Ötən günlərdə Sabirabadda cəmiyyətimizi narahat edən xoşagəlməz bir hadisə baş verdi. Söhbət azyaşlı uşağa qarşı etik çərçivəyə sığmayan hərəkətdən gedir. Məlumata görə, hadisəni törədən şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Belə hallara görə xüsusilə azyaşlılara qarşı törədilən qeyri-etik və qanunazidd əməllərə qarşı Azərbaycan qanunvericiliyinin yanaşması necədir? Ümumiyyətlə, bu kimi ağır hadisələrin qarşısını almaq və digər insanlara görk olmaq məqsədilə cəzaların daha sərt və təsirli formada tətbiqi zərurətə çevrilmirmi?
AzEdu.az-a mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Babək Umudov danışıb.
O qeyd edib ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi azyaşlılara qarşı edilən bu cür əxlaqsız cinayət əməllərinə görə kifayət qədər sərt cəza tədbirləri nəzərdə tutmur.
"Cinayət əməlinin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hallardan biridir. Cinayət Məcəlləmizin 152-ci maddəsinə əsasən, 14-16 yaşlı (16 yaşına çatmayan) şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər 12-14 yaşlı (14 yaşına çatmayan) şəxs barəsində törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Azadlıqdan məhrumetmə nə təqsirkarı çəkindirir, nə də azyaşlının ömürlük travmasına adekvat tədbir deyil
"Cinayət Məcəlləsinin 153-cü maddəsinə görə, 16 yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hesab edirəm ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi azyaşlılara qarşı edilən bu cür əxlaqsız cinayət əməllərinə görə kifayət qədər sərt cəza tədbirləri nəzərdə tutmur. Belə ki, yuxarıda göstərilən müddətlərdə azadlıqdan məhrum etmə təqsirkarın əməllərdən çəkindirilməsini tam təmin edə bilmədiyi kimi, azyaşlının yaşadığı və bir ömür onunla qalacaq travmaların qarşılığında adekvat tədbirlər deyil".