"Bəzi valideynlər elə düşünür ki, ixtisas seçimi başlayar-başlamaz kodlaşdırma aparsalar, övladlarının qəbul olunmaq şansı daha yüksək olar. Ancaq belə bir anlayış yoxdur".
Bu sözləri AzEdu.az-a təhsil eksperti Elçin Murad söyləyib.
O qeyd edib ki, ixtisas seçimi vaxtında edilməli və sistem vaxtında bağlanmalıdır:
"Avqustun 19-u, gecə saat 12-yə qədər sistem açıqdır və bu müddət ərzində hər kəs istədiyi vaxt ixtisas seçimi edə bilər. Təbii ki, ixtisas seçimini gec etmək, xüsusilə də son saatlara saxlamaq ciddi risk yaradır. Nəticə etibarilə bu proses kompüter sistemi üzərində qurulub və son günə, son saata saxlamaq sistemdə çətinliklərə səbəb ola bilər. Belə hallarda bəzən sistem donur, səhv verir və ya seçimləri qəbul etmir. Bu isə abituriyentin ixtisas seçimi prosesində uğursuz nəticə ilə üzləşməsinə gətirib çıxara bilər".
Bu il DİM ixtisas seçiminə başlama tarixini də gecikdirdi
"Bu cür halların qarşısını almaq üçün abituriyentlər ixtisas seçimini düşünülmüş şəkildə və vaxtında etməlidirlər. Gecikmələr səbəbindən Dövlət İmtahan Mərkəzi də bəzən məcbur qalaraq kodlaşdırma müddətini azı 12 saat uzadır. Bu isə ümumi dərs ilinin başlanmasına da təsir edir. Belə ki, ixtisas seçimi müddəti uzandıqca nəticələrin elan olunması da gecikir. Bu, həmçinin 11 illik kolleclərə ixtisas seçimlərini də ləngidir. Nəticədə, sentyabrın 15-də başlamalı olan dərslər bəzən sentyabrın 20-də, hətta oktyabrın 1-də başlayır.
Bütün bu səbəblərə görə ixtisas seçimi vaxtında edilməli və sistem vaxtında bağlanmalıdır. Bu il DİM ixtisas seçiminə başlama tarixini də gecikdirdi. Proses avqustun 11-də deyil, avqustun 5-də də başlaya bilərdi. Avqustun 1-dən 11-nə qədər olan müddət isə boş keçdi".