Azedu.az

Süni intellekt bu peşələri əvəz edə bilməyəcək - SİYAHI

Xəbərlər

Universitetlər

15 Avqust 2025, 10:14
Süni intellekt bu peşələri əvəz edə bilməyəcək - SİYAHI

Süni intellekt bu gün artıq həyatımızın hər sahəsinə nüfuz edib və sürətlə inkişaf edir. Xüsusilə rutin, təkrarlanan və yüksək dəqiqlik tələb edən işlərdə insanı əvəz etməsi reallığa çevrilib. Amma burada mühüm bir məqam var: bütün peşələr eyni dərəcədə risk altında deyil.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli söyləyib. 

O qeyd edib ki, yaxın onilliklərdə müəllimlik, psixologiya, tibb, yaradıcı sənətlər, sosial xidmət, diplomatiya və strateji idarəetmə kimi ixtisaslar süni intellektin tam əvəz edə bilməyəcəyi sahələr sırasında qalacaq:

"Bəzi ixtisaslar var ki, onların mahiyyətində insanın sosial-emosional zəkanı, empatiya qabiliyyəti, yaradıcılığı, etik düşüncəsi və situasiyaya uyğun qərarvermə bacarığı dayanır. Məhz bu xüsusiyyətlər süni intellekt üçün hələlik tam mənimsənilməsi ən çətin sahələrdir.

Məsələn, təhsil sahəsini götürək. Müəllimlik təkcə bilik ötürmək deyil; burada şagirdin motivasiyasını artırmaq, onun psixoloji durumunu anlamaq, fərdi yanaşma göstərmək və sosial dəyərləri aşılamaq vacibdir. Süni intellekt dərs materialını təqdim edə bilər, hətta test nəticələrini qiymətləndirə bilər, amma bir müəllimin sinifdə yaratdığı emosional əlaqəni, şagirdə verdiyi mənəvi dəstəyi və motivasiyanı əvəzləməsi hələ mümkün deyil. Bu səbəbdən müəllimlik, xüsusi təhsil üzrə pedaqoqlar və məktəb psixoloqları gələcəkdə də yüksək tələbat görəcək ixtisaslar sırasında olacaq.

Tibb sahəsində də oxşar vəziyyət müşahidə olunur. Süni intellekt diaqnostika prosesində, analizlərin sürətli və dəqiq təhlilində böyük üstünlüklər verir. Lakin xəstənin həyatına toxunan, onunla emosional bağ quran və kritik anlarda ani qərarlar verən həkimlərin  xüsusilə cərrahların, təcili yardım həkimlərinin və intensiv terapiya mütəxəssislərinin işi hələ də insan faktoruna əsaslanır. Həkimin xəstənin üz ifadəsindən, səsinin tonundan və hətta susqunluğundan aldığı siqnallar, bəzən tibbi cihazların göstəricilərindən daha həlledici olur.

Psixologiya və psixoterapiya sahəsi də süni intellektin tam əvəz edə bilməyəcəyi peşələrdəndir. Burada söhbət yalnız elmi biliklərdən deyil, insan ruhunu duymaqdan, onun yaşadığı travmaları anlamaqdan və doğru zamanda uyğun sözləri tapmaqdan gedir. Bir psixoloqun otağında xəstənin keçirdiyi emosional dəyişimi, göz kontaktı və ya nəfəs ritmi ilə müşahidə etmək kimi incə nüansları texnologiya hələ ki, eyni dəqiqliklə əks etdirə bilmir.

Yaradıcı sənətlər sahəsi ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq da insanın mədəni kodlarına, fərdi təcrübəsinə və duyğularına bağlıdır. Süni intellekt əsər yaza, musiqi bəstələyə bilər, amma bu yaradıcı məhsulların tamamilə insan ruhunun dərinliklərindən gələn orijinallığa sahib olması hələ sual altındadır. Məsələn, bir rəssamın yaşadığı şəxsi həyat hadisəsinin fırça zərbələrinə yansıması və ya bir bəstəkarın duyğularını notlara köçürməsi, texnologiyanın alqoritmik yanaşmasından fərqli bir dərinlik daşıyır.

Eyni zamanda strateji idarəetmə, diplomatiya və yüksək səviyyəli liderlik də insanın əvəzolunmaz qalacağı sahələrdəndir. Burada söhbət yalnız analitik qərarlardan getmir, həm də mədəni və siyasi konteksti anlamaq, qarşı tərəfin gizli niyyətlərini hiss etmək, bəzən isə emosional reaksiya ilə qərar vermək bacarığından gedir. Süni intellekt məlumatları təhlil edə bilər, amma insan qarşısında sosial dinamikanı idarə etmək, inam yaratmaq və liderlik nüfuzu formalaşdırmaq yalnız insan təcrübəsi ilə mümkündür.

Gələcəyin peşə bazarında üstünlük, süni intellekti rəqib kimi deyil, əməkdaş kimi görən, texnologiyanı öz peşə fəaliyyətində alət olaraq istifadə edən, eyni zamanda insanın insani tərəflərini empatiyanı, yaradıcılığı, dəyərləri və etik düşüncəni qoruyan mütəxəssislərdə olacaq. Bu səbəbdən yaxın onilliklərdə müəllimlik, psixologiya, tibb, yaradıcı sənətlər, sosial xidmət, diplomatiya və strateji idarəetmə kimi ixtisaslar süni intellektin tam əvəz edə bilməyəcəyi sahələr sırasında qalacaq.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox