Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-07 10:00:00
SSRİ və Rusiya səhiyyəsində vacib yeniliklər edən, mühüm vəzifələrdə çalışan professorlarımız  - II Yazı  

AzEdu.az dünyanın müxtəlif yerlərində çalışan və bir çox elmi uğurlara imza atan alimlərimizlə bağlı silsilə yazıları davam etdirir.

Bu dəfə də Rusiyada fəaliyyət göstərən tibb professorlarımızın bir neçəsini oxuculara təqdim edəcəyik: 

Əmiraslanov Yusif  - 1949-cu ildə Kəlbəcər  rayonunda dünyaya göz  açıb. Orta məktəbi doğma kəndində başa vurduqdan sonra Azərbaycan Tibb Universitetinə qəbul olunub. Həkimlik peşəsinə yiyələnən gənc ali məktəbdən sonra paytaxt klinikalarından birində əmək fəaliyyətinə start verib, az sonra Rusiyanın Tula vilayətindəki xəstəxanalardan birində, 1974-cü ildə isə A.V.Vişnevski adına Moskva Cərrahiyyə İnstitutunda işləməyə başlayıb.  Praktiki fəaliyyətlə yanaşı elmi biliklərini də daim artıraraq, tezliklə namizədlik dissertasiyası müdafiə edən soydaşımız, daha sonra tibb elmləri doktoru elmi dərəcəsini qazanıb. Fəxrlə qeyd edilməlidir ki, Rusiya Federasiyasında klinik cərrahiyyə üzrə işıq üzü görən üç dərslikdən birinin müəllifi həmyerlimiz, tibb elmlər doktoru, professor Yusif Əbülfət oğlu Əmiraslanovdur. Rusiyanın görkəmli təbabət alimlərinin sırasında soydaşımızın adına rast gəlmək əlbəttə ki, xoş və qürurludur. 

Ümumiyyətlə, 250-dən artıq elmi işin müəllifi olan Yusif Əmiraslanov travmatologiya və ortopediya üzrə orijinal əməliyyatlar metodikasını işləyib hazırlayan ixtiraçı və səmərələşdirici kimi tanınır. Onun elmi əsərləri dünyanın əksər təbabət mütəxəssisləri tərəfindən məmnuniyyətlə qəbul edilir. Məhz bu uğurlarına görə, Yusif Əmiraslanov həm Nyu-York Akademiyasının, həm də Rusiya Təbiət Elmləri Akademiyasının üzvüdür. 

Professor Əmiraslanov cərrahi infeksiyalar, plastik cərrahiyyə və travmatologiya problemləri üzrə öz məktəbini yaratmışdır. Onun Moskvada işləyib hazırladığı cərrahiyyə üsulları həm də Azərbaycanın müxtəlif klinikalarında uğurla tətbiq edilir. Professor doğma Azərbaycanda tibb elminin inkişafına böyük maraq göstərir, elmi kadrların hazırlanmasına hərtərəfli kömək edir.

Yusif Əmiraslanov dəfələrlə beynəlxalq miqyaslı mükafatlarla, o cümlədən Rusiya Federasiyası hökumətinin təsis etdiyi dövlət mükafatları ilə təltif edilib. 

Cərrah-alim əsl ziyalı olaraq, ictimai fəaliyyətdən də kənarda qalmır. Yaşadığı Rusiya Federasiyasının ictimai həyatında iştirak etməklə yanaşı, həm də Rusiyadakı Azərbaycan diasporunun aktiv üzvlərindəndir.

 

 

 

Ələkbərov Ümidvar  - 1951- ci ildə Lerik rayonunda anadan olub. O, 1974-cü ildə Tibb Universitetini  bitirdikdən sonra, təyinatla Sabirabad rayon Mərkəzi xəstəxanasına göndərilir və orada  cərrah kimi fəaliyyətə başlayır. Bir neçə aydan sonra  Sankt Peterburq köçür və fəaliyyətinin  Kirov rayonundakı  43 saylı poliklinikanın cərrahı vəzifəsində davam etdirir. 1980-1982-ci illərdə  I Leninqrad Tibb İnstitutunda ordinatura təhsili aldıqdan sonrakı 5 il ərzində 17 saylı xəstəxanada cərrah kimi fəaliyyət göstərir. 1987-ci ildə professor İ. İ. Canelidze adına təcili yardın  ETİ-nun əvvəlcə Pankreatit sonra isə Şokogen zədəli xəstələrin müalicə şobəsində işləməyə başlayır. 

Ümidvar Ələkbərov 1990-cı ildə “Sinənin və qarının şokla müşaiyət olunan torakobdominal yarası” mövzusunda namizədlik dissertasiyasnı müdafiə edir. Az sonra o, çalışdığı şöbənin müdiri vəzifəsinə təyin olunur. Lakin, 1992-ci ildə Qarabağ müharibəsinin qızğın mərhələsində, doğma Vətənində peşəkar həkimə böyük ehtiyac olduğunu anlayan həkim öz xahişi ilə işindən azad olunaraq, Bakıya gəlir. Ona dərhal kapitan hərbi rütbəsi verilir və Müdafiə Nazirliyinin Mərkəzi Hospitalının Təxirəsalınmaz   cərrahiyə şöbəsinin rəisi vəzifəsinə təyin edilir. Bir ay hospitalda, sonrakı ayı isə bütövlükdə döyüş xəttində əməliyyatlar aparmaq lazım gəlir. Bu cür həyat ritmi 3 il ərzində, ta atəş səsləri tam kəsilənə qədər davam elədi. 

