Buraxılış imtahanlarından sonra abituriyentlər topladıqları balı təxmini hesablayıb nəticələrini dəyərləndirirlər. Aşağı bal toplayanlar isə artıq növbəti imtahanların həyəcanını yaşamağa başlayır və ali məktəbə qəbul ola bilməyəcəkləri ilə bağlı stress keçirirlər.
İmtahanı yaxşı keçməyən abituriyentlər yaşadıqları stress və məyusluq ilə blok imtahanına necə diqqət ayırmalı, özünü qısa zamanda necə toparlamalıdırlar?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Aydan Məmmədova qeyd edib ki, bir insanın dəyəri sadəcə imtahan nəticəsi ilə ölçülə bilməz. Bu, sadəcə bir addımdır, həyatın sonu deyil:
“Təsəvvür et ki, uzun müddət hazırlaşdığın bir imtahana girirsən, böyük həyəcanla sualları cavablayırsan və nəhayət, nəticəni görəndə ürəyin sanki yerindən qopur - gözlədiyindən aşağı bal toplamısan. Beynində bir anda minlərlə düşüncə fırlanır: “Mən bacarmıram”, “Hamı məndən yaxşıdır”, “Gələcəyim məhv oldu” və s.
Əslində, bu cür reaksiyalar tamamilə normaldır. Hər kəs uğursuzluqdan qorxur, xüsusilə də təhsil və gələcəklə bağlı mühüm bir məqamda. Amma buradakı əsas məsələ bu hisslər içində ilişib qalmamaqdır”.
Psixoloq bildirib ki, imtahandan sonra ilk gələn hiss stres, qorxu və məyusluqdur:
“Bu hissləri boğmağa çalışmaq əksinə, vəziyyəti daha da çətinləşdirir. Məsələn, bir dostun sənə başına pis bir hadisə gəldiyini desə və sən ona “Sakitləş, heç nə olmayıb” desən, o, özünü daha yaxşı hiss edəcəkmi? Əksinə, daha çox əsəbiləşəcək. Özünə qarşı da belə etməməlisən. Özünə qarşı sərt olmaq “niyə mən belə oldum?” sualını daha da böyüdür. Bunun əvəzinə, “Mən nəyi düzəldə bilərəm?” sualına fokuslanmalısan. Məsələn, “Mən çox zəifəm” demək yerinə “Bu dəfə yaxşı alınmadı, amma bu son deyil” demək daha faydalıdır”.
“Əgər imtahanda aşağı bal toplamısansa, deməli, ya səhvlərin olub, ya da strategiyan düzgün olmayıb”, - deyə psixoloq qeyd edib:
“Ancaq bu, gələcəkdə də eyni nəticəni alacağın mənasına gəlmir. İnsan beyni öyrənməyi bacarır və bu bacarıq hər zaman inkişaf etdirilə bilər. Bu zaman “Mən bacarmıram” yerinə bacarmaq üçün nə etməliyəm? “Vaxt qalmadı” əvəzinə hələ də istifadə edə biləcəyim vaxt var. “Başqaları məndən yaxşıdır” hər kəsin öz yolu var, mən də öz yolumda irəliləyirəm deyə düşünək. Misal olaraq, sən bir yarışda arxada qalmısansa, dayanıb “niyə arxadayam?”, deyə düşünməkdənsə, sürətini artırıb daha yaxşı nəticə əldə edə bilərsən.
İmtahanda aşağı bal toplamaq sənin zəif olduğunu yox, hazırlıq metodunun daha yaxşı ola biləcəyini göstərir. Buna görə, təkrar eyni üsulla hazırlaşmaq əvəzinə, yeni bir plan qurmalısan. Hansı mövzularda zəif olduğunu analiz et. Çalış ki, daha çox test həll edəsən. Praktika çox vacibdir. Hər gün az-az, amma sistemli şəkildə çalış. Pomodoro və ya 50/10 qaydasını tətbiq et. Yəni 50 dəqiqə çalış, 10 dəqiqə fasilə ver”.
A.Məmmədova qeyd edib ki, bəzən abituriyentlər düşünür ki, “Mən az bal topladım, deməli, dəyərsizəm":
“Bir insanın dəyəri sadəcə imtahan nəticəsi ilə ölçülə bilməz. Bu, sadəcə bir addımdır, həyatın sonu deyil. Böyük hədəfləri kiçik hissələrə böl - hər keçilən mərhələ səni məqsədə yaxınlaşdırır. Pozitiv düşüncəni itirmə – “Keçən dəfə 50 bal idim, indi 70 oldum” kimi fərqi görməyə çalış. İnsan çox stress yaşadıqda, fiziki və zehni yorğunluq artır, konsentrasiya azalır. Əgər çox stres içindəsənsə, beynin sanki “panik rejimi”nə keçir və öyrəndiklərini xatırlamaqda çətinlik çəkirsən.
Yuxu rejimini nizamlamaq: Gecə 7-8 saat yatmaq zehni aydınlaşdırır. Düzgün qidalanmaq: Fast food və şirniyyatlar əvəzinə, beynə enerji verən qidalar yemək. Hər gün ən azı 15 dəqiqə fiziki aktivlik: İdman və gəzinti zehni rahatlaşdırır.
Əgər buraxılış imtahanında gözlədiyin balı toplaya bilməmisənsə, bu sənin uğursuzluğun deyil, gələcəkdə daha yaxşı hazırlaşmağın üçün bir siqnaldır. Həyatda bir çox insan böyük uğurlara gedən yolda çətinliklər yaşayır, amma toparlanıb yenidən irəliləyir.
Unutma ki, Bal səni müəyyənləşdirmir.Duyğularını qəbul et və üzərində işləyərək irəlilə. Səhvlərindən dərs al və yeni strategiya qur. Özünü daha yaxşı hiss etmək üçün həm psixoloji, həm fiziki qayğı göstər”.