İmtahanlarda kimlərin kimdən köçürdüyü texnoloji üsullarla dəqiq müəyyən edilir.
AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
"Hazırda paralel şəkildə iki proses gedir və bu proseslərə cəlb olunan şəxslərin adlarını çəkmək məqsədəuyğun deyil. Həmin proseslərdə əsasən müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslər iştirak edir və onlar uzun müddət real abituriyentlərlə ictimaiyyət nümayəndələri arasında süni maneələr yaradaraq imtahanlar barədə şayiələr və əsassız iddialar yayıblar".
Sədr qeyd edib ki, aparılan araşdırmalar göstərir ki, bəzi şəxslərin imtahanlar barədə yayılan şayiə və əsassız iddiaların arxasında fərqli məqsədlər dayanır. Onun sözlərinə görə, kimlərin riyakar, kimlərin isə səmimi mövqe tutduğu artıq cəmiyyət üçün aydın olub.
Məleykə Abbaszadə vurğulayıb ki, belə şəxslərin təhsil sistemindən və təhsil ətrafında fəaliyyət göstərən strukturlardan uzaqlaşması arzuolunandır. O bildirib ki, hazırlıq kurslarında yalnız peşəkar və vicdanla müəllimlik edən şəxslər fəaliyyət göstərməlidir.
DİM sədri əlavə edib ki, imtahan prosesləri daim nəzarətdə saxlanılır və köçürmə halları yalnız imtahan zallarında deyil, nəticələrin emalı mərhələsində də xüsusi alqoritmlər vasitəsilə aşkarlanır. Mövcud qaydalara əsasən, kimlərin kimdən köçürdüyü texnoloji üsullarla dəqiq müəyyən edilir.