Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə insanlar bəzən, xaricdə təhsil almağa üz tutur.
Azərbaycanda da xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi isə Asiya ölkələrində təhsil almağı hədəf seçib.
Son zamanlar tələbələr Macarıstanda təhsil almağa daha çox üstünlük verir.
Maraqlıdır, görəsən, tələbələrin Macarıstanda ali təhsil alması Azərbaycan təhsilinə nə qazandırıb?
AzEdu.az bununla bağlı yazını sizə təqdim edir:
“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu sözlərinə görə, Macarıstanda ali təhsil almaq hər zaman tələbələrin diqqət mərkəzində olub:
“Macarıstanda ali təhsil almaq o tələbələrin diqqət mərkəzində olub ki, onlar xüsusi seçilmiş, aktivlərdir. Macarıstan Azərbaycan vətəndaşları üçün xüsusi proqram hazırlayıb. Bu proqramda tələbələr təhsil haqqından azaddırlar. Tələbələrin yaşayış xərclərinin qismən ödəmək nəzərdə tutulduğuna görə orada oxumağa daha üstünlük verirlər.
Macarıstanla müəyyən milli, həm də beynəlxalq münasibətlər sahəsində çoxlu bağlantılarımız var. Xalq olaraq mədəniyyətlərin bölüşməsi baxımından Macarıstanda təhsil almaq yaxşıdır. Macarıstan Mərkəzi Avropa ölkəsi olaraq düşünürəm ki, Azərbaycan təhsil sahəsindən daha üstündür. Ali təhsil ocaqlarında təhsilin keyfiyyəti müəllimlərin məvacibləri ilə ölçülür. Nəzərə salsaq ki, Macarıstanın ali təhsil ocaqlarında dərs deyən müəllimlərin professor və müəllim heyətinin məvacibləri də yüksəkdir. Macarıstanda təhsil alan tələbələrin digər şansları da odur ki, Avropa Birliyinin və müxtəlif Avropa komissiyasının təşkil etdiyi ERASMUS buna oxşar digər təqaüd proqramlarında onlar kifayət qədər iştirak edirlər. Bu baxımdan tələbə üçün həmin ölkənin universitetlərində təhsil almaq faydalıdır”.
Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev açıqlaması zamanı bildirib ki, Avropada ali təhsil almaq Azərbaycanda illərlə xərc ödəyib, alınan təhsildən hər mənada üstündür:
“Avropa təhsili ilə Azərbaycandakı təhsili müqayisə etmək nə dərəcədə düz olduğunu bilmirəm. Bu təhsil xüsusən təqaüdlü olarsa... Azərbaycanlı tələbələrin Macarıstanda onların hesabına ali təhsil alması maddi imkanı az olan ailələrə xaricdə oxumaq şansı verir.Orada oxumaq bizim təhsildən narazı olan tələbələrə daha gözəl təhsil şansı yaradır. Bir sözlə xərc ödəmədən Avropa təhsili almaq, illərlə xərc ödəyib Azərbaycanda aldığın təhsildən hər mənada dəfələrlə üstündür.
Macarıstanda Budapeşt Business School-da təhsil alan Murad Aslanın sözlərinə görə, orada ali təhsil almaq tələbələri daha çox tənqidi düşünməyə meyl etdirir:
“Macarıstanda təhsil almaq mənə beynəlxalq tədris metodikasında biliklər, karyera irəliləməsi qazandırdı. Azərbaycanda təhsil daha çox nəzəriyyə əsaslıdır, Macarıstanda isə daha çox tənqidi düşünməyə meyl edilir”.