Azedu.az

Psixoloqdan ÇAĞIRIŞ: “İmtahan nəticələri uşağınızın dəyərini müəyyən etmir”

Psixoloji xidmət

27 Fevral 2025, 14:15
Psixoloqdan ÇAĞIRIŞ: “İmtahan nəticələri uşağınızın dəyərini müəyyən etmir”

Bəzi valideynlər övladlarına  qəbul imtahanlarından yaxşı nəticə əldə edə bilmədikləri üçün "Get, özünü öldür!" kimi ağır sözlər deyirlər. Təəssüf ki, imtahanlardan sonra canına qəsd edən abituriyentlər də az deyil.

 

Maraqlıdır ki, imtahandan yaxşı nəticə əldə edə bilməyən abituriyentlər özlərini psixoloji baxımdan necə toparlamalıdır? Həmçinin bu dövrdə valideynlər övladlarına necə yanaşmalıdır? 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Nizami Orucov qeyd edib ki, uşağınız “yarış atı” deyil. İndinin və gələcəyin fərdi və şəxsiyyətidir:

155740

 

“Buraxılış imtahanını uğurla keçmək və ya universitetə qəbul olmaq günümüzdə bütün həyat boyunca qazanıla biləcək tək uğur kimi qiymətləndirilir. Hansı ki, bu, sağlam yanaşma deyil. Təhsil, savad önəmlidir. Amma bütün həyat bundan ibarət deyil.

 

Abituriyentlər çox zaman valideynləri tərəfindən təkcə tapşırıqları olan, tək problemi onları həll etmək olan fərd kimi görülür. Amma bir abituriyentin yaşını, olduğu mövcud psixoloji vəziyyətini, ailə mühitini də nəzərə alsaq, həmyaşıdları ilə özünümüqayisəsi də əlavə etsək, imtahan ilinin təkcə dərslərdən ibarət olmadığını anlamış olarıq”.

 

“Valideynlər bu dönəmdə uşaqlarına dəstək olmağa çalışmalıdırlar”,- deyə Nizami Orucov qeyd edib:

 

“Özünü necə hiss etməsi, gələcəklə bağlı planları necədir və.s kimi mövzularla bağlı uşaqlarının fikrini öyrənməyə çalışmalıdırlar. Ancaq bu şəkildə övladlarının nə hiss etdiyini, o an nəyə ehtiyacı olduğunu bilə bilərlər.

 

Eyni zamanda ana - atalar öz seçimlərini övladlarına təlqin etmək yerinə, övladlarının nə istədiyinə önəm verməlidirlər. Valideynlər qəbul olsa da, olmasa da, şərtsiz şəkildə övladlarını hər zaman sevəcəklərini, qərarı hər nə olursa, olsun ona dəstək olacaqlarını hiss etdirməlidirlər. Uşaqda şərtli sevgi, hörmət hissini yaratmaq, onun gələcəyinə birbaşa mənfi təsir edər".

 

"Ana və atalar övladlarının unikal olduğunu, nə olur olsun, ona dəstək olacaqlarını, övladlarını sadəcə özü olduğu üçün, o olduğu üçün sevdiklərini və sevəcəklərini hiss etdirməlidirlər",- deyə psixoloq deyib:

 

“Əziz valideynlər, unutmayın ki, uşağınız “yarış atı” deyil. İndinin və gələcəyin fərdi və şəxsiyyətidir. Buna görə övladınıza yanaşmağa çalışın”.

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox