyalara üstünlük verərəm. Dərslərdə tələbələrin iştirakını məcburi etmərəm. Çünki,  tələbə dərsə qaib almamağa görə gəlirsə, gəlməsə ondan yaxşıdı.

-Yaşadığın şəhər, mətbəxi, insanları barədə nə deyə bilərsən?

-Əbədi şəhər olan  Romada yaşamaq, böyük xoşbəxtlikdir. Çünki şəhərin hər daşı, divarı tarixdir. İtaliyada dəqiqələr içində I  əsrə gedib sonra geri qayıdırsan. Ən sevdiyim tarixi məkan Pantheondur. Yeməyi sevən insan kimi deyə bilərəm ki, bizim mətbəx kimi olmasa da italyan mətbəxi də möhtəşəmdir. İtaliyada əsasən  xəmir xörəkləri çox dadlıdır. Burada bizim xəngələ bənzəyən “Ravioli”, qızardılmış düyü topları “Arancini” sevimli yeməklərimdir. İtalyanlar isə çox gülərüz, mehriban və mədənidir. Burada küçədə gəzdiyin zaman səhərlər tanımadığın adam belə“sabahın xeyir” , yemək yeyəndə isə “nuş olsun” deyir.

-Hər tələbənin izləməli olduğu film(kitab, serial) məsləhət görərdin...

-Ən sevdiyim film “Şindlerin siyahısı”, bəyəndiyim kitab isə Fərəh Pəhləvinin “Xatirələr”idir. Digər tələbələrə də bunları məsləhət görürəm.

-Ən çox nədən ötrü darıxırsan?

-Ən çox 4 yaşlı bacım Banunu görmək üçün darıxıram. İnanın, onu görmək üçün bu dəqiqənələr etməzdim ki…

-Azərbaycanlı tələbə... ardını zəhmət olmasa tamamla

-Azərbaycanlı tələbə dünyanın harasında olmasından asılı olmayaraq, bağlı olduğu yerləri unutmamalıdır. O daim dəyərlərəhörmətlə yanaşmalı, dövlətinin və millətinin adını daim uca tutmalıdır.

-İtaliyada başına gələn maraqlı hadisələrdən danışa bilərsən?

-Hər gün demək olar,  fərqli situasiyalarla qarşılaşırıq.  Ən maraqlı hadisə kimi əslən rusiyalı olan Filippin vətəndaşı qonşumun məni qonaq çağırması idi. Daha sonra  marketdə kassada məndən öncəki yaşlı xanım mənə “boyunuzla bağlı çox kompliment eşidirsiz?” deyib məni qucaqlaması idi. İtaliyada yaşadığım evdə vaxtı keçmiş yoqurtların partlaması,  çılçırağın düşüb sınması da maraq hadisələrdən hesab etmək olar.(gülür)

-Gələcək planların barədə nə deyə bilərsən?

-Yaxın gələcəkdə, magistr təhsilimi tamamlamağı və doktorantura pilləsi üzrə oxumağımı düşünürəm. Ən böyük arzularımdan biri də  öz doğma universitetimdə dərs deməkdir.

-Xaricdə təhsil almaq istəyən gənc həmyerlilərimizə nə tövsiyə edərdin?

-Xaricdə təhsil almaq istəyənlər bu yolda çox çətinliklərlə qarşılaşacaq. Əsas də viza mərhələsində... O qədər tanıdıqlarım var ki,  artıq bezərək təhsilini yarıda  qoyublar.   Gənc həmyerlilərimə tövsiyəm budur ki, bütün çətinlikləri sadəcə diqqətlə dərk edib, həll yolları axtarsınlar.

-Bəs, vizada hansı çətinliklər olur?

-Viza prosesinin də  bəzi şərtləri var, ingiliscə sertifikat, ailə gəlirinin yüksək olması, bankda müəyyən məbləğdə hesab göstərilməsi kimi… Nəticə isə tamamilə səfirliyin səlahiyyətində olan bir şeydir. Sadəcə onu qeyd edim ki,  viza prosesindən keçməsələr yenidən müraciət etsinlər.  Heç bir zaman həvəsdən düşməsinlər.

-Son olaraq əlavə etmək istədiklərin...

-İşlərinizdə uğurlar arzu edirəm, ən əsası xaricdəki tələbələri unutmayın. Onların belə söhbətlərə, ürəklərində olan sözü deməyə çox ehtiyacı var.

Günel Yaşarqızı
Müəllifin digər yazıları