Jurnalistika cəmiyyətin informasiya axınını tənzimləyən, ictimai fikrin formalaşmasına təsir göstərən mühüm peşə sahələrindən biridir. Bu sahəyə maraq göstərən gənclərin sayı hər il artır və nəticədə jurnalistika fakültələrinə qəbul zamanı seçim prosesi daha diqqətli həyata keçirilir. Bəziləri hesab edir ki, bu fakültələrə qəbul zamanı qabiliyyət imtahanı tətbiq olunmalıdır. Lakin bu fikrə qarşı arqumentlər kifayət qədər güclüdür. Əslində, jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanına ehtiyac yoxdur və bunun bir neçə əsaslı səbəbi var.
Jurnalistika yaradıcılıq tələb edən bir sahə olsa da, bu bacarıq doğuşdan gələn istedaddan daha çox təhsil və təcrübə ilə formalaşır. Yəni tələbənin yazı qabiliyyəti, analitik düşüncə tərzi, müsahibə aparmaq bacarığı və digər peşəkar keyfiyyətləri ali təhsil müddətində də uğurla inkişaf etdirilə bilər. Tələbəni qabaqcadan qabiliyyətinə görə kənarlaşdırmaq potensial imkanların qarşısını almaq deməkdir. Qabiliyyət imtahanlarında qiymətləndirmə obyektiv meyarlarla aparılmadıqda, nəticələrə etirazlar və narazılıqlar qaçılmaz olur. Jurnalistikada yaradıcı yanaşma və fərqli baxış bucaqları vacibdir. Belə olduqda, “düzgün cavab” anlayışı mücərrəd hala gəlir və qiymətləndirən şəxsin şəxsi yanaşması nəticəyə ciddi təsir göstərə bilər. Bu da qəbul prosesində şəffaflığın və ədalətin pozulması ilə nəticələnə bilər.
Əlavə imtahan mərhələsi əlavə hazırlıq və əlavə xərclər deməkdir. Bəzi abituriyentlər qabiliyyət imtahanına hazırlaşmaq üçün xüsusi kurslara gedə və ya fərdi hazırlıq ala bilər, digərləri isə maddi imkan səbəbilə bu şansı itirər. Bu hal sosial bərabərsizliyi artırır və istedadlı, lakin imkanı zəif olan gənclərin yolunu bağlaya bilər.
Hal-hazırda tətbiq olunan test imtahanları abituriyentin ümumi dünyagörüşü, dil biliyi, məntiqi düşünmə qabiliyyəti kimi vacib meyarları qiymətləndirmək üçün kifayət qədər effektiv vasitədir. Jurnalistika sahəsində də bu biliklər əsas baza rolunu oynayır. Tələbə bu əsas biliklərlə ali məktəbə daxil olduqdan sonra, praktiki və nəzəri biliklərlə ixtisaslaşa bilər.
Qlobal təcrübəyə nəzər saldıqda görürük ki, bir çox ölkələrdə jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanı tələbi yoxdur. Bunun əvəzinə, universitetlər daxil olduqdan sonra tələbələrin praktik yönümlü dərslərlə qabiliyyətini inkişaf etdirməsinə şərait yaradır. Bu yanaşma tələbənin potensialını məhdudlaşdırmadan, onu düzgün istiqamətlə inkişaf etdirməyə imkan verir.
Qabiliyyət imtahanı ideya olaraq jurnalistika sahəsində bacarıqlı gəncləri seçmək məqsədi daşısa da, onun tətbiqi çoxsaylı problemlər yarada bilər. Bu imtahanların subyektiv və qeyri-bərabər qiymətləndirilməsi, əlavə maddi yük və potensial tələbələrin erkən mərhələdə rədd edilməsi təhsildə bərabərlik və inkişaf prinsiplərinə ziddir. Ən doğru yanaşma – tələbələrin qabiliyyətini ali təhsil müddətində aşkar edib inkişaf etdirməkdir. Buna görə də jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanına ehtiyac yoxdur.
