2025-2026-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesinin I mərhələsi başa çatıb. www.portal.edu.az platforması vasitəsilə 36 278 nəfərdən 123 930 müraciət daxil olub. Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. Peşə təhsilinə müraciətlərin sayında müşahidə olunan artım ildən-ilə Azərbaycanda peşəyə marağın artığını göstərir.
Ənənəvi ali təhsildən fərqli olaraq, peşə təhsili gənclərə daha qısa müddətdə konkret bir ixtisasa yiyələnmək və əmək bazarına daxil olmaq imkanı yaradır. Bu tendensiya həm dövlət siyasətində, həm də cəmiyyətin münasibətində öz əksini tapır. Müasir əmək bazarı getdikcə daha çox praktik bacarıqlara malik, ixtisaslaşmış kadrlara ehtiyac duyur. Sənaye, informasiya texnologiyaları, xidmət və kənd təsərrüfatı kimi sahələrdə peşə təhsilli mütəxəssislərə tələbat artır. Bu da gəncləri və valideynləri peşə təhsilinə yönləndirir.
Ali təhsil 4-6 il davam etdiyi halda, peşə təhsili 1-3 il ərzində tamamlanır. Bu, həm vaxt, həm də maddi baxımdan daha sərfəlidir. Eyni zamanda tələbələr real iş şəraitində təcrübə toplayaraq əmək bazarına daha hazır şəkildə daxil olurlar.
Son dövrlər Azərbaycan hökuməti peşə təhsilinin inkişafını prioritet sahələrdən biri kimi müəyyənləşdirib. Yeni peşə məktəblərinin açılması, mövcud infrastrukturun yenilənməsi və beynəlxalq təcrübənin tətbiqi bu sahəyə olan etibarı artırır. Əvvəllər cəmiyyətdə peşə təhsilinə olan münasibət o qədər də müsbət deyildi. Ali təhsil daha prestijli hesab olunur, peşə təhsili isə son seçim kimi qəbul edilirdi. Lakin bu yanaşma tədricən dəyişir. Uğurlu karyera qurmuş bir çox peşə sahibləri, sahibkarlar və texniki mütəxəssislər peşə təhsilinin real dəyərini nümayiş etdirirlər.
Texnoloji inkişaf və sənayeləşmə prosesi peşə təhsilli kadrların əhəmiyyətini daha da artıracaq. Robot texnologiyaları, avtomatlaşdırılmış sistemlər, yaşıl enerji, aqrar sahələr və xidmət sektoru kimi istiqamətlərdə ixtisaslı mütəxəssislərə ehtiyac artmaqda davam edəcək. Bu isə peşə təhsilinə marağın daha da artacağını göstərir.
Peşə təhsili XXI əsrin dəyişən əmək bazarı şəraitində daha böyük əhəmiyyət kəsb etməyə başlayıb. Texnoloji inqilab, avtomatlaşdırma, rəqəmsallaşma və qlobal ixtisaslaşma bu sahənin inkişafını zəruri və qaçılmaz edir. Bu baxımdan peşə təhsilinin gələcək perspektivləri həm iqtisadi, həm sosial, həm də texnoloji baxımdan olduqca ümidvericidir.
Gələcəkdə peşə təhsili ənənəvi sahələrlə yanaşı, rəqəmsal texnologiyalar, proqramlaşdırma, kibertəhlükəsizlik, ağıllı istehsal kimi sahələri də əhatə edəcək. Müasir dövrdə texniki mütəxəssislər yalnız fiziki bacarıqlarla kifayətlənməməli, eyni zamanda rəqəmsal dünyaya adaptasiya olmalıdırlar. Peşə təhsil müəssisələrinin bu istiqamətdə tədris proqramlarını yeniləməsi vacibdir.
İqlim dəyişikliyi və davamlı inkişaf hədəfləri fonunda yaşıl texnologiyalar və ekoloji yönümlü peşələr sürətlə inkişaf edir. Gələcəkdə alternativ enerji, tullantıların idarə olunması, ekoloji kənd təsərrüfatı və s. sahələrdə peşə ixtisaslarına ehtiyac daha da artacaq. Bu isə peşə təhsili üçün yeni istiqamətlərin açılmasına şərait yaradacaq.
