Azedu.az

Xaricdə təhsil: Azərbaycan bu diplomları niyə qəbul etmir?

Xaricdə təhsil

29 Aprel 2025, 10:12
Xaricdə təhsil: Azərbaycan bu diplomları niyə qəbul etmir?

Son dövrlər xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının Azərbaycanda tanınmaması halları müşahidə olunur.

 

Bəs diplomların tanınmamasına səbəb olan əsas hallar hansılardır və gənclər xaricdə təhsil alarkən bu problemlə üzləşməmək üçün nələrə xüsusi diqqət yetirməlidirlər?

 

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov danışıb.

158998

Onun sözlərinə görə, əgər bir şəxs həqiqətən təhsil almaq məqsədilə xaricə gedirsə, bu o deməkdir ki, həmin tələbə o ölkədə yaşamalı və dərslərdə iştirak etməlidir:

 

“Əsas burada diplomun hansı universitetdən alındığına baxılır. Çünki həmin universitet öz ölkəsinin akkreditasiya qurumu tərəfindən universitet kimi tanınmayıbsa və ali məktəb lisenziyası yoxdursa, Azərbaycan da bu səbəbdən həmin universitetin diplomunu tanımır. Bu, birinci məsələdir.


İkinci olaraq, universitetdə təhsil alındığı müddətdə tələbə həmin ölkədə olmayıbsa, yəni pasportdakı giriş-çıxışlar dərs müddətləri ilə uyğun gəlmirsə və dərslərə davamiyyət baxımından uyğunsuzluq varsa, bu hallar suallar yaradır və nəticədə diplomun tanınmamasına səbəb olur”.

 

"Digər bir məsələ isə tələbənin aldığı təhsilin dilini bilməməsidir",- ekspert qeyd edib:

 

“Əgər tələbə heç bir şübhə yaratmırsa, əlbəttə, diplom təsdiqlənir. Ancaq hər hansı sual yaranarsa, tələbə müsahibəyə dəvət olunur. Yuxarıda da qeyd etdiyim kimi, əgər tələbə aldığı təhsilin dilini bilmirsə, bu zaman diplom təsdiqlənmir.


Ümumiyyətlə, problem yaşamamaq üçün insanlar həm özlərinə, həm də dövlətə qarşı dürüst olmalıdırlar. Yəni “universitetə oxumağa gedirəm” deyərkən əvvəlcə araşdırmalıdırlar ki, Azərbaycan Respublikasının Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə (TKTA) bağlı olan qurumun siyahısında həmin universitet var, ya yox. Tələbələr bu siyahıya baxmalıdırlar və getmək istədikləri universitet orada yer alırsa, bu, onların gələcəkdə diplomlarının tanınması baxımından əhəmiyyətlidir.


Bundan əlavə, əgər bir şəxs həqiqətən təhsil almaq məqsədilə xaricə gedirsə, bu o deməkdir ki, həmin tələbə o ölkədə yaşamalı və dərslərdə iştirak etməlidir. Ancaq dürüst olmayan yollarla, müxtəlif üsullarla diplom əldə etməyə çalışan şəxslərin sənədlərinin tanınmaması halları daha çox olur”.

 

“Tələbələrə tövsiyə edirəm ki, oxumaq istədikləri universitetin Azərbaycan Respublikasının müvafiq qurumu tərəfindən tanınıb-tanınmadığını onların rəsmi saytından yoxladıqdan sonra qərar versinlər”, - deyə ekspert vurğulayıb.

TƏCİLİ! ŞOK açıqlama - ABŞ Putini qalib elan etdi
Son xəbərlərDaha çox