ABŞ Təhsil Nazirliyi tələbə borclarının silinməsi ilə bağlı tətbiq edilən “İnteqrasiya Olunan Güzəşt Rejimi”ni (SAVE Plan) müvəqqəti olaraq dayandırıb. Bu qərar minlərlə tələbəni və kredit borcu olan vətəndaşı narahat edib.
AzEdu.az-ın xarici mənbədən əldə etdiyi məlumata əsasən Nazirliyin yaydığı açıqlamada bildirilir ki, proqramın icrasında texniki və hüquqi problemlər üzə çıxdığından araşdırma aparılana qədər borc silinməsi prosesi dayandırılır. Qeyd edək ki, proqram çərçivəsində aylıq ödənişlər gəlir səviyyəsinə uyğun tənzimlənir və müəyyən müddətdən sonra borcun qalan hissəsi silinir.
Təhsil siyasətçiləri və vətəndaş cəmiyyəti nümayəndələri bu qərarın tələbələrə və borclulara mənfi təsir edəcəyini bildirirlər. Onların fikrincə, bu addım hökumətin tələbə borcu böhranını yumşaltmaq səylərinə ziddir.
Xatırladaq ki, ABŞ-də tələbə kreditləri ölkənin ən ciddi sosial-iqtisadi problemlərindən biridir. Hazırda ölkədə ümumi tələbə borcu 1.7 trilyon dolları keçib.
Mütəxəssislər hesab edir ki, proqramın dayandırılması borclular üçün qeyri-müəyyənlik yaradacaq və alternativ həll yollarına ehtiyac yaranacaq.