Bakı Mühəndislik Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin məzunu Elmir Muxtarov magistratura dərəcəsində təhsilini davam etdirmək üçün əksəriyyəti dünyanın nüfuzlu universitetləri sırasında yer alan 11 təhsil ocağından müsbət cavab alıb.
Həmin universitetlər sırasında Harvard Universiteti (ABŞ), Kembric Universiteti (Birləşmiş Krallıq), Çikaqo Universiteti (ABŞ), UCL (Birləşmiş Krallıq), Sinqapur Milli Universiteti, “Kolumbiya Universiteti (ABŞ), Miçiqan Universiteti (ABŞ), “Sciences Po” (Fransa), Corc Vaşinqton Universiteti (ABŞ), Amerikan Universiteti (ABŞ), Antverpen Universiteti (Belçika) kimi nüfuzlu təhsil ocaqları var.
AzEdu.az Elmir Muxtarovla müsahibəni təqdim edir.
Əvvəlcə onu öz dilindən tanıyaq...
-Mən Elmir Muxtarov, 23 yaşım var. Qax rayonunda anadan olmuşam. Orta təhsilimi də Qax şəhər 2 saylı orta məktəbdə bitirmişəm. Daha sonra FLEX proqramı çərçivəsində 1 il ABŞ-da təhsil almışam. Bakalavr təhsilimi Bakı Mühəndislik Universitetində dövlət sifarişi əsasında Dünya İqtisadiyyatı ixtisası üzrə başlamış, 2019-cu ildə isə bitirmişəm.
-Bakalavr təhsili müddətində fəaliyyətinizdən bir az danışardınız. Tələbə olaraq nə kimi aktivlikləriniz olub?
-Birinci kursdan etibarən daimi olaraq Model BMT simulyasiyalarında iştirak etmişəm. Bu tədbirlərin bilik və bacarıqlarımın inkişafına xeyli müsbət təsir göstərdiyinə əminəm. 2017- 2018 - ci akademik ilində universitetimizin Model BMT klubunun rəhbəri kimi fəaliyyət göstərmişəm. Ümumilikdə son 5 il ərzində 16 MUN konfransında nümayəndə kimi, 8 konfransda isə sədr-təşkilatçı rolunu üstələnmişəm.
Bundan əlavə, Avropa Gənclər Parlamentinin 84-cü beynəlxalq sessiyasının iqtisadiyyat komitəsində Azərbaycanı təmsil etmiş, “NAYORA”-ın təşkil etdiyi “Gənc Elçilər” proqramını bitirmiş, “Mən Paşa Bankın təqaüdçüsüyəm” proqramına seçilmiş və 2 il müddətində 8-ci BMT dayanıqlı inkişaf məqsədi (İqtisadi Artım və Layiqli Əmək) üzrə Gənc Səfir olaraq fəaliyyət göstərmişəm.
Tələbələlik illərində sosial fəaliyyəti Azərbaycanın sərhədləri ilə məhdudlaşmayıb
-Tələbə olduğum son il ərzində İqtisadi və Sosial İnkişaf Mərkəzində əvvəl təcrübəçi, daha sonra isə tədqiqatçı kimi çalışmışam. Orada işlədiyim zaman bir neçə yazım müxtəlif yerlərdə dərc olunub. Həmçinin, Azərbaycanın Avrasiya İttifaqına daxil olmasının potensialını araşdıran həmmüəllifi olduğum elmi məqalə Kaliforniya Universitetinin “Communist and Post-Communist Studies” jurnalında 2019-cu ildə dərc olunub. Həmin ilin oktyabr ayında “Mərkəzi Avrasiya Araşdırmalar Cəmiyyəti”nin dəvət və sponsorluğu ilə Corc Vaşinqton Universitində Azərbaycan və Mərkəzi Asiyanın iqtisadi-siyasi inteqrasiyası haqqında yazdığım yazını təqdim etməklə konfransın ən gənc iştirakçısı olmuşam.
-Magistratura pilləsinə hazırlıq prosesi və universitetlərə müraciətinizdən bir bir az danışardınız...
-Xaricdə magistr təhsili almaq planı artıq bir neçə ildir ki, mənim hədəflərimdə idi. Bu səbəbdən bakalavrda oxuduğum müddətdə mümkün qədər həm qiymət ortalamamı yuxarı tutmaq, həm sosial layihələrdə iştirak etmək, həm də iş təcrübəsi qazanmaq üçün çalışdım. Son 2 il ərzində IELTS və GRE imtahanlarına daxil oldum. 2020 - ci ilin Avqust – Sentyabr aylarında imtahan nəticələrim, akademik və professional iş təcrübəm və karyera maraqlarımı nəzərə alaraq müraciət edəcəyim universitetlərin seçimini bitirdim. Sentyabrdan Yanvarın ortalarına qədər seçdiyim bütün universitetlərə müraciətlərimi göndərdim.