Gələcək əmək bazarı çevik və tez adaptasiya olan işçilərə ehtiyac duyacaq. Buna görə də mikro-ixtisaslar, modul əsaslı təlimlər və qısa müddətli sertifikat proqramları peşə təhsilində daha geniş tətbiq olunacaq. Bu modellər insanlara peşə dəyişdirmə və ya öz bacarıqlarını təkmilləşdirmə imkanı verəcək.
İstehsalat müəssisələri ilə peşə təhsil müəssisələri arasında sıx əməkdaşlıq gələcəkdə əsas trendlərdən biri olacaq. İşəgötürənlərin tələblərinə uyğun proqramların hazırlanması, təcrübə proqramlarının təşkili və birgə layihələr tələbələrin daha hazırlıqlı şəkildə əmək bazarına daxil olmasını təmin edəcək.
Cəmiyyətin peşə təhsilinə münasibəti də dəyişməkdədir. Artıq gənclər yalnız ali təhsil deyil, həm də praktik bacarıq qazandıran, əmək bazarında rəqabət üstünlüyü verən peşə təhsilini real alternativ kimi görürlər. Gələcəkdə bu baxış daha da güclənəcək və peşə təhsili sosial nüfuz baxımından da yüksələcək.
Qloballaşma və əmək miqrasiyası fonunda beynəlxalq standartlara uyğun peşə təhsili vacib olacaq. Avropa və digər regionlarla uyğun sertifikatlaşdırma, dil hazırlığı, və universal bacarıqlar kimi sahələr önə çıxacaq. Bu da məzunlara xarici ölkələrdə işləmək imkanları yaradacaq.
Peşə təhsili təkcə əmək bazarının tələbini ödəyən mexanizm deyil, həm də gənclərə layiqli həyat qurmaq üçün real fürsətlər təqdim edən mühüm bir platformadır. Texnologiyanın sürətli inkişafı, ekoloji çağırışlar və dəyişən iqtisadi reallıqlar fonunda bu sahənin gələcək perspektivləri kifayət qədər geniş və dinamikdir.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov deyir ki, informasiyanın son dərəcə çox olduğu bir dövrdə peşə seçimi getdikcə çətinləşir. Peşəni doğru seçmək üçün həm ailə, həm də məktəblərin daha məlumatlı olması üçün imkanlar yaratmalıyıq. Bu məqsədlə peşəyönümlü işləri məktəblərdə daha keyfiyyətli şəkildə aparmaq vacibdir. Vətəndaşlara və şagirdlərə peşələr haqqında məlumat daha əlçatan olmalıdır. Valideynlər övladlarına seçim etməyə şərait yaratmalıdır. İndiki dövrdə şagirdlər texnologiyaya yönəldikləri üçün valideyn və müəllimlər bu prosesdə iştirak etməsələr də, internetdən ixtisaslar haqqında məlumat əldə edə bilirlər. Peşə təhsili müəssisələrindən istəyimiz odur ki, uşaqlar yalnız eşitməsin, eyni zamanda, görsünlər: "Məsələn, qaynaqçı işinin əhəmiyyətini bəzən başa düşmürük. Ancaq ətrafımıza baxanda hər sahədə qaynaq işinin yerini görmək olur. Şagirdlərə peşələrin əhəmiyyətini göstərə bilmədiyimiz üçün cəmiyyət olaraq bunu daha geniş şəkildə təqdim etməliyik. Uğur hekayələrini cəmiyyətə çatdırmaq da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə maraq varsa və sevərək işləyirsənsə, həyatda uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb, həm də cəmiyyət tərəfindən dəstəklənməlidir. Təhsil müəssisələrində doğru sistemli maarifləndirmə və peşəyönümlü işlər, ailələrdə isə övladlara peşələr haqqında məlumat vermək düzgün seçim etməyə kömək edir. Gənclər daha çox ürəklərinin səsini dinləyərək düşüncələrinə əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait yaradılmalıdır".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, peşə təhsili təkcə bir alternativ deyil, əmək bazarının strateji tələblərinə cavab verən əsas təhsil formalarından biridir. Bu sahəyə yatırılan investisiya, yalnız fərdi inkişaf deyil, eyni zamanda ölkənin iqtisadi və sosial sabitliyi üçün vacib addımdır: “Gələcəyin texniki və peşəkar işçi qüvvəsinin yetişməsi üçün peşə təhsilinə olan baxış dəyişməli, bu sahəyə cəmiyyət tərəfindən daha artıq dəyər verilməlidir.
