Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.
Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?
AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.
Araşdırmamızda bu dəfə Naxçıvan Dövlət Universiteti var.
Bu ali təhsil müəssisəsinə hazırda Elbrus İsayev rəhbərlik edir.
Elbrus İsayev 7 oktyabr 1979-cu ildə Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhər 11 saylı orta məktəbdə almışdır. 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr, 2000–2002-ci illərdə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. Magistratura səviyyəsində təhsil alarkən, siyasi repressiyalar- tədqiqat sahəsi üzrə araşdırma aparmış, bu istiqamət üzrə dissertasiya hazırlamışdır.
1998–2001-ci ilərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır. 2001–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2000–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsində işləmişdir.
2000–2005-ci illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. 2000–2008-ci illərdə Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır.2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışmışdır.
2012-ci ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin "Beynəlxalq münasibətlər" kafedrasının dosenti vəzifəsində elmi-pedoqoji fəaliyyətini davam etdirir.2013-cü ildə Naxçıvan Özəl Universiteti Humanitar elmlər kafedrasının müdiri vəzifəsində çalışmışdır.2014–2018-ci illərdə "Naxçıvan" Universiteti İdarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır.2014–2018-ci illərdə "Naxçıvan" Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosenti vəzifələrində çalışmışdır.
2014–2018-ci illərdə "İstedad-XXI əsr" MMC-nin təsisçisi və direktoru olmuşdur.2018–2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışmışdır.2019-cu ildən Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir. Azərbaycan Respublikasının Pezidenti İlham Əliyevin 3 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru (ikinci dəfə) təyin edilib. 2024-cü ildən Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəliyinin rəhbəri təyin olunub
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilib. (01 may 2024-cü il) 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.
2019-cu ildə Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif edilmişdir.1997-ci ildə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının qərarı ilə Heydər Əliyev adına təqaüdə layiq görülmüşdür.
2001-ci ildə təhsil sahəsindəki uğurlarına görə Naxçıvan Muxtar Respublikası Gənclər, İdman və Turizm Nazirliyi və YAP Gənclər Birliyi tərəfindən "İlin ən yaxşı gənci" adına layiq görülmüşdür.
2007-ci ildə Gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə və Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
2008-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası İcraiyyə Komitəsinin qərarı ilə yubiley medalı ilə təltif olunmuşdur. 2012-ci ildə Sosial şəbəkələrdə fəallığına, Naxçıvan tarixinin tədqiqi və təbliğinə görə təltif olunmuşdur.
19 yanvar 2022-ci ildə Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev "Azərbaycan universitetləri" feysbuk sosial şəbəkəsində aparılan sorğuda "İlin ən yaxşı universitetinin ən yaxşı rektoru" seçilib.
16 may 2025-ci ildə Özbəkistan Respublikasının Səmərqənd şəhərində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevə "Səmərqənd Dövlət Tibb Universitetinin Fəxri professoru" diplomu təqdim olunub.
İctimai fəaliyyəti ilə paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasının doktorantı olmuş, Beynəlxalq mədəni-iqtisadi və diplomatik əlaqələrin tarixi — tədqiqat sahəsi üzrə 2002–2006-cı illərdə "Böyük İpək yolu və Naxçıvan" adlı dissertasiyanı müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Bununla yanaşı, "Böyük İpək yolu və Naxçıvan" (2012), "V-XV əsrlər beynəlxalq ticarət və Azərbaycan" (2012) kitablarının, 2 meteodik vəsaitin, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin, 60-dan artıq elmi və publisistik məqalənin müəllifidir.
ABŞ, Cənubi Koreya, Malaziya, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə və İranda keçirilən bir sıra beynəlxalq simpozium və konfranslarda iştirak etmiş, ingilis, rus, alman, fars, türk və koreya dillərində elmi əsərləri çap olunmuşdur.
E. İsayev tədqiqat işlərində tarixi proseslərin ümumi mənzərəsini yaratmaqla, beynəlxalq ticari-diplomatik əlaqələrin daha çox ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı məqamlarını nəzərdən keçirir. Müəllif kitablarında tarxşünaslıqda aktual mövzulardan olan, müasir dövrdə mədəniyyətlərarası münasibətlərin inkişafında mühüm rol oynayan tarixi əlaqələri nəzər nöqtəsinə çəkmişdir. Beynəlxalq sosial-iqtisadi xüsusiyyətlərin tarixi dəyişkənliyini və inkişafı şərtlərini dəqiqləşdirmiş, müasir mədəni-tarixi əlaqələrdə qazanılan uğurların hansı zəminə əsaslandığını müəyyənləşdirməyə müvəffəq ola bilmişdir.
Müəllifin elmi üslubunda tədqiqat obyektinə sistemli yanaşma, hadisələri sosial zaman kontekstində nəzərdən keçirmə, dövlətlərarası diplomatik əlaqələri daha geniş rakursda araşdırma kimi məziyyətlər səciyyəvidir. O, ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə dayışaraq uzun illərin gərgin zəhməti, məqsədə doğru əzmlə irəliləməsi sayəsində, istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyəti ilə mühüm tədqiqatların müəllifi kimi tanınır.
Eyni zamanda 2020-ci ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin üzvüdür.2020-ci ildən Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədridir.2019-cu ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvüdür.
2019-cu ildən Naxçıvan Dövlət Universiteti Elmi Şurasının sədridir.2019-cu ildən Naxçıvan Dövlət Universiteti "Elmi Əsərlər" jurnalının baş redaktorudur.2018–2019-cu illərdə Naxçıvan Müəllimlər İnstitutu Elmi Şurasının sədri olmuşdur.2018–2019-cu ildən Naxçıvan Müəllimlər İnstitutu "Elmi Əsərlər" jurnalının baş redaktoru olmuşdur.
2014–2018-ci illərdə "Naxçıvan" Universiteti Elmi Şurasının üzvü olmuşdur.2014-cü ildən "Naxçıvan" Universiteti "Elmi Əsərlər" jurnalının redaksiya heyətinin üzvüdür.2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.1997–2012-ci illərdə Naxçıvan Dövlət Universiteti Elmi Şurasının üzvü olmuşdur.
Ailəlidir, iki övladı var.
6 ildir ki, Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsini icra edir.