Abituriyentlərin ixtisas seçimi prosesi davam edir. Müşahidələrimizə əsasən deyə bilərik ki, əvvəllər valideynlər ixtisas seçimi zamanı övladlarının fikirlərini önəmsəmirdilər və bu səbəbdən onların arasında münaqişələr yaşanırdı. Bu isə gələcəkdə abituriyentlərin məcburən və istəmədən seçdikləri ixtisaslarda işləmək istəməmələrinə səbəb olurdu.
Maraqlısı odur ki, ötən illərdəki valideynlərin övladlarının ixtisas seçiminə yanaşması ilə indiki valideynlərin münasibəti arasında hansısa fərqlər müşahidə olunurmu?
Mövzu ilə bağlı AzEdu.az elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev ilə həmsöhbət olub.
Ekspert qeyd edib ki, valideynlər abituriyentlərlə razılaşır və ixtisas seçimi zamanı övladlarının fikirlərinə böyük üstünlük verirlər:
"Bu il ixtisas seçimi həm həyəcan, həm də gərginliklə müşayiət olunur. Bal toplamasından, yəni bal şkalasından asılı olmayaraq, bütün abituriyentlər və valideynlər narahatlıq içindədir. İstər 600-dən yuxarı bal toplayanlar, istərsə də 300-dən yuxarı bal toplayanlar hər biri istəyir ki, topladığı bala uyğun olaraq daha yaxşı ixtisasa qəbul olsun.
Eyni zamanda, ixtisasların gələcəkdəki perspektivləri və işlə təminatla bağlı çoxlu suallar yaranır. Ancaq bu il əvvəlki illərlə müqayisədə fərqli olaraq, artıq şagirdlər özləri müstəqil şəkildə demək olar ki, fikir yürüdürlər, daha sərbəstdirlər. Mən də ixtisas seçimi zamanı şagirdlərin fikirlərinə daha çox diqqət ayırır və onların istəklərinə uyğun ixtisaslaşmalarını dəstəkləyirəm".
Gənclərimiz müasir və daha perspektivli ixtisasları seçməyə meyillilik göstərirlər
"Təbii ki, burada valideynlərin çəkdiyi əziyyətin rolu çox böyükdür, danılmazdır. Onların istəyi odur ki, övladları gələcəkdə daha yaxşı iş tapa bilsinlər, daha yaxşı bir peşə sahibi olsunlar. Eyni zamanda bununla yanaşı, zamanın tələbinə uyğun olaraq, gənclərimiz müasir və daha perspektivli ixtisasları seçməyə meyillilik göstərirlər.
Bu məsələyə dair onu da söyləmək istəyirəm ki, artıq vəziyyət belə deyil. Çünki valideynlər artıq anlayırlar ki, övladları müasir dövrün gəncləridir onların düşüncə tərzləri, araşdırma qabiliyyətləri, həmçinin müxtəlif texnoloji alətlərdən istifadə etmə bacarıqları var. Yəni, buna görə də onların əlində olan o vasitələr artıq valideynlər tərəfindən də qəbul olunur və belə demək mümkündürsə, valideynlər abituriyentlərlə razılaşır və ixtisas seçimi zamanı övladlarının fikirlərinə böyük üstünlük verirlər. Fikrimcə,bu, əvvəlki illərlə müqayisədə çox fərqli bir yanaşmadır".