Azedu.az

Məktəbəqədər hazırlıq: Uşaqların adaptasiyasını asanlaşdıran ADDIMLAR

Xəbərlər

14 Avqust 2025, 16:23
Məktəbəqədər hazırlıq: Uşaqların adaptasiyasını asanlaşdıran ADDIMLAR

Bəzi uşaqlar var ki, onlar indiyə qədər bağçaya getməyiblər və bu il ilk dəfə məktəhazırlıq qruplarında təhsil almağa başlayacaqlar. Bu da onların valideynlərindən ilk ayrılığı olacaq.

Uşaqların bu ayrılıq prosesində çətinlik çəkməməsi üçün valideynlər öncədən nə etməlidirlər?

AzEdu.az-a mövzu ilə bağlı psixoloq Aydan Məmmədova danışıb. 

166033

Onun sözlərinə görə uşaq üçün ayrılıq təcrübəsi nə qədər təbii, təhlükəsiz və müsbət şəkildə təqdim olunarsa, onun uyğunlaşma prosesi də bir o qədər asan və uğurlu olar:

"Bəzi uşaqlar indiyə qədər bağçaya getmədikləri üçün məktəbəhazırlıq onlar üçün həm yeni mühitə, həm də valideyndən ilk ayrılış təcrübəsi olacaq. Bu proses bəzi uşaqlarda həyəcan, qorxu və narahatlıq yarada bilər. Valideynlər öncədən müəyyən addımlar ataraq övladlarını psixoloji cəhətdən bu dəyişikliyə hazırlaya bilərlər.

İlk növbədə, uşağa məktəbəhazırlığın necə bir yer olduğunu sadə və müsbət sözlərlə izah etmək vacibdir. Onlara yeni dostlar tapacağı, oyunlar oynayacağı və maraqlı fəaliyyətlərlə məşğul olacağı haqqında danışmaq, müsbət gözlənti yaratmaq lazımdır. Ayrılığın normal və keçici bir hal olduğunu izah etmək də önəmlidir. Uşaq bilməlidir ki, valideyni onu gətirəcək və dərsin sonunda yenidən götürəcək. Uşağı ayrılığa hazırlamaq üçün evdə qısa müddətli ayrılıqlar tətbiq oluna bilər. Əvvəlcə 10-15 dəqiqəlik, sonra yarım saatlıq ayrılıqlar edərək uşağın tədricən anasız və ya atasız da özünü güvəndə hiss etməsi təmin edilə bilər. Bu, onun adaptasiya bacarığını gücləndirir".

Ayrılıq anlarında valideyn və uşaq arasında  qısa qucaqlaşma, əl yelləmə və ya “görüşərik” kimi sadə bir vida sözü uşağa rahatlıq verə bilər

"Dərslər başlamadan əvvəl uşağın məktəbi və sinfi tanıması çox faydalıdır. Mümkün olduqda, valideyn övladı ilə birlikdə məktəbi ziyarət edib müəllimlə tanışdırmalı, sinif otağını və oyun meydançasını göstərməlidir. Tanış mühit uşağın qorxu hissini azaldır. Ayrılıq anlarında valideyn və uşaq arasında  qısa qucaqlaşma, əl yelləmə və ya “görüşərik” kimi sadə bir vida sözü uşağa rahatlıq verə bilər. Vidalaşmanı uzatmamaq, uşağın narahatlığını artırmamaq baxımından vacibdir. Valideyn uşağa daim güvən verən sözlər deməli, “Sən bunu bacaracaqsan” kimi motivasiyaedici ifadələrdən istifadə etməlidir. Öz narahatlığını uşağa yansıtmamaq, sakit və müsbət görünmək uşağın rahatlığı üçün çox önəmlidir".

Valideynin səbrli, anlayışlı və dəstəkləyici mövqeyi bu prosesin əsas açarıdır

"Valideyn müəllimlə sıx əməkdaşlıq etməli, uşağın ehtiyacları və davranışları barədə məlumat verməlidir. Əgər uşaq ayrılıqda çox çətinlik çəkirsə, ilk günlərdə məktəbdə qalma müddətini tədricən artırmaq daha uyğun olar.
Qısacası, uşaq üçün ayrılıq təcrübəsi nə qədər təbii, təhlükəsiz və müsbət şəkildə təqdim olunarsa, onun uyğunlaşma prosesi də bir o qədər asan və uğurlu olar. Valideynin səbrli, anlayışlı və dəstəkləyici mövqeyi bu prosesin əsas açarıdır".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox