Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının sertifikatlaşdırma prosesinin təşkil olunduğu İmtahan Mərkəzinə infoturu təşkil olunub.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bir qrup deputatının sertifikatlaşdırılması prosesinin təşkil olunduğu Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yerləşən İmtahan Mərkəzinə infoturu təşkil olunub.
️İnfoturda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov deputatlara sertifikatlaşdırma prosesi, mərkəzdə yaradılan şərait, məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yaradılan mərkəzdə 300-dən artıq namizəd eyni anda imtahanda iştirak edə bilir.
Mərkəzdə müasir tələblərə cavab verən elektron daşıyıcılar, səs və görüntüləri qeyd edən veb-kameralar quraşdırılıb.
Mərkəzdə bu günə kimi müəllimlərin sertifikatlaşdırma prosesi ilə yanaşı, müəllimlərin və məktəb direktorlarının, məktəbəqədər təhsil müəssisələrinin metodist və tərbiyəçi müəllimlərinin işə qəbulu təşkil olunub.
Həmçinin mərkəzin imkanlarından Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi və digər qurumlar da istifadə edir.
Qeyd edək ki, İmtahan Mərkəzinə təşkil olunan infoturların təşkilində məqsəd prosesdə iştirak edəcək təhsilverənlərə yaradılan şərait və prosesin şəffaf təşkili üçün həyata keçirilən tədbirlərlə bağlı deputatları, ictimaiyyəti məlumatlandırmaqdır.