Müasir dövrdə musiqi və vizual media gənclərin həyatında əhəmiyyətli rol oynayır. Xüsusilə rep musiqisi son illərdə uşaqlar və yeniyetmələr arasında böyük populyarlıq qazanıb. Lakin bəzi mahnı mətnlərində qeyri-etik ifadələr, aqressiv dil və riskli davranışların normallaşdırılması müşahidə olunur. Eyni zamanda, kriminal və mafiya mövzulu seriallar da gənclərin diqqətini çəkir.
Bu seriallarda zorakılıq, güc nümayişi və qanundan kənar hərəkətlər bəzən qəhrəmanlıq və ya haqlı davranış kimi təqdim olunur. Nəticədə gənclər üçün real həyatdakı davranış meyarlarının formalaşması prosesi mürəkkəbləşir və onlar sosial dəyərlər və etik normalar barədə qarışıq mesajlar ala bilirlər.
Valideynlər bu kimi hallarda uşağı sərt qadağalarla məhdudlaşdırmaqla, onu maarifləndirərək düzgün seçim etməyə yönləndirmək arasında necə sağlam bir balans qura bilərlər? Hansı yanaşma uşağın psixoloji inkişafı baxımından daha effektivdir?
AzEdu.az mövzu ilə bağlı psixoloq Nizami Orucovla danışıb.

O qeyd edib ki, aqressiv dil və riskli davranışların normallaşdırıldığı məzmunlar uşağın emosional həssaslığını azalda və aqressiyanı bir özünüifadə forması kimi qəbul etməsinə səbəb ola bilər:
"Uşaqlar və yeniyetmələr formalaşma mərhələsində olduqları üçün dinlədikləri musiqi və izlədikləri məzmun onların dəyər sisteminə birbaşa təsir göstərir. Aqressiv dil, qeyri-etik ifadələr və riskli davranışların normallaşdırıldığı rep musiqisinin uzunmüddətli və nəzarətsiz dinlənilməsi uşağın emosional həssaslığını azalda, aqressiyanı özünüifadə forması kimi qəbul etməsinə və dildən daha sərt üslubda istifadə etməsinə səbəb ola bilər. Xüsusilə tənqidi düşünmə bacarığı hələ tam formalaşmamış yaşlarda uşaq bu mesajları süzgəcdən keçirmədən mənimsəyir.
Belə vəziyyətlərdə tətbiq olunan sərt qadağalar adətən əks-təsir yaradır; qadağa marağı artırır və uşağın valideyndən gizli şəkildə həmin məzmuna yönəlməsinə yol açır. Daha sağlam yanaşma isə maarifləndirmədir. Valideyn övladı ilə dinlədiyi musiqi və eşitdiyi sözlər haqqında açıq danışmalı, oradakı mesajları birlikdə müzakirə etməlidir. Məqsəd uşağa "bu qadağandır" demək deyil, ona "bu mesaj nə deməkdir və real həyatda bunun nəticəsi nə ola bilər?" sualı ətrafında düşünməyi öyrətməkdir. Bu yanaşma uşağın şəxsi "daxili süzgəcinin" formalaşmasına kömək edir".
Zorakılığın qəhrəmanlaşdırılması uşaqlarda güc anlayışını təhrif edir: uşaq hörməti qorxuyla, gücü isə fiziki təzyiqlə eyniləşdirməyə başlayır.
"Kriminal və mafiya mövzulu seriallarda zorakılığın, həmçinin qanunazidd davranışların qəhrəmanlaşdırılması uşaqlarda güc və ədalət anlayışlarını təhrif edə bilər. Bu halda uşaq gücü fiziki zorakılıqla, hörməti isə qorxu yaratmaqla eyniləşdirməyə başlayır. Xüsusilə kimlik axtarışında olan yeniyetmələr üçün bu cür obrazlar olduqca cazibədar görünə bilər.
Valideynlər bu riskləri minimuma endirmək üçün serial seçiminə yaş məhdudiyyətlərinə uyğun yanaşmalı, məzmunu öncədən nəzərdən keçirməli və imkan daxilində övladları ilə birlikdə izləməlidirlər. İzləmə prosesindən sonra süjet və obrazlar haqqında söhbət açmaq, bu davranışların real həyatdakı fəsadlarını izah etmək vacibdir. Valideyn nəzarəti qadağa formasında deyil, müşayiət və yönləndirmə şəklində qurulduqda, uşağın psixoloji inkişafı üçün daha sağlam və qoruyucu bir süzgəc rolunu oynayır".