Azedu.az

Tələbə və doktorantlara dövlət qayğısının növbəti əyani təzahürü

Tələbələr

25 İyul 2025, 12:15
Tələbə və doktorantlara dövlət qayğısının növbəti əyani təzahürü

Məlum olduğu kimi, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılıb. Fərmanla həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib.Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.


Həmçinin Prezidentin digər sərəncamı ilə ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği də artırılıb. Belə ki, doktorantura səviyyəsi üzrə - elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat,  fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat,  ali təhsil müəssisələrində: magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat,   akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat,  akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 manat təyin olunub.  
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 manat,  akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat,  akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat,  orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 manat,  akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 manat, akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 manat,  eşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 manat, akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 manat müəyyən edilib.  


Müasir dövrdə təhsilin inkişafı hər bir cəmiyyətin sosial-iqtisadi tərəqqisinin əsas dayaqlarından biridir. Bu inkişafı təmin etmək üçün yalnız keyfiyyətli tədris sistemi deyil, eyni zamanda tələbələrin sosial rifahı da önəmli rol oynayır. Bu baxımdan, tələbələrə təqaüdlərin verilməsi və təqaüd məbləğinin ildən- ilə artırılması böyük əhəmiyyət daşıyır.Təqaüdlər tələbələrə böyük maddi dəstəkdir.  Bu dəstək xüsusilə aztəminatlı ailələrdən olan tələbələr üçün böyük əhəmiyyət kəsb  edir. Belə ki, aldıqları  təqaüdlə onlar  xərclərinin böyük bir qismini qarşılamış olurlar.  


Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, elmi savadı,  biliyi ilə seçilən tələbələrə təqaüdlərin verilməsi ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Prezident tərəfindən ölkədə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi,  tələbələrin maddi vəziyyətlərinin, sosial  rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm qərarlar verilir.  Qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa  marağın yaranmasında əhəmiyyətli rol oynayır.: " Prezidentin az öncə imzaladığı  sərəncamlar 100 mindən çox gənci sevindirdi. Əminəm ki, tələbələrin akademik göstəricilərinə əsaslanan diferensial təqaüdlərin müəyyən edilməsi onların motivasiyasının artırılmasına, təhsilə məsuliyyətli yanaşmalarına və uğurlu nəticələr əldə etmələrinə ciddi təsir göstərəcək. Həmçinin akademik göstəricilər əsasında təqaüdün verilməsi tələbələrin daha məsuliyyətli və planlı şəkildə oxumasına şərait yaradacaq. Gələcəyimiz sayılan gənclərimiz bu stimullaşdırıcı tədbirlərdən ruhlanaraq ölkəmiz üçün layiqli kadrlar kimi yetişəcək, eyni zamanda elm arxasınca gedənlərin sayı daha da artacaq".


Millət vəkili Mehriban Vəliyevanın sözlərinə görə,  təqaüd məbləğinin artırılması onların təhsildə daha yüksək nəticələr əldə etməsi üçün əlavə stimul yaradır. Bu addım eyni zamanda tələbələrin sosial rifahını yaxşılaşdıraraq gündəlik xərclərinin qarşılanmasında mühüm rol oynayır. Təhsildə yuxarı nəticə göstərən tələbələrin təqaüd alması sosial ədalət və inklüzivlik prinsipini daha da möhkəmləndirir. Maddi dəstəyin gücləndirilməsi aztəminatlı ailələrdən olan gənclərin təhsildə davamlılığını təmin edərək təhsilə çıxış imkanlarını bərabərləşdirir. 


Millət vəkili vurğulayıb ki, doktorant təqaüdlərinin məbləğinin artırıllması elmi araşdırmaların inkişafına, gənc alimlərin stimullaşdırılmasına mühüm töhfə verir. Bu artım gənc tədqiqatçıların əlavə gəlir mənbələrinə ehtiyac duymadan elmi fəaliyyətə tam fokuslanmasına şərait yaradır, elm tutumlu iqtisadiyyatın inkişafını təşviq edir və elm sahəsində kadr axınının qarşısını almaqda mühüm rol oynayır. 


Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, tələbə təqaüdlərinin artırılması rifaha və tərəqqiyə xidmət edən mühüm addımdır. Nəticə etibarilə, biz nəzərə alsaq ki, tələbələrin əksəriyyəti Bakı şəhərində olan universitetlərdə təhsil alır, onların böyük bir hissəsi rayondan gələn tələbələrdir. Onların müvafiq olaraq Bakıda yerləşməsi və təhsil almaları kirayə mənzil tutmaları ilə nəticələnir. Kirayə mənzil tutmaq da tələbələrin maddi imkanını daha da çətinləşdirir: "Hal-hazırda olan artım  onların ümumi rifahına öz təsirini göstərmiş olacaq". 


Təhsil eksperti Etibar Əliyev Prezidentin tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndirib: "Tələbə təqaüdlərinin artımı onların yaşayış səviyyəsinin yaxşılaşmasına, eyni zamanda tədris ləvazimatlarının tələbələr tərəfindən əldə olunmasına köməklik göstərən bir sərəncamdır. Biz bilirik ki, universitetlərin böyük əksəriyyətinin yataqxanaları yoxdur və tələbələr kirayə evlərdə yaşayırlar. İndi kirayə evlər də çox bahadır. Düşünürəm ki, yaxın gələcəkdə tələbələrin təqaüdlərinə yenə də artımların olması onların keyfiyyətli tədrisinə də köməklik göstərəcək. Bununla tələbə maddi vəsaitinin bir hissəsini kirayə yaşadığı mənzil sahibinə ödəyə bilər. Bu, həm də müəyyən tələbələr arasında tədrisdəki uğurlarına görə rəqabət mühiti və bir çox tələbələrdə motivasiya yarada bilər".


Millət vəkili Hikmət Babaoğlunun sözlərinə əsasən,hazırda dünya yeni, 4-cü sənaye inqilabı ərəfəsindədir və xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha amansız bir mərhələyə qədəm qoyur. Gələcəkdə dünyada söz sahibinə çevriləcək xalqlar da elə bu mübarizənin qalibi olan xalqlar olacaq. Ona görə də bu mühüm tarixi prosesdə geridə qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir. Bu mənada təqaüdlərin artırılması ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq.


Azərbaycan Dövlət  İqtisad Universitetinin (UNEC) tələbəsi Zaur Hüseynov vurğulayıb ki, yaxşı oxuyan tələbə olaraq təqaüdünün artması xəbərini sevinclə qarşılayıb: "Bu xoş  xəbər mənim kimi bir çox tələbənin də sevincinə səbəb oldu. Ölkə başçısına təşəkkürümü bildirirəm ki, biz gəncləri daim diqqət mərkəzində saxlayır, qayğı və dəstəyini əsirgəmir. Sosial şəbəkələri izləyən insan olaraq deyə bilərəm ki, bu sərəncamlar hər kəs tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, yazılan rəylər, söylənilən fikirlər bunu deməyə əsas verir. Prezidentimizin təhsilin inkişafına yönəlmiş islahatları bir gənc olaraq məni qürurlandırır, gələcəyə böyük inam yaradır". 

Nərmin Qarazadə

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox