Azedu.az

Müəllim ictimai çıxışlarda şəxsi fikrini universitetə aid etməməlidir -  Professor

Universitetlər

Müəllimlər və elm adamları

30 Aprel 2025, 12:21
Müəllim ictimai çıxışlarda şəxsi fikrini universitetə aid etməməlidir -  Professor

“Universitet müəlliminin və ya professorunun ifadə azadlığı onun ali məktəb qarşısındakı peşəkar və institusional öhdəliklərindən ayrılmalıdır”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov səsləndirib.

 

Professorun sözlərinə görə, akademik azadlıq çox ciddi məsələdir:

 

“Nazir də çıxışları zamanı bu mövzuya hər zaman diqqət yetirir. Hər bir peşə sahibinin olduğu kimi, universitet əməkdaşlarının da öhdəlikləri var. Belə ki, onlar daim mükəmməlliyə, yenilikçiliyə sadiq qalmalı və durmadan işləməlidirlər. Universitet müəlliminin və ya professorunun ifadə azadlığı onun ali məktəb qarşısındakı peşəkar və institusional öhdəliklərindən ayrılmalıdır.

 

Məsələn, bir müəllim şəxsi sosial şəbəkəsində və ya mətbuatda özünü reklam edərkən bu, onun universitetdəki peşəkar fəaliyyətinə və vəzifələrinə zidd olmamalı, amma eyni zamanda şəxsi reklam kimi təqdim edilməlidir.

 

Universitet üzvü ictimai çıxışlarında, məqalələrində və ya müsahibələrində öz şəxsi fikirlərini ifadə edərkən bu fikirlərin universitetə aid olmadığını rəsmi olaraq açıq şəkildə bildirməlidir. Yəni “bu, mənim şəxsi fikrimdir” deməyi unutmamalıdır. Beləliklə, ictimaiyyət bu fikri universitetin rəsmi mövqeyi kimi qəbul etməməlidir.

 

Bu prinsip həm akademik azadlığı qoruyur, həm də universitetin neytral və institusional bütövlüyünü təmin edir. Universitetin üzvləri - müəllimlər, tədqiqatçılar və digər əməkdaşlar - ictimaiyyət qarşısında çıxış edərkən (məsələn, konfranslarda, müsahibələrdə, sosial şəbəkələrdə, məqalə və ya rəy yazılarında) şəxsi fikirlərini ifadə edə bilərlər. Lakin bu zaman onlar öz fikirlərinin universitetin rəsmi mövqeyi kimi başa düşülməməsinə xüsusi diqqət yetirməlidirlər.

 

Əgər şəxsə universitet tərəfindən bu səlahiyyət verilməyibsə, o zaman heç bir halda “Universitet belə düşünür” və ya “Bizim universitet bu mövzuda belə mövqe tutur” kimi ifadələr işlətməməlidir. Əks halda bu, ictimaiyyətdə yanlış təsəvvür yarada bilər və universitetin neytrallığına xələl gətirə bilər. Fikirlərin ifadəsi etik və peşəkar çərçivədə həyata keçirilməlidir. Ümumiyyətlə, universitet adından sözçülər - rəsmi açıqlama verən şəxslər - belə bir mövzuda olduqca diqqətli olmalıdırlar".

Rusiya Belarusa ordu yığır - Dəhşətli hücum başlayır?
Son xəbərlərDaha çox