Azedu.az

Diplom var, iş yox - "Universitetlər praktik bacarıqlı mütəxəssis yetişdirə bilmir"

Tələbə və şagird

Universitetlər

17 Mart 2025, 15:27
Diplom var, iş yox - "Universitetlər praktik bacarıqlı mütəxəssis yetişdirə bilmir"

“Bu gün ali təhsilli diplomluların təcrübəsizliyi, lazımı bacarıq və vərdişlərə tam yiyələnməmələri işəgötürən üçün əsas bəhanəyə çevrilib".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov qeyd edib.

 

Onun sözlərinə görə heç kəsə gizli deyil ki,  bu gün bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib:

 

“Dünyada baş verən texnoloji dəyişikliklər və biznes münasibətlərində yaranan yeni şərait əmək bazarına da təsirsiz ötüşmür. Heç kəsə gizli deyil ki,  bu gün bakalavriat və magistraturaya böldüyümüz ali təhsilin ikinci pilləsini bitirənlərin belə işə düzəlməsi müşkülə çevrilib. Özünə hər hansı bir münasib iş tapmaq üçün, CV deyilən anketini min bir təşkilata göndərməlisən. İşdir, sənə hansısa bir iş təklifi gəlsə, yenidən hansısa əlavə kursları bitirməyin, təcrübə toplamaq məqsədilə sınaq mərhələsini keçməyin, müsabiqə və imtahanlarda iştirak etməyin tələb olunacaq. Belə olduğu halda, düşünülür ki, universitetlər ixtisaslar üzrə normal bir kadr hazırlayıb, ortaya çıxara bilmirlər.

 

Halbuki, təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlхalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sоsial və iqtisadi inkişafında rоlu ilə müəyyən edilir. Bir sözlə ixtisası üzrə iş tapmaq diplomlu iş axtaran üçün əsas  problemə, onların təcrübəsizliyi, lazımı bacarıq və vərdişlərə hələ tam yiyələnməmələri isə işəgötürən üçün əsas bəhanəyə çevrilib.

 

Müsahibimiz qeyd edib ki, yaranmış vəziyyətin fəsadlarını bir çox ekspertlər kimi Elm və Təhsil Nazirliyinin rəsmiləri də etiraf edirlər ki, universitetlərimiz lazımı bacarıqlara yiyələnən mütəxəssislər yetişdirə bilmirlər:

 

“Ancaq təhsil – Təhsil qanunvericiliyimizə əsasən, sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsi kimi səciyyələndirilir. Bu halda, haqlı sual ortalığa çıxır. Ya, universitetlərimiz lazımı bacarıq və vərdişlərə tələb olunan səviyyədə yiyələnən, beynəlxalq bir yana, milli əmək bazarında belə rəqabət qabiliyyəti mütəxəssislər yetişdirə bilmirlər. Ya da ki, işəgötürənlərimiz mövcud tələbatdan artıq olan kadr bolluğundan istifadə edərək, öz şəxsi və korporativ maraqlarına uyğun naşükürlük edib, əgər belə demək mümkündürsə, “şadlıqlarına şitlik” edirlər”.

 

“Məntiqə görə, ali və ya orta ixtisas təhsil müəssisəsini yenicə bitirib, müstəqil həyata qədəm qoyan gəncdən hansı iş təcrübəsi tələb oluna bilər?”,- deyə Nadir İsrafilov vurğulayıb:

 

“Bu təcrübənin qazanılması üçün oxuduqları müddətdə təhsil aldıqları müəssisələrdə onlara lazımı şərait yaradılmalı, ya da, əmək fəaliyyətinə başlamaq üçün imkan yaradılmalıdır ki, onlar bu təcrübəni məhz iş prosesində qazansınlar. Əks təqdirdə, “Bugünkü gənclərə geniş yol açmaq lazımdır” kimi məqsədimiz elə məqsəd olaraq da qalacaqdır. Bununla belə, problemin yaranmasında “günah sahibi” olmaq baxımından təhsil müəssisələrimizin payı daha çoxdur. İstəsək də, istəməsək də səmimi etiraf etməliyik ki, ali və orta ixtisas təhsil müəssisələrində əsasən, “bir ovuc” nəzəri biliklərin mənimsənilməsinə daha çox üstünlük verilir, nəinki praktik bacarıq və vərdişlərin aşılanmasına. Əlavə kurslara meyl və maraq məhz bu faktorla əlaqədardır.

 

Buna görə də əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ikinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir. Bu, özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını nəzərdə tutur.

 

Məlum olduğu kimi ötən il Nazirlər Kabinetinin bakalavr, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatını təsdiq etmişdi. Təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edirdi. Yaxın vaxtlarda həm ali təhsil müəssisələri, həm də əmək bazarının nümayəndələrinin təmsil olunduğu İşçi qrupları ilkin olaraq magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalarıın yekun siyahısını hazırlayıb nazirliyə təqdim etməli, hər bir ixtisas üzrə müvafiq çərçivə sənədinə uyğun təhsil proqramlarının hazırlanmasını təmin etmələri nəzərdə tutulur. Yeni təhsil proqramlarının tərtib edilməsi ilə məzunların bilik və bacarıqlarının müasir əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi gözlənilir”.

TƏCİLİ! Sərhəddə gərginlik-Silahlar işə düşdü
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox