2025-ci ildə keçirilən imtahanlara cəlb olunması nəzərdə tutulan nəzarətçilər bazası 15 476 nəfərdən ibarət olub.
AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov media nümayəndələri üçün imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbirdə çıxışı zamanı qeyd edib.
“Bunlardan 4 600 nəfəri zal nəzarətçisi sertifikatı almış şəxslərdir ki, bu da ümumi bazanın 29,7%-ni təşkil edir. Sertifikatlı nəzarətçilərin payı 2022-ci illə müqayisədə 17,7%, 2023-cü illə müqayisədə 11,9%, 2024-cü illə müqayisədə isə 3,9% artıb.”
O, həmçinin qeyd edib ki, ümumi təhsil müəssisələrindən cəlb edilən nəzarətçilər ümumi bazanın 82,2%-ni təşkil edir:
"Bu say 2022-ci il ilə müqayisədə təxminən 10,8%, 2023-cü il ilə müqayisədə təxminən 6,8%, 2024-cü il ilə müqayisədə 2,5% azalıb".