"Bütövlükdə UNEC işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda təhsil müəssisəsi kimi iştirakdan çox məmnun olar".
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov jurnalistlərə açıqlamasında qeyd edib.
Rektorun sözlərinə görə, universitet rəqəmsallaşmış universitetdir:
"Süni intellektin tətbiqi ilə bağlı hər hansısa bir problem yoxdur. Məlumat bazası var və onun əsasında biz artıq süni intellektin tədris prosesinə tətbiqi üzərində işləyirik. İlk növbədə Orta Doğu Texniki Universitetiylə birlikdə elmi məlumatların süni intellektlə vasitəsilə idarə edilməsi layihəsini həyata keçiririk. İşin yarısı demək olar ki, görülüb. İlin sonuna qədər düşünürəm ki, biz bu elmi fəaliyyətin süni intellekt vasitəsilə idarə edilməsi sistemini tamamlayacağıq.
Paralel olaraq imtahan suallarının süni intellekt vasitəsilə tərtibi üzərində iş gedir. Növbəti mərhələdə isə həmin sualların süni intellekt vasitəsilə də yoxlanılmasını da həyata keçirəcəyik. Bütövlükdə bizim süni intellektin tətbiqi ilə bağlı düşüncəmiz ondan ibarətdir ki, fərdi təhsil trayektoriyasını təmin edək. Hər bir tələbənin öz bacarığına uyğun olaraq onun üçün xüsusi proqramlar tərtib ediləcək və hər bir tələbənin yanında süni intellektli professorlar asistantı olacaq ki, tələbə mövzu ilə bağlı sualını 24 saat ərzində cavabını ala bilsin.
95 illik universitetin fəxri məzunlarının sayı 100 minlərlədir. Ən azından nüfuzlu təşkilatlarda işləyənlərin böyük əksəriyyəti UNEC məzunlarıdır. Son zamanlarda UNEC məzunlarına diqqətin artması, işə alınması bizi çox ruhlandırır və həyata keçirdiyimiz işlərin doğru olduğunu bir daha təsdiq edir.
Hazırda Qarabağ Universitetiylə bizim hüquqi əsaslı əməkdaşlığımız yoxdur. Bu istiqamətdə bizim Qarabağ Universitetinin rektoru ilə müzakirələrimiz aparılır və davam etdirilir. Biz Qarabağ Universitetiylə əməkdaşlıq etməyə çox maraqlıyıq. Bütövlükdə UNEC işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda təhsil müəssisəsi kimi iştirakdan çox məmnun olar.
Məlumat üçün qeyd edim ki, işğaldan əvvəl Xocalıda bizim nəzdimizdə olan Maliyyə İqtisad Kollecinin filialı olub. Həmin filialın bərpa edilməsini biz çox istəyirik. Düşünürük ki, müasir tələblərə cavab verən kollec təhsilini biz Xocalıda bərpa olunacaq kollecimizdə qura bilərik",- deyə rektor fikrini tamamlayıb.