Təhsil sahəsindəki ən böyük sərvətlərdən biri uzun illərini bu sahəyə həsr etmiş müəllimlərdir. Təqaüdçü müəllimlər təhsilin inkişafında və yeni nəsillərin yetişməsində mühüm rol oynayaraq öz təcrübələri və bilikləri ilə gənc nəsillərə nümunə olmuş şəxslərdir. Onların həyat və fəaliyyətləri yalnız müəllimlik missiyasını deyil, həm də cəmiyyətin inkişafına verdikləri töhfələri əks etdirir.
Bu münasibətlə AzEdu.az Təhsil Portalı təqaüdçü müəllimlərin həyatını, təcrübələrini və cəmiyyətə verdikləri töhfələri daha yaxından öyrənmək məqsədilə müsahibələrə başlayıb.
Rubrikamızın növbəti müsahibi 50 illik pedaqoji təcrübəyə malik olan, İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində dil-ədəbiyyat müəllimi Hacıməmməd Məmmədovdur.
Hacıməmməd müəllim bir çox kitabın müəllifidir. O, "Tərəqqi" medalı, "Qabaqcıl Təhsil İşçisi" döş nişanı və "Qızıl qələm" media mükafatına layiq görülüb.
- Hacıməmməd müəllim, oxucularımıza sizi daha yaxından təqdim etmək istərdik.
Mən, Məmmədov Hacıməmməd Mirzəməmməd oğlu, 1950-ci il fevralın 4-də İsmayıllı rayonunun gözəl guşələrindən biri olan Pirəqanım kəndində dünyaya gəlmişəm. Kəndimizdə ibtidai məktəb olmadığı üçün qonşu kənddə yerləşən Bağəli kənd ibtidai məktəbində təhsil almışam. Daha sonra isə təhsilimi Müdür kənd məktəbində davam etdirmişəm.
Orta məktəb illərim isə həyatımın ən yadda qalan, ən məhsuldar dövrlərindən biri olub. Lahıc qəsəbə orta məktəbində oxumuşam – bu məktəb həmin dövrdə təkcə rayonun deyil, respublikanın nümunəvi təhsil ocaqlarından biri sayılırdı. Orada dərs deyən müəllimlər bu gün də hər bir pedaqoqa örnək ola biləcək səviyyədə idilər. Onların təcrübəsi, fədakarlığı bu gün də gənc müəllimlər üçün örnək kimi yaşayır.
Orta məktəbi 1967-ci ildə bitirdikdən sonra sənədlərimi Gəncə Dövlət Pedaqoji İnstitutuna təqdim etdim. Təəssüf ki, o il müsabiqədən keçə bilmədim. Ardınca hərbi xidmətə yollandım. Hərbi xidmətim Sovet dövrünə təsadüf edirdi. Xidməti başa vurduqdan sonra isə təhsilə davam etmək qərarına gəldim və 1970-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinin əyani şöbəsinə qəbul oldum. Lakin bu dövr mənim üçün asan keçmədi – ailə vəziyyətim çox ağır idi, valideynlərimi itirmişdim, arxamda heç kim yox idi. Buna görə də həyatın bütün çətinliklərinə təkbaşına sinə gərməli oldum.
- Deməli, siz həm təhsil alır, həm də müəllim kimi işləyirdiniz. İlk hansı məktəbdə fəaliyyətə başlamısınız?
- Bəli. İnstituta qəbul olduğumdan bir il sonra müəllim kimi fəaliyyətə başladım. Bu qərarı isə İsmayıl müəllimin tövsiyəsi ilə verdim. Onun təşəbbüsü ilə, heç bir maddi qarşılıq gözlənilmədən əmr imzalanaraq mən Mücühəftəran kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi təyin olundum. Həftədə 36 saat dərs yükü ilə bu məktəbdə pedaqoji fəaliyyətə başladım. Bu, mənim ilk iş yerim - müəllimlik yolundakı başlanğıc nöqtəm oldu.
- Hacıməmməd müəllim, həm tələbə, həm də müəllim kimi çalışmağınızın sizə hər hansısa bir çətinliyi oldumu?
