Peşə təhsili alan şəxslərin gələcəkdə yüksək gəlir əldə etməsi üçün seçdikləri sahə olduqca vacibdir. Bu seçim həm əmək bazarının tələbləri, həm də seçilən ixtisasın inkişaf dinamikası ilə sıx bağlıdır. Azərbaycanda və dünyada elə peşələr var ki, həm hazırda, həm də gələcəkdə yüksək qazanc imkanları təqdim edir. Bu baxımdan, abituriyentlər üçün düzgün sahə seçimi onların karyera və maddi gələcəklərinə birbaşa təsir edir.
Peşə təhsil müəssisələrində təhsil almaq istəyən abituriyentlər gələcəkdə yüksək gəlir əldə etmək üçün hansı sahələri seçməlidirlər?
AzEdu.az-a mövzu ilə bağlı təhsil ekperti Rizvan Fikrətoğlu ilə həmsöhbət olub.
"Ümumiyyətlə, peşə təhsili alan şəxslərin gələcəkdə yüksək gəlir əldə etməsi üçün seçdikləri sahə çox vacibdir. Bu seçim həm əmək bazarının tələbləri, həm də ixtisasın dinamikası ilə bağlıdır.
Azərbaycanda və dünya təcrübəsində müəyyən peşələr var ki, həm hazırda, həm də gələcəkdə yüksək gəlir vəd edir. Məsələn, yüksək gəlir gətirən sahələrdən biri İT və proqramlaşdırmadır. Buraya veb proqramlaşdırma, şəbəkə inzibatçılığı və kibertəhlükəsizlik kimi sahələr daxildir. Bu sahələr üzrə peşə təhsili alanların orta aylıq gəliri təxminən 1200–1300 manat, bəzən isə daha yüksək ola bilər. Bundan əlavə, müstəqil çalışan proqramçılar, yəni frilanserlər, daha yüksək gəlir əldə edə bilirlər. Ümumiyyətlə, rəqəmsallaşma artdıqca bu sahələrə olan tələbat da artır.
Rəqəmsallaşma dövründə gəlirli sahələrə daxil olmaq bu sahələr üzrə peşə təhsili almaqla mümkündür. Daha sonra elektrik və avtomatika üzrə yüksək gəlirli peşələrə keçmək olar. Bu sahədə sənaye ilə bağlı məsələlər sənaye avtomatikası, avtomatlaşdırma və s. vacib yer tutur. Bu sahələr üzrə gəlir 1500-2500 manat arasında dəyişir, şəxsi fəaliyyətdə isə daha yüksək ola bilər. Ümumilikdə, sənayeləşmə və tikinti sektorunun genişlənməsi bu sahəyə olan ehtiyacı artırır.
Avtomobil diagnostikası və təmiri də gəlirli peşələr sırasındadır. Avtoservis sahəsində çalışan ustalar orta hesabla 1500-5000 manat civarında gəlir əldə edə bilirlər. Xüsusilə, fərdi sahələr üzrə ixtisaslaşmış ustalar daha çox qazanırlar. Avtomobillərin sayının artması, rəqəmsal diaqnostika və elektron sistemlərə keçid bu peşəyə marağı artırır.
Qaz qaynaqçılığı da yüksək gəlirli sahələrdən biridir. Sənayedə qaynaq texnologiyaları üzrə təhsil alan şəxslərin gəliri 1200-4000 manat arasında dəyişə bilər. Xüsusilə, neft-qaz sektorunda və beynəlxalq layihələrdə çalışan mütəxəssislər daha yüksək qazanc əldə edə bilirlər. Ümumiyyətlə, mühəndislik və sənaye layihələrində işləmək üçün bu sahədə qabiliyyət və bilik gəlirin artırılmasına şərait yaradır.
Bundan başqa, soyuducu, kondisioner və isitmə sistemləri üzrə çalışan ustalar yəni texniklər də yaxşı qazanc əldə edirlər. Bu sahədə gəlir təxminən 800-2500 manat arasında dəyişir. Çünki bütün mövsümlərdə bu xidmətlərə tələbat yüksəkdir.
Dizayn sahəsində də interyer və eksteryer dizayn, məsələn, 3D interyer vizuallaşdırma, mebel dizaynı və dekorativ sənətkarlıq yaxşı gəlir mümkündür. Bu sahələrdə gəlir 800-3000 manat arasında dəyişə bilər. Layihənin səviyyəsi və keyfiyyəti yüksək olduqda gəlir də artır. Estetikaya olan tələbin artması, yaradıcı yanaşma bu sahənin əhəmiyyətini artırır.
Amma daha aşağı gəlirli sahələr də mövcuddur. Məsələn, tikiş və dərzi sahəsində gəlir 300-700 manat, aşpaz köməkçisi 350-600 manat, satıcı və kassir isə 400-700 manat civarında qazanır.
Əgər məqsəd qısa zamanda yüksək gəlir əldə etməkdirsə, texniki və texnoloji peşələrə - yəni İT, avtomatika, qaynaqçılıq, avtomobil diaqnostikası sahələrinə yönəlmək daha sərfəlidir. Bu sahələrdə mükəmməl praktiki bacarıq və müştəri məmnuniyyəti yüksək gəlirin əsas açarıdır.
Xarici sertifikatlar və ya kurslar vasitəsilə bilik səviyyəsini artırmaq da bu sahələrdə rəqabət üstünlüyü yaradır".