Təcrübəsi az olan gənclər bəzi təhsil şirkətlərinə üz tutur. Lakin çox vaxt vətəndaşlar həmin şirkətlər tərəfindən aldadılmağa məruz qalır. Yalan vədlər verərək, onları yubadaraq əslində öz məqsədləri üçün insanlardan istifadə edirlər.
Nəticə etibarilə abituriyentlər həm pulundan, həm də universitet xəyallarından olur.
Bəs, görəsən, belə bir həssas məqamda abituriyentlərə, xüsusilə də valideynlərə hansı məqamlarda diqqətli olmaq tövsiyə olunur?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov qeyd edib ki, təcrübəsi olmayan şəxslər reputasiyası güclü olan xaricdə təhsil şirkətlərinə müraciət etməlidirlər:
“Abituriyentlər, tələbələr ilk növbədə baxmalıdırlar ki, bu işi özləri görə bilərmi? Əgər internetdən istifadə etməyi bacarırsa, kompüteri varsa, həmçinin belə bir dövrdə - süni intellektin yayıldığı bir vaxtda – tələbələrin heç nəyə ehtiyacı yoxdur ki, kiməsə müraciət etsin.
Əgər bu məsələ ilə bağlı müəyyən təcrübəyə sahib deyillərsə, səhv etməkdən qorxurlarsa, o zaman təcrübəli, reputasiyası güclü olan xaricdə təhsil şirkətlərinə müraciət etməlidirlər.
Hələ dünən açılmış, heç kəsin tanımadığı hər hansı bir şəxslərə bu işi tapşırmamalıdırlar. Yəni 3-5 illik bu fəaliyyətlə məşğul olan, artıq hamı tərəfindən təsdiq olunan, onlarca insan tərəfindən xidmətlər almış, sınanmış şirkətlərdən bu formada xidmət ala bilərlər. Bu, dünyada da yayılmış bir xidmət növüdür.
Lakin buna baxmayaraq, mütləq ehtiyatlı olmaq lazımdır. Belə ki, müraciət edən şəxslər hər şeyi (hara və necə müraciət olunduğu haqda) soruşmalıdırlar. Bir sözlə, prosesin içində olmalıdırlar. Prosesin kənarında dayanıb, pulu verib, “hər şey sənlikdir, mən heç nə ilə maraqlanmıram” demək olmaz. Mütləq və mütləq təhsil şirkəti ilə danışanda işin hansı hissəsində, hansı məqamında olmağın lazım olduğunu soruşmaq lazımdır.
Bəzən şirkət “filan qədər pul verməlisən və artıq özünü universitetdə bil” deyir. Bu formada belə qeyri-dəqiq, qeyri-müəyyən danışırlar. Belə birinə artıq etibar etmək olmaz. Buna görə də valideynlər də bu mənada ayıq-sayıq olmalıdır”, - deyə Q. Məhərrəmov fikrini tamamlayıb.