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, tələbələrim mənim üçün gözdür – mən onlarla nəfəs alıram. Şagirdlərimlə elə isti münasibətlər qurmuşuq ki, onları bu gün də öz övladlarımdan artıq sevən biriyəm. Bu səbəbdən müəllimlik və tələbəlik fəaliyyətimi eyni vaxtda aparmaq mənim üçün heç bir çətinlik yaratmayıb.
Hər iki sahədən o qədər zövq alırdım ki, oxuya-oxuya bu mərhələyə layiq olmağı bacardım. Bir müəllim kimi balaca fidanlarımızın savadlı və yaxşı təhsil almaları üçün əlimdən gələni əsirgəməmişəm. Hərçənd bizim dövrümüzdə magistratura təhsili mövcud deyildi, amma biz o uşaqları vətəninə, torpağına bağlı, savadlı bir vətəndaş kimi yetişdirmək üçün əlimizdən gələni etmişik.
Hətta bu illər ərzində yalnız təhsil sahəsində yox, digər sahələrdə də çalışmışam. Məsələn, bir müddət körpü tikintisində işləmişəm - Göyçay çayı üzərində salınan körpünün inşasında da əməyim olub.
- Həqiqətən də, tələbə ikən müəllim kimi məsuliyyətli bir peşəni davam etdirmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bildirdiniz ki, bu sizə heç bir çətinlik yaratmayıb. Bəs, şagirdlərlə olan mühitə necə uyğunlaşırdınız?
- Şagirdlərlə olan mühitə uyğunlaşmaqda heç bir çətinlik çəkmədim. Həmişə çalışmışam ki, onları çox sevəm və onlara nə isə öyrədə bilim. Çünki şagirdlərim mənim üçün həmişə baş ucalığı olub.
- İlk dəfə Mücühəftəran kənd orta məktəbində fəaliyyət göstərdiyinizi qeyd etmişdiniz. Həmin illərə necə xatırlayırsınız?
- 1972-ci il sentyabrın 1-də əlimə jurnal alıb müəllim kimi ilk dəfə sinfə daxil oldum. Pedaqoji fəaliyyətimə məhz bu tarixdə başlamışam. Əvvəlcə 5–8-ci siniflərə dərs deməyə başladım. Məktəbin direktoru sinfə daxil olaraq məni şagirdlərə təqdim etdi. Həmin məktəbdə o qədər çox şey öyrəndim ki… O illər yaddaşımda çox gözəl və dəyərli günlər kimi qalıb. 1976-cı ildə ali təhsilimi başa vursam da, müəllimlik fəaliyyətimə 1972-ci ildən başlamışam.
- Bəs, 1976-cı ildən sonra başqa məktəbə təyinat aldınızmı?
- Ondan sonra elə bir müddət oldu ki, mən yazı-pozu ilə məşğul olmağa başladım. Uğurlarımdan dolayı İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinə məni müxbir kimi təyin etdilər. Müəllim kimi işləyə-işləyə rayonda çıxan qəzetin müxbiri idim.
- Nə gözəl. Deməli, siz həm müəllim kimi, həm də müxbir kimi çalışırdınız.
- Bəli, Mücühəftəran kənd məktəbində çalışa-çalışa 1970-ci ildən bəri jurnalist olmuşam. Bir çox yazıların, kitabların müəllifiyəm.
- Bəs hazırda necə, müxbir kimi fəaliyyətinizi davam etdirirsinizmi?
- Əlbəttə. Bu gün də “İsmayıllı xəbərləri” qəzeti, “Təhsil” jurnalı, “Təhsil problemləri” qəzeti, “Xəzan” jurnalında yazılarım dərc olunur.
- Sizcə, jurnalistika peşəsi ilə müəllimlik arasında hansı oxşar cəhətlər var?
- Əslində, oxşar cəhətlər çoxdur. Pedaqoji sahə mürəkkəb, amma eyni zamanda çox gözəl bir sahədir. Əgər biz gördüklərimizi, istəklərimizi qələmə ala bilir və bunları oxucuya düzgün şəkildə çatdırırıqsa, deməli, artıq bir nailiyyət əldə etmişik. Mənim üçün bu gün müəllimlik və jurnalistika arasında böyük paralellər mövcuddur.
