Abituriyentlər tələbə adını qazandıqdan sonra iş imkanları haqqında düşünür, bunun bəzi məqamlardakı əlçatmazlığı onları narahat edir. Çünki bir çoxları bölgələrdən gəlib şəhərdə təhsil alırlar. Onların əksəriyyəti maddi sıxıntıya görə təhsil aldığı müddətdə işləmək, gündəlik xərclərini qarşılamaq istəyir. Digər ölkələrdə tələbələrə iş izni müəyyən şərtlər daxilində, həftəlik saata əsasən olur. Həmçinin, əcnəbilərə də işləmək üçün iş izni verilir və bu ölkəyə əsasən dəyişir.
Bəs, Azərbaycanda tələbələr hansı işlərdə çalışa bilər və bunun üçün neçə saat iş izni verilir?
AzEdu.az-a açıqlama verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin dekan müavini Habil müəllim bildirib ki, tələbələrdən dərsdən sonra həm işləyən, həm də işləməyənləri var. Bu, təbii ki, onların seçim və istəklərindən asılıdır.
Qaydalara gəlincə isə...
“Bununla bağlı heç bir qayda mövcud deyil. Fasiləsiz təhsil sistemidir, tələbə imtahandan kəsilirsə, kredit borcu qalırsa, yenidən həmin fənn üzrə digər kurslarda oturmalı olur. Amma tələbə ancaq elmlə məşğul olmalıdır ki, gələcəkdə yaxşı bir mütəxəssis ola bilsin. Tələbə həm oxuyub, həm işləyirsə, bu zaman heç kim onlara deyə bilməz ki, niyə işləyirsən? Dolanmaq üçün işləyirlər. Bizi maraqlandıran odur ki, o dərsini oxusun, iştirak etsin, imtahanları uğurla versin. Sonra gedib işləyirlərsə, biz qarışa bilmərik”.
Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov bildirib ki, qanunvericilikdə bununla bağlı heç nə nəzərdə tutulmayıb:
“Əmək Məcəlləsinə görə əyani təhsil alan tələbənin əmək fəaliyyəti ilə məşğul olmasına icazə verilmir, yalnız, qiyabi təhsil alanlara iş izni verilir. Amma praktiki olaraq təbii ki, belə deyil. Avropa və Amerikada müəyyən saata icazə verilir ki, bu da kampus daxilində ola bilər. Ümumi baxsaq, burada dəyişiklik zəruridir. Keçən il “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Baloniya sistemində tələbələr daha az kredit götürə bilərlər. Əgər əvvəllər hər semestr 30 kredit götürülməli idilərsə, Nazirlər Kabinetinin təsdiqindən sonra daha az kredit götürərək 4 il deyil, məsələn, 6-8 ilə universiteti bitirə bilərlər. Burada kredit sayı 12 -dən az olmamalıdır. Belə olduqda tələbənin kifayət qədər vaxtı qalır. Yəqin ki, bunu Əmək Məcəlləsi ilə də uyğunlaşdırarlar. Əvvəlki qaydada onsuz da rəsmi dövlət qurumları tələbəni işə götürə bilmirdi, özəl sektorlar isə qanunsuz götürürdülər.
E.Süleymanov qeyd edib ki, bizdə tələbələrin hansı sektorda işləyə bilməsi üçün hər hansı qayda yoxdur:
“Qiyabi təhsil alanların işləməsi arzuolunandır, çünki kifayət qədər vaxtları olur. Bəzi şirkətlər buna da problem yarada bilir, çünki il ərzində iki dəfə imtahan sessiyaları olur. Əmək Məcəlləsində dəyişiklik olduğu halda əyani təhsil alanlara iş izni verildikdə, təbii ki qiyabidən fərqli olacaq. Onlar müəyyən vaxtlarda (part time) işləyə biləcəklər. Bizim bir çox universitetlərdə məsələn, II,IV kurslar səhər, I,III kurslar isə günorta oxuyur. Bu, Baloniya sisteminin tələbidir. “Part time” sistemi də dünyada geniş yayılıb. Tələbənin oxuyaraq işləməsi Qərbdə və Amerikada hətta arzuolunandır. Nəzəriyyə ilə praktika üst-üstə düşür. Bizdə də yaxşı olardı müəyyən saatlarda çalışsınlar, bu halda həm maddi vəsait qazana, həm də pulu idarəetmə praktikası əldə edə bilərlər”.