Xəbər verdiyimiz kimi, ötən gün Təhsil Tələbə Krediti Fonduna müraciət üçün qeydiyyat bitib.
Maraqlıdır, ən çox hansı universitetin tələbələri təhsil krediti üçün müraciət edib?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Tələbə Kredit Fonduna sorğu ünvanlayıb.
Fonddan sorğumuza cavab olaraq bildirilib ki, cari semestr ərzində təhsil tələbə kreditlərindən ən çox yararlanan ali təhsil müəssisələri sırasında Azərbaycan Dövlət İqtisad Universiteti ilk sırada yer alır:
"Ardınca Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universiteti qərarlaşır. Bu, qeyd olunan universitetlərdə təhsil alan tələbələrin kredit imkanlarından daha aktiv şəkildə istifadə etdiyini göstərir.
Ümumilikdə isə, Fond fəaliyyətə başladığı gündən etibarən bu günədək elektron portala 70546 müraciət daxil olmuşdur. Bu müraciətlərin nəticəsində 57226 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kreditlərin 37458-i (65.46 %) standart növ, 19768-i (34.54 %) isə sosial növ təhsil tələbə kreditləridir.
Rəsmiləşdirilmiş kredit müqavilələrinin 2024/2025-ci tədris ilinin yaz semestri üzrə gender bölgüsünə nəzər saldıqda, qadınlar üzrə 6497, kişilər üzrə isə 3403 kredit müqaviləsi rəsmiləşdirilmişdir. Bu nisbət, qadın tələbələrin təhsil kreditlərindən istifadə baxımından daha fəal olduqlarını ortaya qoyur.
Qeyd etmək lazımdır ki, bu günədək bağlanmış 57000-dən artıq təhsil tələbə krediti müqaviləsinin 20500-dən çoxu yalnız 2024/2025-ci tədris ilinə aiddir ki, bu da ümumi göstəricinin təxminən 35 faizini təşkil edir.
Təhsil tələbə kreditləri üzrə müraciət dövrü başa çatsa da, daxil olmuş ərizələrin emal prosesi hal-hazırda davam etməkdədir".