Əgər biz bu gün müəllim olmayan şəxsi də müəllim adlandırırıqsa, deməli, səhv edirik. Müəllim adını daşımağa layiq insanlara bu adı verməliyik. Müəllim cəmiyyətin ən böyük dəyər və qiymət verdiyi şəxs olmalıdır. Müxbir isə istər yaxşı, istərsə də pis hadisələri yazmaq haqqına malikdir. Amma o, müəllimin rolunu cəmiyyətə elə çatdırmalıdır ki, bu peşənin yüksəkliyi və ucalığı hər kəs tərəfindən hiss edilsin.
Necə ki, jurnalist cəmiyyəti düzgün və obyektiv xəbərlərlə maarifləndirməyə çalışır, eləcə də müəllim şagirdlərinə bilik və tərbiyə vermək üçün əlindən gələni əsirgəmir. İstər müəllim, istərsə də jurnalist – hər ikisi cəmiyyətə fayda vermək üçün çalışır. Təki vətənimiz yaxşı olsun. Müəllimin və ya jurnalistin başqa bir istəyi ola bilərmi ki?!
- Əlbəttə, Hacıməmməd müəllim, peşəsindən asılı olmayaraq hər kəs vətəninə xeyir vermək üçün çalışır. Pedaqoji sahədə neçə il fəaliyyət göstərmisiniz?
-Azərbaycan dili və ədəbiyyat fənni üzrə 50 il fəaliyyət göstərmişəm. “Əməkdar müəllim” adına layiq görülməyi çox istəyirəm.
- Bu yarım əsrlik yolunuz qələminizlə yazılmış bir qəhrəmanlıq nağılına bənzəyir. Bu müddət ərzində şagirdlərinizlə ən yadda qalan xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?
- O qədər xoş xatirələrimiz var ki... Hər nə qədər müxbir və qələm sahibi olsam da, bu hissləri tam şəkildə izah etməkdə acizəm. Çünki şagirdlərimi həmişə özümə ən yaxın, doğma, əziz insanlar kimi görmüşəm. Bu gün də belədir, sabah da belə olacaq.
Şagirdlərim doğum günlərimdə, həyatımın xoş günlərində isti ocağıma gəliblər. Mən onlar üçün elə gözəl süfrələr açmışam ki, özlərini qonaq kimi yox, ev sahibi kimi hiss etsinlər. Onlar hələ uşaq idilər – istəmirdim mənim müəllim olduqca onların rahatlığını pozum. Özümü onların səviyyəsinə qoyub birgə süfrə arxasında əyləşirdim.
Dərs verdiyim şagirdlərimdən biri olan Şayəstə Abdulova bu gün İsmayıllı rayonu 6 nömrəli tam orta məktəbdə riyaziyyat və fizika müəllimi kimi fəaliyyət göstərir. Həm ona, həm də onun övladlarına dərs demişəm. Dəfələrlə elə olub ki, onun övladlarının hərbi xidmətdən dönüşünü bizim evdə qeyd etmişik. Bu, mənim üçün ən gözəl xatirələrdən biridir. Digər bir şagirdim - Ağakərim müəllim hazırda həmin məktəbin direktor müavinidir.
- Bir müəllim üçün ən böyük fəxr dərs keçdiyi şagirdi müəllim kimi görməkdir. Bəs, sizin necə, şagirdlərinizdən davamçınız varmı?
- Yüzlərlə, minlərlə elə şagirdim olub. Bəli, şagirdlərimi davamçı olaraq görmək mənim üçün qürurdur.
- Bəs, abituriyent hazırlığı ilə məşğul olmusunuz?
- Hələ heç kim testin nə olduğunu bilməyəndə mən test kitabları yazırdım. Ədəbiyyat fənnindən “50 min sual, 50 min cavab” testlərim var. Həmçinin 5-8-ci siniflər üçün Azərbaycan dili və ədəbiyyat fənnindən test kitablarım var. Şagirdlərimi təmannasız, ödənişsiz şəkildə hazırlaşdırmışam.
- Şagirdləriniz içərisində ən yüksək bal toplayanları xatırlayırsınızmı?
