Azedu.az

Tapşırıq çox, maraq az: uşaqları dərsə necə cəlb etmək olar?

Şagirdlər

28 Avqust 2025, 15:42
Tapşırıq çox, maraq az: uşaqları dərsə necə cəlb etmək olar?

Yaşından asılı olmayaraq uşaqların oyunlara və müxtəlif əyləncələrə marağı dərs oxumağa olan həvəsdən daha yüksək olur. Onlar saatlarla oyun oynaya bildiyi halda, 1-2 səhifə tapşırıq işləyəndə yorulur, hətta bəzən buna görə aqressivləşir və ya ağlamağa başlayırlar.

Uşaqların dərsə marağını artırmaq üçün kiçik yaşlardan hansı üsullardan istifadə etmək lazımdır?

Təhsil eksperti Adil Vəliyev mövzu ilə bağlı fikirlərini AzEdu.az-la bölüşüb.

“Müəllimlər evə çoxlu sayda tapşırıq verirlər. Bir mövzu ilə bağlı bir neçə ev tapşırığı verməyə ehtiyac yoxdur. Məsələn, şagirdə iki rəqəmli ədədin vurulması ilə bağlı tapşırıq verilirsə, bunun üçün eyni mövzudan 4-5 sual vermək lazımsızdır. Əgər şagird bir tapşırığı həll edə bilirsə, deməli qaydadan xəbərdardır. Şagird dərsdən günorta gəlib dincələnə kimi səhərin tapşırıqlarını yerinə yetirmək məcburiyyətində olur. Nəzərə alsaq ki, əlavə hazırlıqlar da var, belə halda uşaq həm fiziki, həm də zehni cəhətdən çox yorulur”.

Xarici ölkələrdə uşaqların dərs oxumasına fərqli yanaşma mövcuddur:

“Bir çox xarici ölkədə uşaqların ayrıca tapşırıq dəftərləri və kitabları olur. Bu vəsaitlər üzərində işləyərkən yazdıqları vərəqləri cırıb çıxarırlar. Bunun psixoloji təsiri ondan ibarətdir ki, uşaqların gözündə kitab və dəftərlərinin vərəq sayı azalır və avtomatik olaraq şagird düşünür ki, mən bu qədər vərəqi həll edərək kitabdan çıxartmağa nail oldum. Belə olduqda uşaqda güclü motivasiya və özünəinam hissi formalaşır və digər tapşırıqları da yazmağa can atır. Təəssüf ki, Azərbaycanda belə bir tendensiya mövcud deyil. Dövlət tərəfindən paylanan kitabların vərəqini cırmaq, yazmaq qadağandır. Bundan əlavə, məktəb və hazırlıq müəllimləri tərəfindən verilən tapşırıqların sayı hədsiz çoxdur”.

Şagirdləri tapşırıq həll edərkən danlamaq olmaz:

“İstər müəllimlər, istərsə də valideynlər şagirdlərlə tapşırıq işləyərkən onlara ağır sözlər deməkdən və danlamaqdan çəkinməlidirlər. Bunun əvəzinə motivasiya verməlidirlər. Belə olduqda şagirdlərdə dərsə, oxumağa və yazmağa maraq daha da artacaq”.

Ukraynadan gözlənilməz hücum: Rusiya zavodları bombalanır
Son xəbərlərDaha çox