Ekspertlərin fikrincə, jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanının tətbiqi ideyası, nəzəri baxımdan cazibədar görünsə də, real praktikada bu, həm texniki, həm də etik baxımdan müəyyən çətinliklər yaradır. Əvvəla, belə imtahanların obyektiv keçirilməsi çox çətindir, çünki yaradıcı sahələrdə qiymətləndirmə subyektiv meyarlarla aparıla bilər. Digər tərəfdən, yazı qabiliyyəti və analitik düşüncə kimi bacarıqlar universitet təhsili zamanı öyrədilə və inkişaf etdirilə bilər. Əsas məsələ bu istiqamətdə güclü tədris mühitinin yaradılmasıdır. Gəncləri qabaqcadan 'bacarıqlısan' və ya 'bacarıqsızsan' kimi təsnif etmək, çox vaxt onların gələcək inkişaf imkanlarını məhdudlaşdırır.
Bu fikir göstərir ki, peşəkar mühitdə də qabiliyyət imtahanlarının tətbiqinə skeptik yanaşan mütəxəssislər kifayət qədərdir. Əsas vurğu isə təhsilin keyfiyyətinin artırılmasına yönəldilməlidir, nəinki ilkin mərhələdə tələbələrin süni filtrasiyasına.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professor Qulu Məhərrəmli deyir ki, jurnalistika sahəsi nə musiqi, nə rəssamlıq, nə də aktyorluq kimi xüsusi istedad və texniki bacarıq tələb edən bir sənət deyil: “Jurnalistika ədəbi yaradıcılıq və xüsusi qabiliyyət tələb edən sahə deyil. Burada yaxşı kadr hazırlamaq üçün jurnalistika tədrisini daha da yaxşılaşdırmaq kifayətdir. Hazırda bu yamaq imtahan Dövlət İmtahan Mərkəzi üçün əlavə qayğı, abituriyentlər və onların valideynləri üçün vaxt itkisi və yersiz həyəcandır. Ən önəmlisi odur ki, praktikada bunun heç bir faydası yoxdur. Çünki abituriyent burada esse yazır. Heç kim bu esse ilə jurnalist olmur. Esse yazmaq ədəbi yaradıcılığa, müəyyən mənada publisistikaya aiddir. Belə bir qabiliyyət hər kəsdə ola bilər. Bizdə orta məktəblərdə düşündüyünü ifadə etməyi öyrədirlər. Hekayə qurmaq, ona forma vermək, giriş, əsas hissə və nəticəyə gəlmək kimi qabiliyyətlər şagirdlərə öyrədilir. Şübhəsiz ki, jurnalistika ədəbi yaradıcılıq deyil. Bu cəmiyyətlə bağlı olan sosial institutdur. Reportyorda, şərhçidə təhsil aldıqdan sonra müəyyən yazı qabiliyyəti formalaşır. Amma indidən abituriyentləri ibarəli yazmağa, obrazlı yazmağa yönəltməklə faktiki olaraq jurnalistikanın mahiyyətini təhrif edirik”.
Professor qeyd edib ki, əgər özümüzü qonşu Türkiyə ilə müqayisə etsək, görərik ki, orada jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı tələb olunmur. Bəs bizdə niyə var? Bu təklifi irəli sürənlərin niyyəti, yəqin ki, xoş olub. Ancaq bu yanaşmanın arxasında ideoloji düşüncə, daha doğrusu, Sovet dövründən qalma bir ənənə dayanır. Guya jurnalist yaxşı oçerk, esse və ya inşa yazmağı bacarmalıdır. Halbuki bu, jurnalistikanın mahiyyəti deyil: “Esse və felyeton yazmaq - yəni subyektiv hiss və düşüncələri ifadə etmək bədii yaradıcılığa aiddir, jurnalistikaya yox. Yaxşı jurnalist yetişdirmək üçün intellektual səviyyəsi yüksək, yaxşı hazırlıqlı tələbələr seçilməli, tədrisin keyfiyyəti artırılmalı və praktikaya əsaslanmalıdır. Dərsləri bu sahədə təcrübəsi olan, peşəkar jurnalistlər tədris etməli və tələbələr də jurnalistikanı real praktik mühitdə öyrənməlidirlər. Əks halda, bəsit mövzularda yazılmış esse və oçerklərlə jurnalist yetişdirmək mümkün deyil. Bu cür yanaşma jurnalist olmaq üçün heç bir zəmanət vermir".
Nərmin Qarazadə