AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
11 aprel harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
11 aprel Ümumdünya Parkinson xəstəliyi ilə mübarizə Günüdür:
Parkinson xəstəliyi mərkəzi sinir sistemini sıradan çıxaran, dünyada ən geniş yayılan və ciddi hərəkət pozuntuları ilə müşayiət olunan xroniki xəstəlikdir. İlk dəfə 1817-ci ildə ingilis həkimi Ceyms Parkinson tərəfindən müşahidə olunmuşdur.
Mövcud araşdırmalara əsasən Parkinson xəstəliyinin ən erkən simptomları sinir sistemi, beyin kötüyü və qoxu yollarında pozulmalar ilə meydana çıxır. Nəticədə, qoxu hissiyatının itirilməsi və ya azalması, yuxu pozulması və qəbizlik, titrəmə və hərəkətlərdə yavaşlama kimi müşahidə edilən simptomlar müşahidə olunmağa başlayır.
Xəstəliyin 50 yaşdan əvvəl başlaması çox nadir hallarda müşahidə edilir. Qadınlara nisbətən kişilərdə bu xəstəliyə iki dəfə daha çox rast gəlinir. Təxminən hər 100000 şəxsdən 300-də Parkinson xəstəliyi müşahidə olunur.
11 aprel 1905-ci ildə Albert Eynşteyn Nisbilik nəzəriyyəsini açıqlayıb:
Nisbilik nəzəriyyəsi 1905-ci ildə xüsusi nisbilik nəzəriyyəsi, 1916-cı ildə ümumi nisbilik nəzəriyyəsi olmaqla irəli sürülmüş məkan və zaman haqqında fiziki nəzəriyyədir. Xüsusi nisbilik nəzəriyyəsinə görə zamanın gedişi sistemin hərəkətindən asılıdır və zaman, məkan intervalları elə şəkildə dəyişir ki, hər hansı hesablama sistemində işığın sürəti daimidir. Ümumi nisbilik nəzəriyyəsinə görə isə cazibə qüvvələrinin fəaliyyət göstərdiyi dördölçülü məkan-zaman qeyri-Evklid həndəsəsinin nisbətlərinə tabedir.
11 aprel 1919-cu ildə Beynəlxalq Əmək Təşkilatı yaradılıb:
Sosial-iqtisadi, əmək hüquqlarını müdafiə edən bu beynəlxalq təşkilat Birinci Dünya müharibəsindən sonra Versal müqaviləsi əsasında təsis edilib. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
11 aprel 1854-cü ildə yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov Şuşada doğulub:
“Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.