Ümidvar Ələkbərov 1995-ci ildə yenidən Sankt-Peterburqa, əvvəliki iş yerinə qayıdır. 11 ay sıravi həkim kimi işləyir, sonra isə öz əvvəlki vəzifəsinə bərpa olunur. 

2001-ci ildə “Sinə-qurşaq nahiyəsinin güllə yarasından müalicə taktikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edən azərbaycanlı həkim-alim 2002-ci ildən Təcili Yardım ETİ-nun Torakobdominal zədələr şöbəsinin rəhbəridir. 

Əliyev Məmməd - 1955-ci il Tacikistan Respublikasının Kurqan Tube rayonunda anadan olub. Həkim olmaq istəyi onu Azərbaycan  Dövlət Tibb İnstitutuna (indiki ATU) gətirib. Ali təhsilini 1979-cu ildə tamamlayıb və Bakıdakı Respublika klinik xəstəxanasında anestezioloq-reanimotoloq, travmotoloq-ortoped vəzifələrində çalışıb. 1983-cü ildən Moskvadakı Pirorov adına Elmi Tibb Araşdırma Mərkəzinin aspiranturasında təhsil almağa başlayıb, tibb elmləri namizədi alimlik dərəcəsini qazandıqdan sonra, 1988-ci ildə Bakı Travmotologiya və Ortopediya institutunda  işləyib. 

Məmməd Əliyev doktorluq dissertasiyasını 1990-cı ildə Moskvada Bloxin adına Onkologiya Mərkəzində müdafiə edib. Mərkəzin direktoru, akademik Nikolay Trapeznikov azərbaycanlı həkimə özünün rəhbərlik etdiyi klinikada işləməsini təklif edir. Təklifi qəbul edən Məmməd Əliyev həmin vaxtdan Moskvada fəaliyyət göstərməyə və yaşamağa başlayır. 

İstedadlı həkim 1999-cu ildə “Osteogen sarkomanın müalicəsinin yeni metodlarının işlənməsi və klinik praktikada tətbiqi” işinə görə Rusiyanın Elm və Texnika üzrə Dövlət Mükafatına layiq görülür. 2003-cü ildə Rusiya Tibb Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilən alim 500-ə qədər digər elmi iş və məqalənin, o cümlədən 6 monoqrafiyanın, 2 metodik vəsaitin, 5 kitabın, 7 ixtira və 6 səmərələşdirici təklifin müəllifidir. 

2009-cu ildə Məmməd Bağır Əliyevin təşəbbüsü ilə sarkomanın öyrənilməsi ilə məşğul olan Rusiya və digər ölkə alimlərindən ibarət Şərqi Avropa Qrupu (East-Eurapean Sarcoma Group) yaradılıb. 

Məmməd  Əliyev hazırda Rusiya Tibb EA-nın Bloxin adına Onkologiya Mərkəzinin elm və müalicə işləri üzrə prorektoru,  eyni zamanda Uşaq onkologiyası və hemotologiya institutunun direktorudur. Rusiya Federasiyasının Əməkdar elm xadimidir. 

Məmmədov Mehman - 1967-ci ildə Bakıda anadan olub. Orta təhsilini Bakıdakı 261 saylı məktəbdə tamamlayıb. Yeri gəlmişkən, həmin məktəb hazırda onun doğma qardaşı, Vətən uğrunda döyüşlərdə şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı İlham Məmmədovun adını daşıyır. 

Mehman Məmmədov həkim olmaq arzusu ilə sənədlərini Tibb İnstitutuna (indi ATU)  imtahan vermiş və qəbul imtanalarından yüksək bal toplayaraq, Azərbaycan hökumətinin göndərişi ilə Seçenov adına 1 saylı Moskva Dövlət Tibb İnstitutunda (indi MDTA) təhsil almağa başlayır. 

O, əlaçı tələbələrdən olur, təhsilin sonunda isə ən ümidverən məzunlardan biri kimi Rusiya Federasiyası Prezidenti administrasiyasının Tibb mərkəzində kardiologiya üzrə ordinaturaya göndərilir. Ordinaturadan sonra Profilaktiki təbabət üzrə Dövlət Elmi Tədqiqat Mərkəzində işləməyə başlayır. Əmək fəaliyyətinin ilk iki ilində təbabətdə metobolik sindrom probleminin həllinə sanballı töhfələr verən gənc həkim 1995-ci ildə  elə bu mövzuda  namizədlik dissertasiyasını müdafiə edib. 3 il sonra, 1998-ci ildə, yəni cəmi 31 yaşında Mehman Məmmədov doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru alimlik dərəcəsini qazanıb. Tezliklə ona professor elmi adı  verilib. 

Alim-həkimin elmi axtarışlarının əsas istiqamətləri şəkərli diabet, ürək-damar xəstəlikləri, metabolik sindrom, hiperxolesterinemiya və buna oxşar xəstəliklərin diaqnostika və profilaktıkasıdır. O, 150-dən çox elmi məqalənin, 15 monoqrafiyanın müəllifi, kordiologiyaya həsr olunmuş 3 jurnalının redaksiya heyətinin üzvüdür. 

Professor Məmmədovun rəhbərliyi altında 9 namizədlik və 1 doktorluq dissertasiyası müdafiə edilib. 

Mehman Məmmədov hazırda Profilaktiki təbabət üzrə Dövlət Elmi Tədqiqat Mərkəzində laboratoriya müdiridir. Rusiya kardioloqlar Cəmiyyətinin İdarə heyətinin üzvü, Kardioloqlar cəmiyyətinin Ürək-damar xəstəlikləri seksiyasının həmsədridir.