Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya texnologiyaları” ixtisasının 2025-ci il üzrə məzunu Nihad Məmmədov tam dövlət təqaüdü ilə dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirmək hüququ qazanıb.
Belə ki, o, Böyük Britaniyanın Vorvik, Bristol, Qlaszqo, Şeffield, London Queen Mary Universiteti, Litva Respublikasının Kaunas Texnologiya Universiteti və Macarıstanın Eotvos Lorand Universitetindən (ELTE) qəbul alıb.
7 universitetə qəbul alan N.Məmmədovun seçimi Vorvik Universiteti olub.
AzEdu.az təəssüratlarını öyrənmək məqsədilə onunla əlaqə saxlayıb.
Nəticəni sevinclə qarşılasa da, bu müddətdə bir qədər həyəcanlı olduğunu bildirib:
"Müraciət edən tələbələrin sayı bu il çox olduğuna görə bir qədər narahat idim. Həmçinin artıq çox insana mənfi geridönüş edilirdi. Ancaq nəticə məni yanıltdı. Sevincimi ilk olaraq təbii ki, valdeynlərimlə bölüşdüm.
Daha öncə heç xarici ölkədə olmamışam. Amma müəyyən proyektlər daxilində ailəmdən bir qədər uzaq qaldığım üçün gedəcəyim şəhərdə də adaptasiya ilə bağlı çətinliyim olacağını düşünmürəm. Bu yolda ən böyük dəstəkçim elə özüməm".
Qeyd edək ki, o magistratura səviyyəsində təhsilini “Data Analytics” ixtisasında davam etdirəcək.