Son günlər gündəmi zəbt edən mövzulardan biri Sabiradabadda baş vermiş cinsi istismar məsələsidir. Bu hadisənin ətrafında övladlarımızın cinsi tərbiyə barədə məlumatsız olması reallığı ilə üzləşirik.
Psixoloq Aytən Ələkbərova AzEdu.az-a verdiyi açıqlamada bildirir ki, bu iyrənc hadisə hər bir insanda informativ stress yaradıb:
"Müraciət edən insanların içərisində mən o videoya baxarkən hönkürtü ilə ağlayan insanları da gördüm. Şərhlərdə "mənim uşağım da qonşuya gedir", "babasıyla qaldığı vaxtlar olur" və s. kimi fikirlər də müşahidə etdim".
Bu kimi hadisələr insanlarda şübhə yaradır
"Artıq insanlarda yaranan bu şübhələr nevrozun ilkin növləridir. Vaxtında psixoloq və psixiatrlar, nevroloqlar tərəfindən müdaxilə olmasa, təbiidir ki, bu, gələcəkdə psixiatrik düşüncə pozğunluğuna gətirib çıxaracaq. Məhz bu görüntüləri izlədikdən sonra yaranan informativ stress artıq öz möhrünü vurdu.
Öyrənmənin ən elementar forması hesab olunan imprintinq doğulduğu gündən uşağın reflektor öyrənmə qabiliyyəti ilə birgə baş verir. Yəni uşaq buna əməli surətdə hazır olur və biz bu hallarda bunu müşahidə edə bilirik.
3 yaşın sonlarına yaxın uşaqlarda yeni fəaliyyət növləri inkişaf edir. Maraqlar, meyllər və ətraf mühitlə tanışlıq bu mərhələdə güclənir. Bu dövrdə uşaq ətrafda nə varsa, hamısına maraq göstərir. O, sualları ilə böyükləri bezdirə bilər, bəzən böyüklər belə suallar qarşısında aciz qalırlar.
Uşaq böyüdükcə onun nitqi dəqiqləşir, söz ehtiyatı artır, sözlər əşyalarla uyğunlaşmağa başlayır və artıq bir neçə sözlü sadə cümlələrlə danışmağa başlayır. Bu dövrdə valideynlər övladlarına onların bədən üzvləri və erogen zonalarına toxunulmazlıq haqqında asta-asta məlumat verməlidirlər. Onun öz bədəni ilə bağlı dəyər hissi formalaşmalıdır.
İlk günlərdən etibarən baş verən “imprinting” prosesi, uşağın təməl həqiqələri öyrənməyə hazır olduğunu göstərir. Ola bilər ki, “o yaşda uşaq nə anlayacaq?” deyə düşünəsiniz, amma əgər uşaq instinktiv şəkildə reaksiya verirsə, deməli, ona nəsə izah etmək də mümkündür".
Psixoloqa getmək şərtdir
"Bu, çox geniş mövzudur. Bir yaş psixologiyası dövrü körpənin psixi inkişaf mərhələsidir. Bu dövrdə valideynlər çox diqqətli olmalı, düzgün yanaşmalıdırlar.
Valideynlər bu mərhələ ilə bağlı mütləq biliklərə sahib olmalıdırlar. Əks halda, bugünkü səhvlər gələcəkdə Sabirabaddakı məlum şəxs tipli insanların yetişməsinə zəmin yaradacaq. Psixoloqa getməkdən çəkinməyin. “İki yaşında uşaq üçün psixoloqa niyə gedim?” sualı çox səslənir, amma 1-3 yaş aralığı uşağın nitq inkişafı, ilkin dil bacarıqları və ümumiyyətlə, həyatın mühüm psixoloji mərhələlərini əhatə edir. Bu yaşda atılan düzgün addımlar gələcək üçün çox mühüm rol oynayır.
Bu fəsadların dərinliyini, bizə müraciət edən valideynlərin təcrübələrindən çıxış edərək sizinlə bölüşürük".