Azedu.az

İqtisadçı: Tələbə təqaüdləri 35-40% artırılmalıdır

Tələbələr

Universitetlər

13 İyun 2025, 13:28
İqtisadçı: Tələbə təqaüdləri 35-40% artırılmalıdır

Azərbaycanda təhsil alan tələbələrin sosial və iqtisadi şəraiti ildən-ilə çətinləşir. Milli valyutanın dəyər itirməsi, inflyasiya, pulun dövriyyə sürətinin azalması bir çox sahələrə olduğu kimi, tələbələrin də təhsil və sosial həyatına birbaşa təsir göstərir.

 

Bu barədə AzEdu.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

 

Ekspert qeyd edib ki, məhz bu səbəbdən minlərlə tələbə kifayət qədər bal toplayıb ali məktəbə qəbul olsa da, maddi imkansızlıqdan dolayı təhsildən imtina edir:

 

“Kirayə, qida və nəqliyyat xərcləri nəzərə alındıqda, hazırkı təqaüdlər tələbənin xərclərini qarşılamaq üçün kifayət etmir. Bu gün tələbənin maddi azadlığı yoxdur ki, sosial həyatı da olsun. Əksər tələbələr maddi ehtiyaclarını dərs saatlarından sonra işləməklə ödəməyə çalışırlar. Təqaüdlərin artırılması isə əsasən tədris ili başlayanda, tələbə sayı və digər göstəricilər nəzərə alınmaqla müəyyənləşdirilir. Düşünürəm ki, tədris ili ərəfəsində bu məsələ aktuallaşa və artım ola bilər. Təqaüdlər ən azı 35-40% artırılmalıdır ki, tələbə real bazar qiymətləri ilə ayaqlaşa bilsin”.

 

Günay Hüseynovanın sözlərinə görə, tələbə təqaüdlərinin artırılması Nazirlər Kabinetinin hazırladığı sosial paket və Prezidentin sərəncamı ilə həyata keçirilə bilər:

 

“Bu qərarın tezləşdirilməsi üçün rəsmi kütləvi müraciətlər edilməli, eyni zamanda məsələ Milli Məclisdə gündəmə gətirilməlidir. Tələbələrin sosial rifahının yaxşılaşdırılması üçün bir neçə qurumun qarşılıqlı fəaliyyəti vacibdir. Təqaüdlər artırılarkən inflyasiya göstəriciləri, nəqliyyat və qida xərcləri nəzərə alınmalı, bu hesablamalar tələbələrə uyğun şəkildə aparılmalıdır”.

 

Ekspert əlavə edib ki, tələbə rifahının artırılmasında yalnız dövlət deyil, özəl sektor da iştirak etməlidir:

 

“Mağazalar şəbəkələri, çörək zavodları, marketlər - bunlar özəldir, amma hansında tələbə üçün xüsusi endirim var? Olmazmı ki, tələbələrə xüsusi endirim kartları təqdim olunsun? Məsələn, o kartla çörək 40 qəpik, kartof 50 qəpik, makaron 20 qəpik, ətin kilosu isə 8-9 manat olsun? Bu, həm tələbənin yükünü azaldar, həm də sosial məsuliyyətli yanaşmanın nümunəsi olar.

 

Cəmiyyətdə bəzən sui-istifadə halları ilə bağlı narahatlıqlar olur. Amma nəzərə almaq lazımdır ki, bu kartlar şəxsiyyət təsdiqləyici şəkilli və yalnız tələbəyə məxsus olarsa, bu risklər minimuma enər. Bu gün bəzi kafelərdə endirimlər olur, amma tələbənin pulumu var ki, o kafeyə getsin? Olsa belə, ayda neçə dəfə gedə bilər?

 

Cəmiyyət və iqtisadçılar olaraq belə təklifləri irəli sürmək bizim vəzifəmizdir. Əsas məqsəd tələbələrin yalnız təhsil alması yox, həm də layiqli sosial şəraitdə yaşamasını təmin etmək olmalıdır".

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox