Azedu.az

ADPU yüksək nəticə göstərən tələbələrinə bu imtiyazları verir

Universitetlər

18 Avqust 2025, 09:25
ADPU yüksək nəticə göstərən tələbələrinə bu imtiyazları verir

Hər il bəzi universitetlər yüksək bal toplayan tələbələr üçün motivasiya xarakterli xüsusi imtiyazlar təqdim edir. Məqsəd tələbələri akademik göstəricilərini yüksəltməyə təşviq etmək və onların təhsil imkanlarını genişləndirməkdir. 

AzEdu.az bu imtiyazları öyrənmək məqsədilə universitetlərin mətbuat xidmətləri ilə əlaqə saxlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirilib ki, burada tələbələr üçün bir sıra təqaüd imkanları mövcuddur. Dövlət sifarişi və ödənişli əsaslarla təhsil alan əyani təhsil alan tələbələrə təqaüd ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə təyin olunur. Dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019/2020-ci ildən artırılmağa başlanıb və hazırda 70%-ə qədər çatır.

Bundan əlavə, 2017-ci ildən SABAH qruplarının tələbələrinə məqsədli təqaüd verilir.

ADPU Elmi Şurasının qərarına əsasən, hər il universitetə ən yüksək balla qəbul olan və imtahan sessiyalarında ÜOMG-si yüksək olan tələbələrə 14 adda adlı təqaüdlər təqdim olunur. Bu təqaüdlərin məbləği 204 manatla 250 manat arasında dəyişir və imtahan sessiyasından sonrakı semestr ərzində verilir.

Hər il Pedaqoji Universitetə ən yüksək balla qəbul olunan tələbəyə 1 il ərzində "Firudin bəy Köçərli" təqaüdü (aylıq 125 AZN), ondan sonra gələn və 600 bal və daha yüksək bal toplayan ilk 10 tələbəyə isə birinci tədris ilinin ilk semestri ərzində "UĞUR" xüsusi təqaüd proqramı ilə aylıq 200 AZN  təqaüd verilir.

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (THİK) tərəfindən isə hər semestr ictimai fəal və akademik göstəriciləri yüksək olan 14 tələbəyə 300 AZN birdəfəlik təqaüd təqdim edilir. 2025/2026-cı ildən etibarən THİK bakalavriat üzrə ixtisas seçimində birinci yerdə ADPU-nu seçən ən yüksək ballı tələbəyə 400 AZN, filiallar və magistratura səviyyəsində ən yüksək balla qəbul olunan tələbəyə isə 500 AZN birdəfəlik xüsusi təqaüd veriləcək.

Bunlardan əlavə, 500 bal və daha yüksək nəticə ilə müəllimlik ixtisaslarını birinci və ya ikinci yerdə seçərək qəbul olan tələbələr, 4 il müddətinə Elm və Təhsil Nazirliyinin “Gələcəyin müəllimi” təqaüdünü (aylıq 100 AZN) almaq şansına da malikdirlər.

Qeyd edək ki, “Gələcəyin müəllimi” təqaüdü Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən verilir. Təqaüd təkcə Pedoqoji Universitetdə deyil, bütün universitetlərdə müəllimlik ixtisaslarını birinci və ya ikinci yerdə kodlaşdırıb qəbul alan tələbələrə təqdim olunur. Hər il kvota daxilində müəyyən sayda tələbə bu təqaüddən faydalana bilər. Təqaüd dörd il müddətinə verilir və tələbənin akademik göstəriciləri mütəmadi olaraq yoxlanılır. Əgər tələbə hər semestr yüksək akademik nəticələr göstərərsə, universiteti bitirənədək bu təqaüddən yararlana bilər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox