Avstraliya hökuməti ali təhsil sahəsində subsidiyalı yerlərin ayrılmasına dair yeni yanaşma tətbiq etməyi planlaşdırır. Hazırkı modeldə müəyyən ixtisaslara daha çox subsidiya ayrılsa da, hökumət bu sistemin bərabərsizliyə səbəb olduğunu bildirir.
AzEdu.az-ın xarici mənbədən aldığı məlumata əsasən Əməkçi Partiyanın (Labour) rəhbərlik etdiyi hökumət qeyd edir ki, bəzi tələbələr subsidiya dərəcələrinə görə istəmədikləri ixtisaslara yönəlirlər. Xüsusilə humanitar sahələrdə subsidiya azaldıldığından bu fənlərə maraq azalır. Yeni təklif edilən sistemdə isə tələbələr öz maraqlarına uyğun ixtisas seçərkən subsidiyadan eyni dərəcədə faydalana biləcəklər.
Avstraliya Təhsil Nazirliyi bildirir ki, dəyişikliklər həm təhsil keyfiyyətini artıracaq, həm də əmək bazarının ehtiyaclarını daha dəqiq qarşılayacaq. Bununla yanaşı, tələbələrin akademik azadlığı da genişlənəcək.
Yeni sistemin 2026-cı ildən etibarən tətbiqinə başlanılması gözlənilir.