QS 2026 “Ən Yaxşı Tələbə Şəhərləri” reytinqinə görə, Cənubi Koreyanın paytaxtı Seul Londonu geridə qoyaraq dünyanın ən əlverişli tələbə şəhəri elan olunub. Bu siyahı hər il təhsil keyfiyyəti, yaşayış xərcləri, tələbə məmnuniyyəti, mədəni imkanlar və karyera perspektivləri kimi meyarlar əsasında hazırlanır.
AzEdu.az xarici mənbəyə istinadən xəbər verir ki, reytinqin tərtibçiləri Seulun uğurunu bir neçə əsas amillə izah edirlər. Şəhərdə təhsil haqqı digər böyük tələbə mərkəzlərinə nisbətən daha münasibdir. Bundan əlavə, burada çoxmillətli tələbə icması formalaşıb və bu, beynəlxalq tələbələr üçün həm akademik, həm də sosial mühitdə rahatlıq yaradır. Seul, eyni zamanda, Asiyanın ən nüfuzlu ali məktəblərindən bəzilərinə ev sahibliyi edir.
Mütəxəssislər bildirirlər ki, şəhərin inkişaf etmiş nəqliyyat infrastrukturu, təhlükəsizliyi və zəngin mədəni həyatı tələbələrin gündəlik həyatını daha rahat və maraqlı edir. Eyni zamanda, Cənubi Koreyanın texnologiya və innovasiya sahəsindəki sürətli inkişafı tələbələr üçün geniş karyera imkanları açır.
Londonun reytinqdə ikinci yerə enməsi isə əsasən yüksək yaşayış xərcləri və təhsil haqlarının bahalığı ilə izah olunur. Seulun birinci yerə yüksəlməsi, ekspertlərin fikrincə, Asiyanın qlobal təhsil bazarında artan nüfuzunun göstəricisidir.