İxtisas seçiminə sayılı günlər qalıb. Abituriyentlər mart ayından sentyabr ayına qədər həyəcan, narahatlıq və təşviş içində olurlar. İlk olaraq buraxılış imtahanı, sonra blok imtahanı, ardınca ikinci şans və müəyyən qabiliyyət imtahanları bütün bu mərhələlər onlar üçün gərgin və həyəcanlı günlər idi. İndi isə həyəcanın pik nöqtəsi başlayır, ali məktəbə qəbul ola bilməmə və ya istədikləri ixtisasa düşə bilməmə qorxusu onları narahat edir.
Abituriyent və valideynlərinə bu dövrdə hansı məsləhətləri vermək olar?
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli AzEdu.az-a fikirlərini bölüşüb.
O qeyd edib ki, gənclər üçün bu dövr sadəcə təhsil həyatında deyil, həm də gələcək karyera və sosial mövqelərində mühüm rol oynayacaq qərarların verildiyi bir zaman kəsiyidir
"Bu günlərdə abituriyentlərin və onların ailələrinin yaşadığı psixoloji vəziyyət heç də adi bir hal deyil. Mart ayından bu yana ard-arda gələn imtahan mərhələləri buraxılış, blok, təkrar şans və qabiliyyət sınaqları onların həm fiziki, həm də emosional gücünü xeyli sərf edib. Bu uzunmüddətli proses təkcə akademik biliklərin yox, eyni zamanda stresslə mübarizə bacarıqlarının da sınağa çəkildiyi bir dönəm olub. İndi isə ən kritik mərhələyə ixtisas seçiminə və qəbul nəticələrinin gözlənilməsinə qədəm qoyulub.
Bu mərhələ, əslində, bir növ qeyri-müəyyənliyin və gözləntilərin qovuşduğu psixoloji gərginliyin pik nöqtəsidir. Gənclər üçün bu dövr sadəcə təhsil həyatında deyil, həm də gələcək karyera və sosial mövqelərində mühüm rol oynayacaq qərarların verildiyi bir zaman kəsiyidir. Ona görə də, qəbul ola bilməmək və ya arzuladığı ixtisasa düşməmək qorxusu, çox zaman onların özünəinamını sarsıdır, bəzən dəyərsizlik hissi yaradır. Təəssüf ki, bu, bəzən depressiya hallarına, hətta psixoloji dəstəyə ehtiyac yaranacaq qədər ağır vəziyyətlərə gətirib çıxarır".
Bu nöqtədə həm abituriyentlərə, həm də valideynlərə çatdırmaq istədiyim əsas mesaj budur: bu mərhələ həyatın sonu deyil.
"Qəbul imtahanı uğurun yeganə göstəricisi deyil və heç bir imtahan insanın dəyərini müəyyən etmir. Gənclər unutmamalıdırlar ki, həyatlarında bir çox imkanlar qarşılarına çıxacaq və bu imtahan yalnız onlardan biridir. Hətta ixtisas seçimi zamanı edilən səhvlər belə zamanla düzəldilə, yön dəyişdirilə bilər. Ən önəmlisi, bu mərhələdə öz daxili güclərinə inanmaq, emosiyalarını sağlam şəkildə idarə etmək və gələcəyi realist gözlərlə dəyərləndirməkdir".
Valideynlərə isə tövsiyəm budur: övladlarını imtahan nəticələri ilə qiymətləndirməsinlər
"Onların duyğularını dinləsinlər, sərt müqayisələrdən və təzyiqlərdən çəkinərək, dəstəkləyici və anlayışlı bir yanaşma sərgiləsinlər. Çünki gənclər bu dövrdə anlayışa, emosional dayaq olmağa daha çox ehtiyac duyurlar. Onları motivasiya edən, gələcəyə dair ümid verən sözlər bəzən yüzlərlə motivasiya kitabından daha təsirli ola bilər.
Unutmayaq ki, bu dövr nə qədər çətin olsa da, keçicidir. Dəstək verən bir cəmiyyət, anlayışlı valideynlər və psixoloji gücünü qorumağı bacaran gənclər bu çətinliyi daha sağlam şəkildə arxada qoyurlar. Təhsil bir yoldur, amma həyat bir bütövlükdür və bu yolda hər kəsin uğur fürsəti var".