Təhsil sahəsində müəyyən sosial kateqoriyalara aid namizədlərə tətbiq olunan güzəştli mexanizmlər son dövrlərdə geniş ictimai müzakirələrə səbəb olub. Müxtəlif səbəblərdən bal fərqləri olan namizədlərin eyni mövqelərə təyin olunması, bu sahədə ədalət və keyfiyyət balansının necə qorunduğu sualını gündəmə gətirir. Mövcud sistemdə bu cür halların təhsilin ümumi keyfiyyətinə təsiri də mütəxəssislərin diqqət mərkəzindədir.
Təhsil ekpserti Kamran Əsədov bu barədə AzEdu.az-a danışıb:
"Biri var, imtahana hazırlaşır, gecəsini gündüzünə qatır, 70+ bal toplayır, amma işə qəbul ola bilmir. Biri də var, xüsusi kateqoriyaya aid olduğu üçün 40 balla məktəbə təyin olunur. Və bu, rəsmi mexanizmdir. Əgər bu güzəşt deyilsə, bəs nədir?"
Aşağı balla eyni ixitisasa qəbul düzgün deyil
"Bəli, şəhid ailələri bizim baş tacımızdır. Onlara hər cür dəstək göstərilməlidir, amma bu dəstək təhsilin keyfiyyətinə zərbə vuracaq formada yox. Onların maaşı artırılsın, statusu yüksəldilsin, sosial təminatı gücləndirilsin. Bu, ədalətli yanaşma olar. Amma bir abituriyentin, bir müəllim namizədinin illərlə oxuduğu, hazırlaşdığı, 70+ bal topladığı sistemdə kiminsə sadəcə “kateqoriyaya düşdüyü üçün” 40 balla onun yerini tutması nə mənəvi, nə də pedaqoji baxımdan qəbul ediləndir.
Ucqar kənddə yaşadığı üçün balı artırılanlara da toxunmaq lazımdır. O kəndin uşaqları keyfiyyətsiz müəllimlə niyə təhsil almalıdır? Təhsildə əmsalla keyfiyyət düzəlməz. Əmsal riyaziyyat üçündür, pedaqogika üçün deyil!"