Azedu.az

Qorxutmaq tərbiyə vasitəsi deyil! - Uşaqlarda travmanın qarşısını ALIN

Psixoloji xidmət

17 Aprel 2025, 09:26
Qorxutmaq tərbiyə vasitəsi deyil! - Uşaqlarda travmanın qarşısını ALIN

“Təcrübələr və travmalar uşaqların qorxularının formalaşmasında mühüm rol oynayır”.

 

AzEdu.az-a açıqlamasında bu sözləri psixoloq Aydan Məmmədova bildirib.

 

O qeyd edib ki, uşaqların qorxuları ilə düzgün şəkildə məşğul olmaq üçün onlara empatiya və anlayışla yanaşmaq, qorxuları ilə üzləşmələrinə imkan vermək vacibdir:

 

“Uşaqlarda qorxuların və fobiyaların yaranmasının bir neçə səbəbi var və bunlar həm genetik, həm də ətraf mühit amillərindən asılıdır. Təcrübələr və travmalar uşaqların qorxularının formalaşmasında mühüm rol oynayır. Məsələn, bir uşaq itdən qorxarsa və ya qəza keçirərsə, bu hadisələr onun gələcəkdə həmin vəziyyətlərə qarşı qorxu hissi keçirməsinə səbəb ola bilər. Bəzi uşaqlar genetika vasitəsilə qorxuya daha həssas ola bilərlər. Əgər valideynlərdə anksiyete və ya fobiya kimi problemlər varsa, uşaq da bu meyli irsən ala bilər. Beyindəki kimyəvi dəyişikliklər və ya struktur fərqliliklər uşağın qorxuya qarşı daha həssas olmasına səbəb ola bilər".

 

Həmsöhbətimiz bildirib ki, valideynlərin davranışları da uşaqların qorxularını inkişaf etdirə bilər:

 

“Uşaqlar çox vaxt valideynlərinin qorxuya qarşı göstərdiyi reaksiyaları təkrarlayır. Məsələn, bir valideyn davamlı olaraq qorxu və narahatlıq hissi keçirirsə, uşaq da bu davranışları mənimsəyə bilər. Bəzən valideynlər uşaqları qorxutmaqla onları müəyyən bir davranışa məcbur edirlər. Məsələn, ‘Yatmasan, xoxan səni yeyəcək’ kimi ifadələr uşaqlarda reallıqdan uzaq qorxular yarada bilər. Bu cür qorxular uşağın beynində həddindən artıq aktivləşir və əsl təhlükələrə qarşı normal reaksiyalarını məhdudlaşdırır. Belə bir yanaşma uşaqda uzun müddət davam edən sosial və emosional problemlərə yol aça bilər. Bu qorxuların beyində formalaşması ilə bağlı amiqdala bölgəsi aktivləşir ki, bu da qorxuların böyüməsinə və daha da güclənməsinə səbəb olur".

 

"Sosial mühit də uşağın qorxularını formalaşdıra bilər",- deyə psixoloq bildirib:

 

“Məsələn, televiziyadakı qorxulu filmlər, dostlardan eşitdikləri qorxulu nağıllar uşaqların psixikasına təsir edib onlarda eyni qorxuları yarada bilər. Qorxuların müsbət tərəflərini də unutmayaq. Qorxu uşaq üçün təhlükəli vəziyyətlərdən uzaq durmağa kömək edir. Məsələn, yüksək yerlərdən və yad insanlardan qorxmaq, uşaq üçün təbii bir müdafiə mexanizmasıdır. Lakin qorxuların və fobiyaların həddindən artıq olması uşağın gündəlik həyatını çətinləşdirə bilər. Uşaq bu qorxular səbəbindən sosial həyatdan uzaqlaşa və özünü ifadə etməkdə çətinlik çəkə bilər. Uzun müddətli qorxular uşağın psixoloji sağlamlığını poza və narahatlıq problemlərinə yol aça bilər".

 

Psixoloq sonda vurğulayıb ki, uşaqların qorxuları ilə düzgün şəkildə məşğul olmaq üçün onlara empatiya və anlayışla yanaşmaq, qorxuları ilə üzləşmələrinə imkan vermək vacibdir. Həmçinin onlara real təhlükələrdən qorunmağı öyrətmək lazımdır. Bu, uşaqların psixoloji sağlamlığını qorumağa və onların sağlam inkişafını dəstəkləməyə kömək edəcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox