Azedu.az

Sertifikasiyadan maksimum nəticə: Sualları yaza bilməyənlər müəllim olmamalıdır

Sertifikasiya

Müəllimlər və elm adamları

24 İyun 2025, 17:39
Sertifikasiyadan maksimum nəticə: Sualları yaza bilməyənlər müəllim olmamalıdır

Artık sertifikasiyanın dördüncü günü yekunlaşdı. Xəbər verdiyimiz kimi, bu gün biologiya və kimya müəllimləri sertifikasiyaya cəlb olundular.

Sertifikasiya imtahanından 60 bal toplayanlardan biri də Şamaxı rayonu Kərkənc kənd tam orta məktəbinin biologiya müəllimi Cəfərova Gülnardır. 

AzEdu.az bu münasibətlə həmin müəllim ilə həmsöhbət olub:

"60 bal toplayacağımı düşünmürdüm. İmtahan suallarında asan suallar olduğu kimi, düşündürücü suallar da var idi. Cəmi 1-2 çətin olardı. Yerdə qalan sualların səviyyəsi isə normal idi. Fikrimcə, sertifikasiya imtahanının keçirilməsi yaxşı bir addımdır. Əgər sertifikasiya suallarına cavab verə bilməyən şəxs məktəbdə dərs deyirsə, bu, qəbuledilməzdir. Mən özüm də anayam. Sertifikasiya imtahan suallarını yaza bilməyən müəllim mənim övladıma dərs deyirsə, mən necə arxayın ola bilərəm ki, o, övladıma bilik verir və çalışdırır?".

"İmtahanda yüksək nəticə əldə etməyimdə repetitor köməyi də olub. Ancaq buna baxmayaraq, məsuliyyət insanın öz üzərinə düşür. Onu da qeyd edim ki, ailəli vəziyyətdə imtahana yaxşı hazırlaşmaq üçün daha çox səy göstərmək lazımdır", - deyə müsahibimiz qeyd edib:

"9 ildir müəllimlik fəaliyyəti ilə məşğul oluram. Fəaliyyətimə Şamaxı rayon Kərkənc kənd tam orta məktəbində biologiya müəllimi olaraq davam edirəm. Son olaraq, sertifikasiyaya hazırlaşan həmkarlarıma tövsiyə edərdim ki, çox yorulacaqlar, ağlayacaqlar, hətta qışqırmaq istəyəcəklər ki, yoruldum. Ancaq nə qədər belə düşünsələr də, gözlərini yumub bir anlıq fikirləşsinlər ki, bu qədər əziyyət çəkiblərsə, niyə onu yarıda qoysunlar? Gördükləri işi ürəklə, sonuna kimi etsinlər. Nə olur olsun, işlərinə sevgi ilə yanaşsınlar".

Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!
Son xəbərlərDaha çox