Xəbər verdiyimiz kimi, bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin sonuncu günüdür.
Belə ki, bu gün fizika və informatika fənnini tədris edən müəllimlər sertifikasiyadan keçəcək.
AzEdu.az bu münasibətlə 158 nömrəli məktəbdə sertifikasiya imtahanına cəlb olunan müəllimlərin təəssüratlarını alıb.
258 nömrəli tam orta məktəbin informatika müəllimi Səmihə Cəfərova qeyd edib ki, 33 ildir ki, müəllimlik üzrə fəaliyyət göstərir:
“İmtahan sözünün özü zatən həyəcan yaradır. Ona görə də çalışıram ki, həyəcanımı yenim. 51-dən yuxarı bal toplayacağımı gözləyirəm. Bütün müəllimlərə uğurlar arzu edirəm. Bizim Azərbaycan müəllimlərinin hamısı fədakar və savadlıdırlar”.
228 saylı tam orta məktəbin fizika müəllimi Xəlilova Gülxarın sözlərinə görə, imtahan öncəsi qətiyyən həyəcanı yoxdur:
“Ümid edirəm ki, öhdəsindən gələcəm. İmtahandan 50-dən yuxarı bal toplayacağımı düşünürəm. 41 ildir ki, bu peşə üzrə fəaliyyət göstərirəm. Bütün müəllimlərə zehn açıqlığı arzu edirəm. Hər kəs imtahanı yaxşı yazsın. Hər şey yaxşı olacaq”.
113 saylı tam orta məktəbin informatika müəllimi Gültəkin Ağazadə də bizimlə təəssüratlarını bölüşüb.
O, qeyd edib ki, 32 ildir ki, informatika müəllimi kimi çalışır:
“Düşünürəm ki, imtahan öncəsi həyəcanın olması normaldır. Təxmini 40–50 bal arası toplayacağımı gözləyirəm. Bütün müəllim yoldaşlarıma uğurlar arzu edirəm”.