Professora görə, peşə təhsili ölkənin iqtisadi inkişafı və işsizliyin azaldılması baxımından əsas alətlərdən biridir. Bu sistem gənclərin vaxt itirmədən əmək bazarına çıxışını təmin edir və onları real bacarıqlarla silahlandırır: “Peşə təhsili konkret sahələr üzrə praktik bilik verir, bu da onu bazarın tələblərinə daha yaxın edir. Sənaye, tikinti, kənd təsərrüfatı və xidmət sahələrində peşəkar texniki kadrlara ciddi ehtiyac var. Bu ehtiyacı yalnız peşə təhsili qarşılayır. İxtisaslı işçi qüvvəsi iqtisadiyyatın sürətli inkişafı və istehsalatın artımı üçün əsas faktordur. Peşə təhsili, xüsusilə region gənclərinin erkən yaşda işə başlamasına, ailələrinə və cəmiyyətə töhfə verməsinə şərait yaradır. Peşə təhsili bir seçim deyil, zərurətdir. Əgər bu sahəyə kifayət qədər diqqət yetirilsə, ölkədə nə işsizlik, nə də kadr çatışmazlığı problemi qalmaz”.
Şahlar Əsgərov bildirib ki, ələcəyin uğurlu insanı təkcə diplom sahibi deyil, bacarıq sahibi olacaq. Peşə təhsili isə bu bacarığın təməlini qoyan ən güclü vasitədir: “Texnologiyanın sürətli inkişafı fonunda bir çox ənənəvi ixtisaslar ya dəyişir, ya da tamamilə sıradan çıxır. Gələcəyin əmək bazarında bacarıq əsaslı, çevik və praktik biliklərə sahib insanlara ehtiyac artacaq. Bu baxımdan, peşə təhsili gələcəyin əsas təhsil forması olacaq. Peşə təhsili qısa müddətdə spesifik bacarıqlar qazandırır. Bu, sürətlə dəyişən bazarda çevik cavab vermək üçün əvəzsizdir. Yeni texnologiyalar bəzi peşələri sıradan çıxarsa da, texniki servis, mexanika, proqram təminatı dəstəyi kimi sahələrdə bacarıqlı kadrlara tələbat artacaq. Peşə təhsilindən keçmiş şəxslər yalnız işçi yox, öz işini qura biləcək fərdlər kimi yetişir. Bu isə ölkənin kiçik və orta biznes sahəsinin inkişafına güclü təkan verir”.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ali təhsilli, lakin işsiz insanların sayı çoxdur. Halbuki, konkret peşəyə yiyələnmiş şəxslər daha tez və daha sabit iş tapa bilir. Bu, təhsil sistemində praktikanın azlığı ilə əlaqədardır. Peşə təhsili isə təcrübə üzərində qurulduğuna görə daha effektivdir: “ Gələcəkdə peşə təhsili təkcə texniki deyil, rəqəmsal biliklər – proqramlaşdırma əsasları, süni intellekt, avtomatlaşdırma texnologiyaları ilə də zənginləşdiriləcək. Bu, məzunların 4-cü sənaye inqilabına uyğun iş tapmaq şansını artıracaq”.
Ekspert hesab edir ki, təcrübə proqramları və ikili təhsil modeli (tədris + iş təcrübəsi) peşə təhsilini daha cəlbedici edər. Tələbələr yalnız işçi yox, eyni zamanda öz biznesini qura biləcək şəxs kimi formalaşdırılmalıdırlar. Əmək bazarında önəmli olan ünsiyyət, komandada işləmək, qərarvermə kimi “soft skills” də tədris planlarına daxil edilir. Peşə təhsilində “modul əsaslı” və “mikro-kredensiyal” sistemi yayılmağa başlayır. Bu, insanların qısa müddətdə spesifik bacarıq əldə etməsinə imkan yaradır.
Nərmin Qarazadə