Uşaqlarda aqressiv davranışların yaranmasına təkcə tərbiyə, sosial mühit və psixoloji amillər deyil, həm də qidalanma təsir göstərir.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, son illərdə aparılan elmi araşdırmalar sübut edir ki, bəzi qidalar uşaqların emosional sabitliyini poza, əsəbilik və səbirsizlik yarada bilər.
Beyin funksiyaları və davranışlar qəbul edilən vitamin, mineral, yağ turşusu və şəkərlə birbaşa əlaqəlidir. B qrupu vitaminləri, Omega-3 yağ turşuları və maqnezium beynin sakitləşdirici təsirə malik neyrotransmitterlər istehsal etməsinə kömək edir. Bu maddələrin çatışmazlığı uşaqlarda gərginlik və aqressiv reaksiyalara səbəb ola bilər.
Qazlı və şəkərli içkilər, fast food məhsulları, trans yağlar, süni rəngləndiricilər, konservantlar, çox duzlu və işlənmiş qidalar aqressiyanı artıran əsas məhsullar sırasındadır. Qanda şəkərin kəskin qalxıb-enməsi, trans yağların beyin hüceyrələrinə zərəri və süni əlavələrin sinir sisteminə mənfi təsiri uşaqlarda davranış dəyişikliklərinə gətirib çıxarır.
Bunun əksinə olaraq, balıq və dəniz məhsulları, təzə meyvə-tərəvəz, tam taxıllar, qoz, badam və fındıq kimi qidalar sinir sistemini gücləndirir, stress hormonlarının səviyyəsini azaldır və əhvalın sabit qalmasına kömək edir.
Pediatr və uşaq psixoloqları hesab edir ki, aqressiya problemi müşahidə edilən uşaqlarda ilk növbədə qidalanma vərdişlərinə diqqət yetirilməli, zərərli məhsullar menyudan çıxarılmalı və onların yerinə sağlam alternativlər əlavə edilməlidir. Bu dəyişikliklər uzun müddətdə uşaqların emosional vəziyyətinə və davranışına müsbət təsir göstərir.