- Əlbəttə. Şagirdlərim içərisindən kifayət qədər yüksək bal toplayan uşaqlar olub. Onların arasında 700 bal toplayan da olub. Bundan başqa, 690, 600-dən yuxarı bal toplayan çox şagirdim var. Ola bilər ki, adlarını səhv salım, lakin hər birini xatırlayıram. Mən onların hər birinə minnətdaram.
- Az əvvəl qeyd etdiniz ki, dərslik müəllifisiniz. Bir müəllim kimi bu gün Azərbaycan dili və ədəbiyyat fənnində hansı çatışmazlıqları görürsünüz?
- Bugünkü dərslərimiz bərbad vəziyyətdədir. 3-4-cü sinif Azərbaycan dili kitabında “Hərarətim 36,6-dır” mətnində uşaq istəyir ki, məktəbə getməsin deyə qızdırması qalxsın. O mətn axı kimə lazımdır? Bu və bu kimi dərslikləri qəbul edə bilmirəm. Kitabda olan mətnlər uşağa yaxşıları aşılamalıdır.
- Hacıməmməd müəllim, indiki dövr müəllimləri ilə əvvəlki dövrün müəllimləri arasında hansı fərqlər var?
- Mənim elə müəllimlərim olub ki, bu gün onların ruhu qarşısında baş əyirəm. Çünki bu səviyyəyə çatmağımda onların misilsiz rolu olub. Lahıc qəsəbə orta məktəbinin müəllimlərini bu gün Azərbaycan məktəbinin “şah müəllimləri” hesab edirəm. Bax, elə müəllimlərim olub.
Bugünkü müəllimlərimizin də hər biri savadlıdır. Sadəcə olaraq, düşünürəm ki, kurikulum sistemi təhsilə gözlənilən faydanı vermədi. Təhsil sistemimizdə yeniliyə ehtiyac var. Əvvəllər müəllimlər bizə yalnız biliyimizə görə deyil, həm də əxlaqımıza görə qiymət yazırdılar. Bu, uşağın bütöv şəxsiyyət kimi formalaşmasına kömək edirdi.
Hazırda isə əsas diqqət yalnız təlimə yönəlib. Halbuki, təlim və tərbiyə birlikdə vəhdət təşkil etdikdə, o zaman uşaq əsl mənada formalaşıb, cəmiyyətin ən fəal və dəyərli üzvünə çevrilə bilər. Bizim əsas missiyamız o körpə fidanları gələcəyə hazırlamaqdır. Buna görə də yalnız biliklə kifayətlənmək olmaz – biz onları eyni zamanda tərbiyə etməliyik. Çünki tərbiyə olmadan, yalnız biliyə əsaslanan bir cəmiyyət natamam və qeyri-sabit olur.
- Hazırkı dövrdə sosial şəbəkə hesablarının fəallığı artıb. Son zamanlar bəzi müəllimlər dərs vaxtı sosial şəbəkələrdən istifadə edirlər. Siz bu məsələni necə qiymətləndirirsiniz?
- Hər birimiz müasir dövrdə yaşayırıq. Ona görə də sosial şəbəkə hesablarından istifadə halları qaçınılmazdır. Əgər müəllim dərsdə hansısa bir mövzunu izah etmək üçün telefondan istifadə edirsə, bunu müsbət qarşılayıram. Lakin özünü şablon şəkildə, məqsədsizcə reklam edirsə, bu hərəkəti bəyənmirəm. Sosial şəbəkədə müəllim nümunəvi, məsuliyyətli obrazda görünməlidir. Onun hər addımı cəmiyyətə, xüsusən də gənclərə örnək olmalıdır.
- Gənc müəllimlərə, müəllim olmaq istəyənlərə nə tövsiyə edərdiniz?
- İlk növbədə bu sahəyə sevgiləri olmalıdır. Müəllim sənətini sevməlidirlər. Bu elə bir peşədir ki, gərək vətəninə, el-obana, xalqına, torpağına layiqli bir insan olasan. Əsas məsələ insan olmaqdır. Dərs dediyin şagirdləri öz övladın kimi görməlisən. Onların uğurlarına öz övladının uğuru kimi sevinməlisən. Müəllimlik sadəcə bir peşə deyil – bu, bir həyat tərzidir, bir missiyadır.