Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.
Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?
AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.
Araşdırmamızda bu dəfə Azərbaycan Diplomatik Akademiyası (ADA) var.
Bu ali təhsil müəssisəsinə hazırda Hafiz Paşayev rəhbərlik edir.
Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib.
1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.
1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir
1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.
100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.
2 may 2011-ci il Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
9 iyul 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
29 aprel 2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Evlidir, iki övladı, dörd nəvəsi var.
19 ildir ki, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru vəzifəsində çalışır.