-Və beləliklə dünyanın 11 nəhəng universitetindən müsbət cavab aldınız. Hər kəs üçün maraqlıdır, hansını seçməyi düşünürsüz?
-Yetərli maliyyə resurslarının tapılması halında ilkin seçimim şübhəsiz olaraq oxumaq istədiyim sahə üzrə dünya reytinqlərində birinci yerdə olan Harvard Universitetidir. Əgər bu mümkün olmasa, Kembric, Çikaqo və Sinqapur Milli Universiteti də əsas seçimlərim arasındadırlar. Lakin onlarda da maliyyə məsələsi hələlik tam həllini tapmayıb.
-Ümumilikdə, gələcək fəaliyyətinizi hansı istiqamətdə və hansı ölkədə davam etdirməyi düşünürsüz?
-Magistr təhsilimi bitirdikdən sonra Azərbaycana qayıtmağı və ictimai sektorda fəaliyyət göstərməyi planlayıram.
-Seçdiyiniz universitetdə təhsil alacağınız müddətdə nə kimi fəaliyyət planlarınız var?
-İlkin planım dərs strukturunu mümkün qədər iqtisadi inkişaf ətrafında qurmaq olacaq. Təhsil alacağım universitetdən asılı olaraq orada olan azərbaycanlı və Azərbaycan əsilli tələbələrlə şəbəkə yaratmaq və ya hazırda mövcud olan şəbəkəyə qoşulmağı planlayıram. Eyni zamanda, mənimlə eyni akademik maraqlara (fiskal siyasət, iqtisadi inteqrasiya və təbii sərvətlərin idarə olunması) malik tələbə və fakültə üzvləri ilə akademik tədqiqat aparmaq istəyərdim.
-BMU-nun Dünya iqtisadiyyatı ixtisası üzrə məzunsuznuz. Bəs Azərbaycan iqtisadiyyatında nə kimi yenilik yaxud dəyişikliklər etməyi düşünərsiz?
-Düşünürəm ki, hazırda demək olar ki, bütün dünya ölkələri kimi Azərbaycanın da qarşısında duran bir nömrəli prioritet uzunmüddətli, dayanıqlı və inkluziv iqtisadi inkişafa çatmaqdır. Ölkəmizin tükənən təbii sərvətlərlə zənginliyini də nəzərə aldıqda bu məsələ daha da önəmli olur. Buna görə də, gələcək fəaliyyətimi bu istiqamətdə qurmağı düşünürəm.
-Sizin kimi xaricdə nüfuzlu universitetlərdə təhsil almağı hədəfləyən tələbələrə bu yolda nə kimi tövsiyələriniz var?
-Bəlkə də hər il yüzlərlə Azərbaycan gənci özlərinə yetəri qədər inanmadıqlarından onların həqiqətən də layiq olduqları universitetlərdən daha zəiflərinə yollanmalı olurlar. Ona görə tövsiyə edərdim ki, müraciət etdikləri zaman ən azından 2 - 3 yüksək reytinqli universitetlərə də müraciət etməkdən çəkinməsinlər. Çünki bəzən, böyük imkanlar bizə bizim düşündüyümüzdən daha yaxındırlar.
Son olaraq Elmir bəy təhsilini davam etdirmək üçün dəstəyə ehtiyacı olduğunu bildirib
-Yuxarıda qeyd etdiyim kimi, birinci seçimim olan Harvard Universitetində təhsil xərclərinin maliyyəsi problemi ilə üzləşirəm. Oxumaq istədiyim ixtisas üzrə Harvard Universitetinin təqaüd proqramlarının demək olar ki, hamısı xüsusi qruplara yönəldiyindən (ABŞ-da yaşayan etnik azlıqlar, Ərəb Birliyi ölkələrinin vətəndaşları və s.) universitet tərəfindən təqaüd tapmaq mümkün olmadı. Hazırda təhsilimin maliyyələşməsi üçün mümkün olan yolları axtarıram. Əgər bu istiqamətdə mənə kömək edəcək dövlət qurumu, təşkilat və ya özəl şirkət varsa mənimlə əlaqə saxlamalarını xahiş edirəm.