Təhsil gənclərin həyatında mühüm mərhələlərdən biridir. Lakin ali təhsil almaq bəzən gənclərə maliyyə baxımından çətinlik yarada bilir. Bu səbəbdən bir çox tələbə təhsil xərclərini qarşılamaq üçün təhsil tələbə kreditindən yararlanmağa üstünlük verir.
Maraqlıdır, ən çox hansı universitetin təhsilalanları təhsil tələbə kreditinə müraciət edib?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Tələbə Təhsil Kredit Fonduna sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirilib ki, Təhsil Tələbə Krediti Fondu təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrə dəstək olmaq məqsədilə 2021-ci ildə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb:
"Təhsil tələbə kreditlərindən ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani və ödənişli əsaslarla təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları təhsil tələbə kreditindən yararlana bilərlər.
2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditinə müraciət artıq 17 fevral tarixindən başlayıb. Yaz semestri üzrə təhsil tələbə krediti əldə etmək üçün Fonda məxsus elektron portala 6271 müraciət daxil olmuş, 4364 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.
Ötən il ərzində olduğu kimi, bu il də təhsil krediti alan universitetlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci yerdədir.
Nəzərinizə çatdıraq ki, hal-hazırda 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət prosesi semestr sonuna kimi davam edəcəkdir".